Gürcüstan seçkilərin ikinci raunduna hazırlaşır
Gürcüstanın ən böyük
müxalifət partiyası olan "Vahid Milli Hərəkat” (VMH) daxili fikir ayrılıqlarına
baxmayaraq, parlament seçkilərinin ikinci turunda iştirak etmək istədiyini
bəyan edib.İlkin məlumatlara görə,
ikinci tur 50 majoritar dairədə keçirilməlidir.Yaradıcısı və lideri
ölkənin keçmiş prezidenti Mixail Saakaşvili olan "Vahid Milli Hərəkat” 2012-ci
ilədək hakimiyyətdə olub. Partiya hesab edir ki, parlament seçkilərinin birinci
turu hədə-qorxu şəraitində keçib və ədalətli olmayıb.
Ancaq iki həftəlik
məsləhətləşmədən sonra partiya deputat mandatlarından imtina etməmək qərarına
gəlib. "Qeyri-bərabər şərtlərə, saxtalaşdırma və təzyiqlərə, ikinci turun da
çox gərgin mübarizə şəraitində keçəcəyinə baxmayaraq, biz bu sınağı qəbul
edirik: partiya ikinci turda təmsil olunacaq, parlamentə daxil olacaq və
parlament fəaliyyətində iştirak edəcək”, - deyə VMH-nin proporsional
siyahısında birinci olan deputat David Bakradze bildirib. Mərkəzi Seçki
Komissiyasının ilkin məlumatına görə, hakim "Gürcü arzusu - Demokratik
Gürcüstan” partiyası səslərin 48,67 faizini toplayaraq proporsional sistemdə
qəti qələbə qazanıb. Hakim partiyanın namizədləri bundan başqa 23 birmandatlı
dairədə də qalibdirlər. Ancaq qalan 50-sində namizədlərin heç biri səslərin
yarıdan çoxunu yığa bilmədiyinə görə ikinci tur keçiriləcək. İkinci turun
keçiriləcəyi birmandatlı dairələrin əksəriyyətində hakim partiyadan olan namizədlərin
rəqibləri VMH-nin namizədləri olacaq. MSK artıq bildirib ki, ikinci turun vaxtı
birinci turun nəticələrinin tam yekunlaşdırılmasından sonra, ancaq noyabrın
2-dən gec olmayaraq təyin ediləcək. Gürcüstan parlamentinə birmandatlı sistemlə
73, proporsional sistemlə isə 77 deputat seçilir. Sonuncular beş faizlik həddi
keçən "seçki subyektlərinin”, birlik və hərəkatların siyahılarından seçilir. MSK-nın
ilkin məlumatına görə, hakim partiya və VMH-dən (o, səslərin 27 faizindən bir
qədər artığını toplaya bilib) başqa daha bir qrup 5 faizlik baryeri keçməyə
nail olub. Bu, 5,01 faiz səs yığmış "David Tarxan-Mouravi, İrma İnaşvili -
Gürcüstan Vətənpərvərləri Alyansı, Birləşmiş müxalifət” seçki blokudur. Seçki
yarışının qalan 22 iştirakçısı, o cümlədən 2012-ci il seçkisində "Gürcü arzusu”
koalisiyasının tərkibində qalib gəlmiş partiyalar mandatsız qalıblar.
Qaliblərdən başqa hər kəs
birinci turun nəticələrindən narazı qalıb. Keçmiş prezident, hazırda Odessa
vilayətinin qubernatoru olan Mixail Saakaşvili seçkiyə qədər VMH-nin qalib
gələcəyini deyirdi. Oktyabrın 10-da o bildirib ki, partiyanın ikinci turda
iştirak etməsində heç bir məna görmür: "Əlbəttə, bu barədə qərarı hər bir
namizəd fərdi qaydada verməlidir. Ancaq mən ikinci turda iştirak etməkdə məna görmürəm.
Bunu etməklə ən kobud pozuntularla keçmiş seçkiləri faktiki olaraq
legitimləşdirmiş oluruq”. Buna baxmayaraq, VMH-nin bəzi liderləri açıq şəkildə
ikinci turda mübarizədən imtina etmək fikrinə qarşı çıxıblar. Ancaq ikinci
turda iştirakdan imtina edənlər də olub. Keçmiş müdafiə naziri, "Azad
demokratlar”ın lideri İrakli Alasaniya müvəqqəti olaraq siyasəti tərk etdiyini
bildirib. Alasaniyanın partiyası proporsional sistemlə səslərin 4,63 faizini
toplayıb və parlamentə keçə bilməyib.
Hakim partiya isə
seçkilərin beynəlxalq müşahidəçilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət
qiymətləndirildiyini vurğulayır. "Gürcü arzusu”nun icraçı katibi İrakli
Kobaxidze hesab edir ki, VMH seçkiləri udacağı barədə bəyanatlarının qurbanı
olub. O deyir ki, partiyanın bunun üçün kifayət qədər resursu yoxdur: "Onlar
dəqiq bilirlər ki, ikinci turda bircə dairədə belə qalib gəlməyəcəklər. Ona
görə də onlar üçün qərar qəbul etmək çox çətin idi”. Ancaq Kobaxidze seçki
ərəfəsində də VMH-nin nəinki seçkilərdə qalib gəlməyəcəyini, hətta ölkənin
siyasi həyatında mühüm amil kimi qalmayacağını iddia edirdi. O deyirdi ki, bu,
Gürcüstanda demokratiyanın qələbəsi olacaq. Beynəlxalq əlaqələr üzrə mütəxəssis
Georgi Qobronidze deyir ki, müşahidəçilər və cəmiyyətin əksər hissəsi seçkiləri
legitim saydığına görə, VMH özünün ikinci turda iştirakdan imtina qərarını izah
etməyə çətinlik çəkərdi: "Bununla yanaşı, seçkilərin nəticələri əsas müxalifət
partiyası üçün o qədər də acınacaqlı olmadı”. Hakim partiyanın proqnozlarına
rəğmən, VMH nəinki siyasi oyundan çıxmayıb, hətta seçkinin nəticələri partiyaya
dəstəyin artdığını göstərir. Yeri gəlmişkən, qeyd edək ki, ikinci tura qatılan
namizədlər arasında soydaşlarımız da var.
Azər NURİYEV