• cümə axşamı, 28 mart, 22:24
  • Baku Bakı 13°C

Gürcüstan seçkilər ərəfəsində

22.10.13 08:15 1619
Gürcüstan seçkilər ərəfəsində
Bazar günü Gürcüstan Mixail Saakaşviliyə əlvida deyərək, yeni prezidentini seçəcək. Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Yekaterine Azaraşvili bildirib ki, oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar seçici siyahıları dəqiqləşdirilib. Ölkə üzrə 3 milyon 537 min 719 seçici qeydə alınıb.
Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, oktyabrın 27-də keçiriləcək prezident seçkilərini 57 yerli təşkilat müşahidə edəcək. Yerli müşahidəçilərin qeydə alınmasının artıq başa çatdığı, beynəlxalq təşkilatların qeydə alınmasının isə oktyabrın 20-də yekunlaşdığı bildirilir. Həmçinin qeyd olunub ki, indiyədək 55 beynəlxalq təşkilat qeydiyyata alınıb. Kütləvi informasiya vasitələri nümayəndələrinin qeydiyyatı oktyabrın 24-də başa çatacaq. Hazırda prezidentliyə namizədlər televiziyalarda təşviqat xarakterli çıxışlarını davam etdirirlər. Seçkinin favoritləri - “Gürcü arzusu”dan Georgi Marqelaşvili və “Vahid Milli Birlik” hərəkatdan David Bakradzedir. 23 qeydə alınan namizəd sırasında məhz bu iki namizəd əsas hesab edilir.
Beləliklə, oktyabrın 27-də Gürcüstanda yeni prezidenti seçəcəklər. Əslində isə insanlar təkcə şəxslərin dəyişməsinə deyil, gürcü siyasətində bütöv bir qanadın dəyişməsinə səs verməli olacaqlar. Saakaşvilinin dövrü başa çatsa da, hələ ki aydın deyil ölkə hara doğru istiqamət götürəcək. Seçkinin keçirilməsinə bir həftədən də az qalmasına baxmayaraq, hələ ki ciddi insidentlər və qalmaqallı materialların açıqlanması yaşanmır. Ümumiyyətlə, ölkədə seçkilərə maraq elə də yüksək deyil. Buna səbəb prezident postunun ölkədə dekorativ bir vəzifəyə çevrilməsidir. Belə ki, dövlət başçısı nümayəndəli funksiyaları yerinə yetirəcək, ölkədə faktiki hakimiyyət baş nazirin əlində cəmləşmiş olacaq.
Yeri gəlmişkən, sentyabr ayında ABŞ-ın Milli Demokratiya İnstitutu Gürcüstanda sosioloji sorğu keçirib. Nəticələrə görə, Marqelaşviliyə 39, Bakradzeyə isə 18 faiz səs vermək istədiyini ortaya qoyub. Oktyabr ayında “Greenberg”, “Quinlan”, “Rosner Research” ABŞ kompaniyaları Saakaşvilinin sifarişi ilə sorğu keçirib və bəlli olub ki, respondentlərin 43 faizi Bakradzeyə, 22 faizi is Marqelaşviliyə səs verməyə hazırdır. Keçirilən rəy sorğulunun əksəriyyəti qalibin birinci turda müəyyən olunmayacağını göstərir. Maraqlıdır ki, son vaxtlar müxalifət liderlərindən hesab edilən Nino Burcanadzeyə də səs verənlərin sayı artıb. Milli Demokratiya İnstitutu ona 7 faiz səs yazıb.
“Gürcü arzusu”nun lideri Bidzina İvanişili isə seçkiyə bir neçə gün qalmış maraqlı bir təkliflə çıxış edib. O, Marqelaşviliyə birinci turda qalib gələ bilməyəcəyi təqdirdə, öz namizədliyini geri götürməyi məsləhət görüb. Ekspertlərin qənaətincə, bununla da koalisiya lideri öz tərəfdarlarını mobilləşdirməyə çalışır. Lakin bunun əks effektinin ola biləcəyini də deyənlər var. İvanişvili mövqeyini çox maraqlı formada əsaslandırıb. O hesab edir ki, əgər Marqelaşvili 50 faizdən az səs toplayarsa və birinci turda qalib gələ bilməzsə, bu o anlama gələcək ki, cəmiyyət onlara inanmır və böyük bir qisim Saakaşvilinin yenidən hakimiyyətə gəlməsini istəyir. İvanivşlinin sözlərinə görə, onda ikinci tura Bakradze və Burcanadze çıxacaq: “Bakradze qalib gələrsə, Saakaşvilini baş nazir qoyacaq və siz beş ildə oxuyub, oynayıb rəqs edəcək və şən yaşayacaqsınız”.
Başqa bir maraqlı fakt ondan ibarətdir ki, İvanişvili baş redaktorlarla görüşdə növbəti dəfə bildirib ki, əgər Marqelaşvili prezident seçilməsə, gürcü iqtisadiyyatına kapitalının faizini yatırmaq planından əl çəkib, ölkəni tərk edəcək. Qeyd edək ki, «Forbes»in hesablamalarına görə, İvanişvilinin 5 milyard dollar pulu var.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər