• cümə, 19 Aprel, 23:00
  • Baku Bakı 24°C

Gürcüstan tarixi seçim qarşısında

08.10.16 10:10 1692
Gürcüstan tarixi seçim qarşısında
Oktyabrın 8-də Gürcüstan öz tarixinin ən önəmli günlərindən birini yaşamalı olacaq. Ölkədə parlament seçkiləri keçiriləcək.150 nəfərlik parlamentə 77 deputat partiya siyahıları üzrə, 73 deputat isə birmandatlı dairələrdən seçiləcək.Deputat mandatları uğrunda 25 partiya və seçki bloku mübarizə aparır. Birmandatlı dairələrdə isə 800 namizəd yarışır.Daha çox səs toplayan partiya və blok hökuməti formalaşdırmaq hüququ əldə edəcək.Seçkilərdə əsas rəqiblər hakim partiya "Gürcü arzusu” və müxalifət partiyası "Vahid Milli Hərəkat” hesab olunur. Seçkilərə bir neçə gün qalmış ölkədə maraqlı proseslər yaşanıb. Ən əhəmiyyətli hal - heç kimin gözləmədiyi halda "Vahid Milli Hərəkat” irimiqyaslı mitinq keçirib. Tbilisinin mərkəzi meydanında keçirilən mitinq zamanı sözün əsil mənasında izdiham yaşanıb. Belə ki, on minlərlə insan oliqarx Bidzina İvanişvilinin hakimiyyətinə etirazlarını bildirib, Saakaşvilinin tərəfdarı olduqlarını nümayiş etdiriblər."Vahid Milli Hərəkat”ın seçkiqabağı mitinqinə toplaşmış rekord sayda etirazçı "Mişa, Mişa" qışqıraraq Mixail Saakaşvilini Tbilisidə hakimiyyətə dəvət ediblər.
Başqa bir hadisə isə "Vahid Milli Hərəkat”ın liderlərindən olan deputat Givi Tarqamadzenin maşının partladılması olub. Deputat xəsarət almasa da, avtomobilin yaxınlığından keçənlərdən 5-nin yaralandığı xəbər verilib. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bunu "oktyabrın 8-də baş tutacaq parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmaq üçün Gürcüstanın düşmənləri tərəfindən planlaşdırılmış təxribat” adlandırıb. Sosial şəbəkələrdə isə bu partlayışın sifarişçiləri sırasında təhlükəsizlik orqanları və Rusiya xüsusi xidmət orqanları göstərilir. Partiyanın lideri sırasında olan David Bakradze isə avtomobilin partlayışında "Gürcü arzusu”nu günahlandırıb. Eks-prezident Mixail Saakaşvili də baş verənlərə münasibət bildirib və əlavə edib ki, G.Tarqamadze ona görə seçilib ki, o, hüquq-mühafizə orqanları ilə ünsiyyət qururdu: "Vaxtilə İvanişvilinin də yaxşı tanıdığı Boris Nemtsov bir dəfə mənə Kiyevdə xəbərdar etdi ki, İvanişvili və onun qələbəsində maraqlı olan şəxslər hər cür zorakılığa getməyə hazırdırlar. İvanişvili üçün hakimiyyətdən getmək hər şeyin sonu deməkdir və o, sona kimi mübarizə aparacaq. Seçkilərin son gününə kimi sabitliyi saxlamaq və ölkəni bu mənfur rejimdən qurtarmağa çalışmalıyıq”.
Ekspertlər hesab edir ki, bu və yuxarıda göstərilən insidentlər onu deməyə əsas verir ki, Rusiyaya yaxın olan Bidzina İvanişvili hakimiyyəti asanlıqla verməyəcək.
Qərb mediasında dərc edilən yazılarda isə bu seçkilərin Gürcüstandan ötrü həm də "sabitlik sınağı” olduğu vurğulanır. Məsələn, "Reuters” yazır ki, seçki kampaniyası müxalifət nümayəndəsinin maşının partladılması, mitinqdə atışma ilə yadda qalıb. "Ötən bazar günü Qoridə müstəqil namizəd İrakli Okruaşvilinin çıxış etdiyi nümayişdə iki nəfər odlu silahdan açılan atəşdən yaralanıb. "Reuters” yazır ki, rəy sorğuları "Gürcü arzusu”nun qalib gələcəyini, Milli Hərəkat Partiyası tərəfdarlarının da çoxaldığını, həm də seçicilərin böyük qisminin – 57 faizinin qərarsız olduğunu göstərir.
"Kimin qalib gələcəyini heç kim deyə bilməz. Amma seçkinin azad və ədalətli keçəcəyi gözlənir”. Bunu Karnegi Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal "Reuters”ə müsahibəsində deyib. "The Washinqton Post”qəzeti yazır ki, baş nazir Georgi Kvirikaşvili seçkini izləməkdən ötrü ölkəyə saysız-hesabsız müşahidəçi dəvət etdiklərini deyib. Twitter-də yerləşdirdiyi məlumatda baş nazir onların partiyasının qalib gələcəyinə, amma ən vacibi seçkinin azad və ədalətli keçəcəyinə inandığını bildirib.
Əvvəldən 6 partiyanın koalisiyası kimi formalaşmış "Gürcü arzusu”nu ölkənin ən varlı adamı, milyarder Bidzina İvanişvili yaradıb. O, sərvətini Rusiyada əldə edib. İvanişvilinin partiyası 2012-ci ildə hökumətə gələrək, keçmiş prezident Mixail Saakaşvilinin 9 illik hakimliyinə son qoyub. "Gürcü arzusu”nun iqtidarı dövründə onlarla keçmiş dövlət rəsmisi, o cümlədən keçmiş baş nazir vəzifəsindən sui-istifadədə günahlandırılaraq həbs olunub. Ölkə rəhbərliyi Ukraynada regional siyasətçi kimi fəaliyyət göstərən Mixail Saakaşvilinin ekstradisiyasını tələb edib. İttihamların siyasi xarakter daşıdığını bildirən eks-prezident seçki kampaniyasına videoçarxlar vasitəsilə qatılıb. Qərb ölkələri Gürcüstan hökumətini keçmiş rəsmiləri təqib etdiyinə görə qınayıb. Bəzi gürcülər isə indiki hökuməti iqtisadiyyatı düzgün idarə edə bilməməkdə günahlandırırlar. Halbuki ilin ilk 8 ayı iqtisadi artımın 2,7 faiz olduğunu göstərib. Mühüm neft və qaz kəmərlərinin keçdiyi, zaman-zaman Qərblə Rusiya arasındakı zərbələrə sinə gərmiş, ərazisinin 1/5-i Rusiyaya meylli separatçılar tərəfindən işğal edilmiş Gürcüstanın həm hakim, həm də müxalif partiyaları ölkəni Aİ-yə, NATO-ya birləşdirmək arzusundadırlar. Amma hakim "Gürcü arzusu” koalisiyası, əsasən, ABŞ-ın müttəfiqi kimi tanınan ölkənin həm də Rusiya ilə əlaqələrini möhkəmlətmək istəyir. "The Washington Post”un yazdığına görə, yeni Gürcüstan parlamenti Qərb, yaxud Rusiya tərəfdarlarının artdığı orqandan çox, siyasi mərkəz rolunu oynayacaq. Onu da qeyd edək ki, bugünkü seçkidə iştirak edən namizədlər arasında 30 etnik azərbaycanlı da var.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər