• cümə, 19 Aprel, 23:39
  • Baku Bakı 24°C

Gürcüstan üçün Moldova ssenarisi

19.06.19 17:54 588
Gürcüstan üçün Moldova ssenarisi
Gürcüstan hakimiyyəti cəmiyyəti şoka salacaq bir istefa qərarını reallaşdırıb. Ölkənin ən reytinqli və nüfuzlu naziri hesab edilən səhiyyə, əmək və sosial müdafiə naziri David Sergeyenko vəzifəsindən azad edilib. "Gürcü arzusu”nun ən uğurlu və nüfuzlu naziri kimi qələmə verilən bu şəxs yeddi il idi ki, bu postu tuturdu. Gözlənilmədən mənfi qiymət alan nazirin istefaya göndərilməsi xəbəri hakimiyyət kuluarlarında ən çox müzakirə olunan məsələyə çevrilib. İstefanın rəsmi səbəbinə ali səviyyədə hər hansı bir reaksiya yoxdur. Lakin müxalifət əmindir ki, populyar nazir klanlararası mübarizənin qurbanı olub. Bunun ardınca yeni qalmaqallı istefaların baş verəcəyi gözlənilir. Məlumat üçün bildirək ki, David Sergeyenko bir vaxtlar oliqarx, "Gürcü arzusu”nun lideri Bizdina İvanişvilinin şəxsi həkimi olub. 2012-ci ildə "Gürcü arzsusu”nun parlament seçkilərində qələbəsindən və ardınca da hakimiyyət dəyişikliyindən sonra nazir vəzifəsinə təyin edilib. İndiyə qədər öz postunu qoruyub saxlayan yeganə şəxsdir. "Uzunömürlü” nazir həmkarları arasında hörmət və nüfuza malik olan şəxs olub. Səbəb də səhiyyədə yaxşı tibbi servisin, keyfiyyətin artırılması və nəhayət şəxsi keyfiyyətləri, eləcə də, həyata keçirdiyi uğurlu kadr islahatlarıdır. Sadə, insani keyfiyyətləri il də seçilib. Onunla bağlı maraqlı bir əhvalat da var. Bir dəfə maşını ilə yol gedəndə küçədə huşunu itirən bomju görüb və ona ilk yardımı göstərib. Daha sonra isə təcili tibbi yardım maşının gəlməsini gözləyib. Yalnız həmin şəxsin həyatına təhlükə olmadığına əmin olduqdan sonra yoluna davam edib. Gürcüstanda ən böyük büdcəyə malik bu nazirlik uzun müddət ən uğurlu qurum kimi qeyd olunub. Və indi də belə bir qəribə vəziyyət yaranıb. Etibarlı mənbələrin "Nezavizimaya qazeta”ya verdikləri məlumata görə, tibb sahəsi bütövlükdə dövlət büdcəsindən maliyyələşir. Mənbənin qənaətincə, bu səbəbdən də problemlərin olması adi haldır. Və belə bir spesifika tək Gürcüstanda deyil, dünyanın bir çox sosial cəhətdən inkişaf etmiş ölkələrində baş verir. Versiyalar içərisində başqa bir maraqlı məlumat da var. Bildirilir ki, uğursuzluq dərman təchizatı ilə bağlı baş verə bilər. Hakimiyyətin qəfil qiymət artımının qarşısını almaqda aciz olduğu vurğulanır. Müxalifət və qeyri-hökumət təşkilatları isə öz növbəsində aptek şəbəkələrində ölkədə istehsal olunan lakin Gürcüstanda istifadə üçün nəzərdə tutulmayan dərmanlar aşkarladığını üzə çıxardığını bəyan edib. Belə ki, aşkar edilən dərman qutularının üzərində bir yerdə olsun belə gürcü dilində yazı olmayıb. Ola bilsin ki, bu, tibb preparatlarının çıxarılmasının səbəbi qiymət artımıdır. Lakin ictimaiyyətin müdaxiləsi ilə həmin maxinasiyanın üstü açılıb.
Yeri gəlmişkən, David Sergeyenko da bir neçə gün ərzində istefaya göndərilməsinin səbəbləri ilə bağlı ona ünvanlanan suallara cavab verməkdən qaçıb. Verdiyi cavab isə yalnız bu olub ki, bu qərar baş nazirin səlahiyyətinə aiddir. Yalnız dünən belə bir bəyanat verib ki, uzun zaman fikirləşdikdən sonra öz postundan getmək qərarına gəlib. "İstefam uzun sürən məsləhətləşmələrdən sonra oldu. Mən "Gürcü arzusu”nda qalıram. Çünki bu komanda sıravi bir həkim üçün ən əziz dəyərlərin daşıyıcısıdır. Beləliklə, mən heç yerə getmirəm və komandada qalıram”, - deyə jurnalistlərlə bildirib. Əlavə edib ki, yaxın günlərdə baş nazir Mamuka Baxtadze bu məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış edəcək. Artıq Sergeyenkonu bu postda əvəzləyəcək şəxs də bəllidir. Bu, Gürcüstanın qərbindəki Saçxere şəhərindəki klinikanın (həmin klinikaya vaxtilə Sergeyenko rəhbərlik edib) rəhbəri Yekaterina Tikaridzedir. Xatırladaq ki, Bidzina İvanişvili də həmin rayondandır. Bildirilir ki, təyinat onun razılığı ilə baş tutub. "Apsny.ge” yazır ki, İvanişvili şəxsi həkimini şəxsi stomatoloqu ilə əvəzləyib. Artıq baş nazir onu mediaya təqdim edib. Yeni nazir bəyan edib ki, rəhbərlik edəcəyi qurumda islahatların yeni mərhələsi başlayır. Bəzi məlumatlara görə, Sergeyenko Baxtadzenin müşaviri olacaq.
Müxalifət isə maraqlı bir versiya irəli sürüb. Onlar hesab edirlər ki, Sergeyenko Tbilisi meri Kaxa Kaladze kimi yüksək reytinqə malikdir. Sonuncunun reytinqi İvanişvilinin reytinqini iki dəfə üstələyir. Məhz bu səbəbdən də Kaladze İvanişvilinin qəzəbinə tuş gəlib. Medianın məlumatına görə, boz kardinal ölkədə onun nüfuzunu keçəcək heç kimi qəbul etmir. Kaladzenin öhdəsindən gələ bilmir, səbəb də odur ki, mer vəzifəsi seçkilidir. Bu səbəbdən də sonda özünün çoxillik favoriti Sergeyenkonun üzərində dayanmalı olub.
Müxalifət, əsas etibarilə də keçmiş iqtidar partiyası – "Vahid Milli Hərəkat” Gürcüstan və Moldova arasında paralellər aparıb. Məlum olduğu kimi, Moldovada müxtəlif siyasi baxışlı partiyalar on ildən artıqdır ki, ölkəni idarə dən oliqarx Vladimir Plaxotnyuku hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə birləşdilər. "Vahid Milli Hərəkat” da Qərb tərəfdaşları onlardan israrla Moldova ssenarisinə nəzər salmağı və onu gürcü reallığına uyğunlaşdırmağı məsləhət görürlər. Onların qənaətincə, B.İvanişvili də 2020-ci ildə parlamentə azad, demokratik seçkilərin keçirilməsinə yol vermək niyyətində deyil. Öz növbəsində "Vahid Milli Hərəkat”ın liderlərindən olan Tina Bokuçava bildirib ki, "Sergeyenkonun istefaya göndərilməsinə səbəb korrupsiya və nepotizm (qohumbazlıq, yerlibazlıq) dir. Öz stomatoloqunu nazir təyin etməsi onu göstərir ki, İvanişvili dövlətə dövlət kimi deyil, öz şəxsi layihəsi kimi baxır”.
Yeri gəlmişkən, Gürcüstan hakimiyyəti başqa bir qalmaqalla üzləşib. ABŞ Dövlət Departamenti və "Amnesty International” (AI) hüquq-müdafiə təşkilatı Tbilisidən "LGBT fəallarının bu həftə keçirilən "Tbilisi paradı” iştirakçılarının təhlükəsizliyini təmin etməyi tələb edib. Aİ iyunun 18-də yaydığı bəyanatındabildirir ki, "homofobik qruplar daxil olmaqla bəzilərinin səsləndirdiyi görünməmiş zorakılıq təhdidləri” səbəbindən ehtiyat tədbirləri görülməlidir. "Amnesty” tədbiri izləməyə beynəlxalq monitorinq missiyası göndərəcəyini bildirib. Dövlət Departamentinin bəyanatına görə, "Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinə cinsi oriyentasiyası və gender mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarını qorumaq çağırışlarını davam etdirir”.
Xatırladaq ki, Gürcüstanda iyunun 18-dən 23-dək ilk dəfə Tbilisi Paradı həftəsi keçirilir. Bura cinsi azlıqların da qoşulacağı gözlənilir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər