• çərşənbə axşamı, 16 aprel, 23:39
  • Baku Bakı 18°C

Gürcüstan teletəbliğatdan narahatdır

09.02.18 10:00 694
Gürcüstan teletəbliğatdan narahatdır
Gürcüstan Ukrayna və Moldovanın ardınca öz ərazisində yayımlanan Rusiya kütləvi informasiya vasitələrinə qarşı siyasətini sərtləşdirə bilər. Belə bir ehtimal prezident Georgi Marqvelaşvili "Milli təhlükəsizliyin davamlılığı” mövzusunda keçirilən strateji diskussiyalarda səsələndirib. Qoridə keçirilən tədbirdə çıxışını işğal olunmuş ərazilər problemi ilə başlayan dövlət başçısı xatırladıb ki, Ukraynada Rusiyaya məxsus bütün kütləvi informasiya vasitələri qadağan olunub, Moldovada isə analoji qanun fevralın 12-dən qüvvəyə minir. Tədbirin Qoridə keçirilməsi də təsadüfi deyil. Bu şəhər işğal altında olan Cənubi Osetiya ilə sərhədin bir neçə kilometrliyində yerləşir. "Nə üçün tanınmamış respublika ərazisində yerləşən Rusiya qoşunları sərhəd xətlərini günbəgün uzadırlar. Bununla məqsəd bizləri sındırmaq və mövcud vəziyyətə alışdırmaqdır”, - deyə prezident vurğulayıb. Prezidentin sözlərinə görə, Gürcüstanın əsas problemi ərazilərinin işğalıdır. "Tbilisinin nəzarəti altında olmayan ərazilərdə törədilən cinayətlər, insanların oğurlanması – bütün bunlar bizim davamlı siyasət yürütməyimizə qarşıdır. Məqsəd odur ki, biz vəziyyətdən çıxış yolu tapa bilmədiyimizi anlayaq və danışıqlara gedək”, - deyə o qeyd edib. Əlavə edib ki, bu siyasətin beyinlərə həkk olunmasında, müvafiq atmosferin formalaşmasında Rusiya təbliğatı mühüm rol oynayır. Onun sözlərinə görə, düzdür, Gürcüstanda Rusiya təbliğatı əhəmiyyətli nəticələr əldə edə bilməyib. "Bizim müstəqilliyimizin ilk günlərində ölkənin maraqlarına cavab verən hakimiyyətimiz olmayıb. Həmin hakimiyyət Avropa və avroatlantik inteqrasiyaya can atmırdı” - deyən prezident qeyd edib ki, "məhz bu səbəbdən Rusiya təbliğatı aktivdir. Lakin cəmiyyət bunun öhdəsindən uğurla gəlir, bu işdə bizim kütləvi informasiya vasitələrinin böyük rolu var”.
Lakin Birləşmiş Ştatların Milli Demokratiya İnstitutunun (NDI) keçirdiyi sorğunun nəticələri bunun əksini deməyə əsas verir. Yəni, Gürcüstanda Rusiya təbliğatı elə də effektsiz deyil. Məsələn, ötən ilin iyun ayında Gürcüstanın Avrasiya İqtisadi İttifaqına üzv qəbul olunmasını istəyənlərin sayı 22 faiz idisə, ilin sonuna kimi bu rəqəm 29 faizə yüksəlib. NDI-nin keçirdiyi sorğunun nəticələrinə görə, 41 faiz respondent hesab edir ki, Rusiya Birləşmiş Ştatları hərbi qüdrətinə görə üstələyir. Son ildə ilk dəfədir ki, ərazi bütövlüyünün bərpası məsələsi gürcü cəmiyyətinin ən çox narahat edən beş məsələ sırasında olmayıb. Bu məsələ altıncı yerdə qərarlaşıb. Buna baxmayaraq, respondentlərin 53 faizi Gürcüstanda Rusiya təbliğatının güclü olduğunu hiss etmir. ABŞ və Avropa təbliğatının güclü olduğunu düşünənlər isə müvafiq olaraq 28, 29 faizdir. Belə qənaətə gəlmək olar ki, ictimai rəy Qərbin xeyrinə dəyişmir. Bununla yanaşı, ölkənin NATO və Avropa İttifaqına üzv qəbul olunmasını istəyənlərin sayı 2 faiz artıb. Rusiya telekanallarının Gürcüstanda qadağan olunacağına inananlar azdır. İlk dəfə belə hal Mixail Saakaşvilinin prezidentliyi dövründə Rusiya ilə yaşanan hərbi əməliyyatların gedişində olmuşdu. 2008-ci ildə yaşanan bu addımdan sonra özək kabel şirkətlərindən Rusiya telekanallarını siyahılarından silməyi tələb etdilər. Rusiya yazılı mediasının da ölkə ərazisində yayımı qadağan edildi. O zaman baş nazirin müavini, münaqişələrin nizamlanması üzrə dövlət naziri Temur Yakobaşvili bunu indi belə şərh edir ki, "Rusiya Gürcüstanla müharibə vəziyyətindir. Dünyada heç bir ölkə müharibə vəziyyətində olduğu ölkənin təbliğatını öz ərazisinə buraxmaz”. O zaman bu sərt qərarların ardınca restoranlarda, ictimai nəqliyyat və taksilərdə rus dilində mahnıların səslənməsi də qadağan olundu. "Gürcü arzusu”nun hakimiyyətə gəlişi ilə Moskva ilə Tbilisi arasında münasibətlərdə bir yaxınlıq hiss olunmağa başladı. Provayderlərin təqdim etdikləri paketlərin içində Rusiya telekanallarına da rast gəlinməyə başladı. Hətta onların arasında siyasi və hərbi xarakterli kanallara da rast gəlmək mümkündür. Adının çəkilməsini istəməyən gürcü parlamentinin deputatı bildirib ki, əgər prezident yeni qadağa barədə təşəbbüslə çıxış etsə belə, bu məsələ ali qanunverici orqanda çətin ki, dəstək tapsın. "Məsələ onda deyil ki, Rusiyanın siyasi kanalları Gürcüstan üçün zəruridir, sadəcə, bunu zorla etmək mənasızdır. Kim buna baxmaq istəyirsə, internet vasitəsilə baxacaq, peyk antenaları quraşdıracaq”.
Gürcü deputat prezidentin sözlərində qəti şəkildə Rusiya telekanallarının qadağan olunması məsələsinin əks olunmadığını da bildirib. O əlavə edib ki, bütün bunlar bu ilin sonlarına nəzərdə tutulan prezident seçkiləri ilə bağlıdır. "Seçkiqabağı dövrdə antirusiya ritorikanın artması gözlənilsə də, sərt forma almayacaq”, - deyə deputat bildirib.
Azər
banner

Oxşar Xəbərlər