• çərşənbə axşamı, 19 mart, 10:37
  • Baku Bakı 8°C

Gürcüstan və İran Fars körfəzi ilə Qara dənizi birləşdirən nəqliyyat dəhlizi yaradır

26.04.17 10:00 1052
Gürcüstan və İran Fars körfəzi ilə Qara dənizi birləşdirən nəqliyyat dəhlizi yaradır
İran və Gürcüstanın son həftələr ərzində intensivləşən əlaqələri Tehranda iki ölkə arasında bir sıra sazişlərin imzalanması ilə nəticələnib. Ən önəmli razılaşmalar Fars körfəzi istiqamətində nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və enerji əməkdaşlığını əhatə edib. Gürcü nümayəndə heyətini səfərdə baş nazir Georgi Kvirikaşvili təmsil edib.
Xatırladaq ki, bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə səfərdə olub və iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes forum keçirilib. Ticarət əlaqələrini inkişaf etdirmək barədə razılıq əldə edən tərəflər, eləcə də kənd təsərrüfatı və infrastruktur sahəsində layihələrin reallaşdırılması barədə sazişlərə imza atıblar. İran mallarının Gürcüstan ərazisi ilə Avropaya nəqli də müzakirə mövzusu olub. Tbilisidə qərara alınmışdı ki, Tehranda bütün bu məsələlər konkret sazişlərlə möhkəmləndiriləcək. Lakin bunu reallaşdırmaq mümkün olmayıb. İranın birinci vitse-prezidenti İshak Cahangiri diqqəti daha çox iki ölkə arasında iqtisadi əməkdaşlığın potensialına yönəldib. İran tərəfi qazın ixracında, eləcə də, Fars körfəzindən Qara dənizə nəqliyyat dəhlizi ideyasının inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. "Əvvəlki görüşlərdə biz müəyyən qərarlar qəbul etmişik. İndi də onların yerinə yetirilməsi prosesi barədə xəbərlərə qulaq asdıq. Onlardan ən əhəmiyyətlisi Fars körfəzi – Qara dəniz nəqliyyat dəhlizidir. Bu dəhlizin başlanğıcı İran-Azərbaycan-Gürcüstanın Qara dəniz sahili və yaxud İran-Ermənistan- Qara dəniz sahilidir”, - deyə İran rəsmisi bildirib.
Gürcü baş nazir də onunla razılaşıb. İqtisadi məsələlər üzrə gürcü eksperti Qiya Xyxaşvili bildirir ki, iki ölkə arasında münasibətlər hər zaman maraqlı olub: "Gürcüstanın geosiyasi funksiyası Şərq-Qərb nəqliyyat oxu üzrə imkanlardan ibarətdir. Və bu planda İranla münasibətlərin aktivləşməsi perspektivli ola bilər”. Onun sözlərinə görə, Gürcüstan İranla dostluğunun Qərblə tərəfdaşlıq məsələsində necə tənzimləyəcəyi sual doğurur. Ən əsası, Vaşinqtonun Tbilisiyə münasibətinin necə olacağıdır. WikiLeaks də vaxtilə bu məsələyə toxunmuş və yazmışdı ki, ABŞ İranla Gürcüstan arasında hərtərəfli münasibətlərin olmasında maraqlı deyil. Ekspert onu da bildirir ki, İranın qazın nəqli barədə təklifləri necə reallaşdıracağı da aydın deyil. "Bu məsələnin üç aspekti var. İqtisadi aspekt ondan ibarətdir ki, İran qazı Azərbaycan qazından ucuzdur. Texniki aspekt isə odur ki, İrandan Gürcüstana qazın nəqli üçün infrastruktur mövcud deyil. Onun nəqli isə vaxt və xeyli və investisiya tələb edir. Üçüncü aspekt isə siyasətdir. Biz nə istədiyimizi və hara hərəkət etdiyimizi seçməliyik. Əgər sabah İran sanksiyalarla üzləşəcəksə, biz onda nə edəcəyik? Prinsip etibarilə İran sanksiyalar altındadır. Bu sanksiyalar güclənə də bilər. ABŞ-ın son bəyanatları da bu ehtimalı gücləndirir. Bu səbəbdən də bizim hakimiyyətin İran xətti üzrə belə aktivləşməsi başadüşülən deyil”, - deyə ekspert vurğulayıb.
Yeri gəlmişkən, gürcü baş nazir Tehranda ölkəsinin əlverişli biznes mühiti barədə danışmağa da üstünlük verib. Və İranı Avropa ölkələri ilə azad ticarət etmək üçün Gürcüstandan yararlanmağa çağırıb. "Biz özəl sektorla bağlı bütün maneələri aradan qaldırmağa hazırıq”,- deyə baş nazir bildirib. Əməkdaşlıq üçün ikinci istiqamət turizmdir. Bu sahə üzrə inkişaf olsa da, problemlər var. İran tərəfi gürcü sərhədçilərinin həddən artıq sərt qaydalar və normalar tətbiq etməsindən narazıdır. Onların qənaətincə, bu, turist axınına ciddi maneə yaradır. Gürcü sərhədçiləri iranlı qadınlardan pasport yoxlaması zamanı üzlərini tam şəkildə göstərməyi tələb edirlər. Tehran hesab edir ki, belə hal Gürcüstana turist axınını zəiflədir. Baş nazir də bu məsələni həll edəcəyini vəd edib. Tbilisinin bu məsələni necə həll edəcəyi isə aydın deyil. Lakin güman ki, Gürcüstan regionun digər dövlətlərinin praktikasından yararlanmağa çalışacaq.
Azər
banner

Oxşar Xəbərlər