Gürcüstan teletəbliğatdan narahatdır
Gürcüstan Ukrayna və Moldovanın ardınca öz ərazisində yayımlanan
Rusiya kütləvi informasiya vasitələrinə qarşı siyasətini sərtləşdirə bilər.
Belə bir ehtimal prezident Georgi Marqvelaşvili "Milli təhlükəsizliyin
davamlılığı” mövzusunda keçirilən strateji diskussiyalarda səsələndirib. Qoridə
keçirilən tədbirdə çıxışını işğal olunmuş ərazilər problemi ilə başlayan dövlət
başçısı xatırladıb ki, Ukraynada Rusiyaya məxsus bütün kütləvi informasiya
vasitələri qadağan olunub, Moldovada isə analoji qanun fevralın 12-dən qüvvəyə
minir. Tədbirin Qoridə keçirilməsi də təsadüfi deyil. Bu şəhər işğal altında
olan Cənubi Osetiya ilə sərhədin bir neçə kilometrliyində yerləşir. "Nə üçün
tanınmamış respublika ərazisində yerləşən Rusiya qoşunları sərhəd xətlərini
günbəgün uzadırlar. Bununla məqsəd bizləri sındırmaq və mövcud vəziyyətə
alışdırmaqdır”, - deyə prezident vurğulayıb. Prezidentin sözlərinə görə,
Gürcüstanın əsas problemi ərazilərinin işğalıdır. "Tbilisinin nəzarəti altında
olmayan ərazilərdə törədilən cinayətlər, insanların oğurlanması – bütün bunlar
bizim davamlı siyasət yürütməyimizə qarşıdır. Məqsəd odur ki, biz vəziyyətdən
çıxış yolu tapa bilmədiyimizi anlayaq və danışıqlara gedək”, - deyə o qeyd edib.
Əlavə edib ki, bu siyasətin beyinlərə həkk olunmasında, müvafiq atmosferin
formalaşmasında Rusiya təbliğatı mühüm rol oynayır. Onun sözlərinə görə, düzdür,
Gürcüstanda Rusiya təbliğatı əhəmiyyətli nəticələr əldə edə bilməyib. "Bizim
müstəqilliyimizin ilk günlərində ölkənin maraqlarına cavab verən hakimiyyətimiz
olmayıb. Həmin hakimiyyət Avropa və avroatlantik inteqrasiyaya can atmırdı” -
deyən prezident qeyd edib ki, "məhz bu səbəbdən Rusiya təbliğatı aktivdir.
Lakin cəmiyyət bunun öhdəsindən uğurla gəlir, bu işdə bizim kütləvi informasiya
vasitələrinin böyük rolu var”.
Lakin Birləşmiş Ştatların Milli Demokratiya İnstitutunun (NDI)
keçirdiyi sorğunun nəticələri bunun əksini deməyə əsas verir. Yəni, Gürcüstanda
Rusiya təbliğatı elə də effektsiz deyil. Məsələn, ötən ilin iyun ayında
Gürcüstanın Avrasiya İqtisadi İttifaqına üzv qəbul olunmasını istəyənlərin sayı
22 faiz idisə, ilin sonuna kimi bu rəqəm 29 faizə yüksəlib. NDI-nin keçirdiyi
sorğunun nəticələrinə görə, 41 faiz respondent hesab edir ki, Rusiya Birləşmiş
Ştatları hərbi qüdrətinə görə üstələyir. Son ildə ilk dəfədir ki, ərazi
bütövlüyünün bərpası məsələsi gürcü cəmiyyətinin ən çox narahat edən beş məsələ
sırasında olmayıb. Bu məsələ altıncı yerdə qərarlaşıb. Buna baxmayaraq,
respondentlərin 53 faizi Gürcüstanda Rusiya təbliğatının güclü olduğunu hiss
etmir. ABŞ və Avropa təbliğatının güclü olduğunu düşünənlər isə müvafiq olaraq
28, 29 faizdir. Belə qənaətə gəlmək olar ki, ictimai rəy Qərbin xeyrinə dəyişmir.
Bununla yanaşı, ölkənin NATO və Avropa İttifaqına üzv qəbul olunmasını
istəyənlərin sayı 2 faiz artıb. Rusiya telekanallarının Gürcüstanda qadağan
olunacağına inananlar azdır. İlk dəfə belə hal Mixail Saakaşvilinin prezidentliyi
dövründə Rusiya ilə yaşanan hərbi əməliyyatların gedişində olmuşdu. 2008-ci
ildə yaşanan bu addımdan sonra özək kabel şirkətlərindən Rusiya telekanallarını
siyahılarından silməyi tələb etdilər. Rusiya yazılı mediasının da ölkə
ərazisində yayımı qadağan edildi. O zaman baş nazirin müavini, münaqişələrin
nizamlanması üzrə dövlət naziri Temur Yakobaşvili bunu indi belə şərh edir ki,
"Rusiya Gürcüstanla müharibə vəziyyətindir. Dünyada heç bir ölkə müharibə
vəziyyətində olduğu ölkənin təbliğatını öz ərazisinə buraxmaz”. O zaman bu sərt
qərarların ardınca restoranlarda, ictimai nəqliyyat və taksilərdə rus dilində
mahnıların səslənməsi də qadağan olundu. "Gürcü arzusu”nun hakimiyyətə gəlişi
ilə Moskva ilə Tbilisi arasında münasibətlərdə bir yaxınlıq hiss olunmağa
başladı. Provayderlərin təqdim etdikləri paketlərin içində Rusiya
telekanallarına da rast gəlinməyə başladı. Hətta onların arasında siyasi və
hərbi xarakterli kanallara da rast gəlmək mümkündür. Adının çəkilməsini
istəməyən gürcü parlamentinin deputatı bildirib ki, əgər prezident yeni qadağa
barədə təşəbbüslə çıxış etsə belə, bu məsələ ali qanunverici orqanda çətin ki,
dəstək tapsın. "Məsələ onda deyil ki, Rusiyanın siyasi kanalları Gürcüstan üçün
zəruridir, sadəcə, bunu zorla etmək mənasızdır. Kim buna baxmaq istəyirsə,
internet vasitəsilə baxacaq, peyk antenaları quraşdıracaq”.
Gürcü deputat prezidentin sözlərində qəti şəkildə Rusiya
telekanallarının qadağan olunması məsələsinin əks olunmadığını da bildirib. O
əlavə edib ki, bütün bunlar bu ilin sonlarına nəzərdə tutulan prezident
seçkiləri ilə bağlıdır. "Seçkiqabağı dövrdə antirusiya ritorikanın artması
gözlənilsə də, sərt forma almayacaq”, - deyə deputat bildirib.
Azər