• cümə, 19 Aprel, 22:41
  • Baku Bakı 24°C

Gürcüstan Rusiya əleyhinə aksiyalarla çalxalandı

21.06.19 19:07 658
Gürcüstan Rusiya əleyhinə aksiyalarla çalxalandı
Gürcüstanda spontan başlayan və xaotik axarda davam edən hadisələr bir qədər səngisə də, gərginliyin hər an arta biləcəyi istisna edilmir. Polis paytaxt Tbilisidə nəzarəti ələ alsa da, müxalifət liderləri dünən səhər deyiblər ki, etirazları davam etdirəcəklər. Bu barədə "Avropa Gürcüstanı” partiyasının lideri Giya Bokeriya və "Vahid Milli Hərəkat” Partiyasının lideri Qriqol Vaşadze elan ediblər. Onlar bildiriblər ki, növbəti mitinq də Rustavi prospektində - parlamentin qarşısında olacaq. Tbilisi rəsmilərinin iyunun 21-də bildirməsinə görə, ötən gecə təhlükəsizlik əməkdaşları ilə etirazçıların toqquşmasında 240 nəfər xəsarət alıb.
"Parlament binası qarşısında baş verənlər dövlət çevrilişi cəhdidir”. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib. ABŞ-ın Gürcüstandakı səfirliyi də bəyanat yayıb. Bəyanatda hökumət və əhaliyə sakitlik nümayiş etdirmələri ilə bağlı çağırış edilib: "Biz Gürcüstan parlamenti qarşısında baş verən hadisələri diqqətlə izləyirik. İnsanların çoxunun keçirdiyi ağrını başa düşürük”.
Parlamentin qarşısındakı aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib oranı dağıdıblar. Müxalifət spiker İrakli Kobaxidzenin və daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edir. Polis kütləni dağıtmaqdan ötrü gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib və səhər 5-dək etirazçıların demək olar ki, hamısı ərazini tərk edib.
"Hökumətin xalqa qarşı etdiyi tamamilə qanunsuz hərəkətdir. İndi saxlananları, xəstəxanada olanları müəyyənləşdirmək lazımdır”,– deyə Vaşadze vurğulayıb. Müxalif "Vahid Milli Hərəkat”dan olan millət vəkili Tinatin Bokuçayeva deyib: "Bəlli oldu ki, "Gürcü arzusu” əslində "rus arzusu” imiş. Bidzina İvanişvilinin arzusu Vladimir Putinin arzusudur. Belə olmasaydı gürcü parlamenti spikerinin kürsüsündə rusiyalı deputat oturmazdı. Xalqımızın ruhuna və dövlətimizin qəlbinə bundan böyük tüpürcək ola bilməz”.
İyunun 20-də əhalini qəzəbləndirən rusiyalı deputatSergey Qavrilovun parlamentdə spikerin yerində oturması olub. Bu, Rusiyanın bu kiçik qonşusu üzərində arzuolunmaz nüfuzunu xatırladan addım kimi görünüb. Etirazçılar Gürcüstanın, Aİ və ABŞ-ın bayraqlarını qaldırıblar, bəziləri əlində "Rusiya işğalçıdır” plakatını tutub.
Öz növbəsində Dumanın kommunist üzvü Qavrilov bildirib ki, Parlamentlərarası Pravoslav Assambleyasının iclasının pozulması radikallar tərəfindən əvvəlcədən düşünülmüş aksiya idi. "RİA Novosti” agentliyinə açıqlamasında radikalların bunu Rusiya ilə Gürcüstanın münasibətlərini çətinləşdirmək üçün etdiklərini bildirib: "Məncə, bu aksiyanın hədəfi Rusiya ilə münasibətləri çətinləşdirmək, münasibətlərin güclənməsi imkanlarını yox etmək, Gürcüstanın pravoslav dəyərlərinə zərbə endirmək idi. Hesab edirəm ki, bu, əvvəlcədən düşünülmüşdü”.
Qavrilovun iddiasına görə, Tbilisidə ona qarşı gerçəkləşdirilən aksiya ingilisdilli təlimatçılar tərəfindən idarə edilib. O, etirazçıların əvvəlcədən hazırlanmış plakatlarının olduğunu və assambleyanın iclasının sadəcə etiraz üçün bəhanə olduğunu bildirib. Qavrilov bundan sonra Gürcüstanı hədələyərək deyib ki, indi Moskva və Tbilisi arasında müxtəlif humanitar və iqtisadi məsələlərə dair danışıqlar pozulmaq təhlükəsi ilə üzləşib.
Maraqlıdır ki, hakimiyyət deputatları da aksiyaçılara dəstək ifadə edib.
"Gürcüstanda növbədənkənar parlament seçkisi keçirilməlidir. Bu iddia ilə "Gürcü arzusu”ından olan deputat Kaxa Okruaşvili çıxış edib. "Parlamentlərarası Pravoslav Assambleyasının iclası Tbilisidə və ümumilikdə Gürcüstanda davam etməməlidir. Üstəlik, bu forumun keçirilməsini planlaşdıran hər kəs hakim partiyadan və Gürcüstan siyasətindən getməlidir”, – deyə o bildirib. Millət vəkili parlament binası önündəki aksiyalara qoşulacağını bildirib və hakimiyyətin digər nümayəndələrini də oxşar addım atmağa səsləyib. Maraqlı olan erməni nümayəndə heyətinin addımları olub. Onlar sadəcə iclas zalını tərk ediblər. Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın bu assambleyadakı nümayəndə heyətinin rəhbəri Alen Simonyan "Bizim nümayəndə heyəti Gürcüstan parlamentini tam heyətdə tərk etdi. Situasiya elə də normal deyildi. Bir tərəfdə bizim müttəfiqlərimiz, digər tərəfdə qardaş xalq vardı. Biz iki od arasında qalmışdıq və zalı tərk etmək qərarına gəldik. Tezliklə, Ermənistana qayıdacağıq”, - deyib.
Gürcüstan prezidentiSalome ZurabişviliQavrilovun hərəkətlərini "böyük cinayət” adlandırıb, ancaq bunun ictimai itaətsizliyi əsaslandırmadığını deyib, etirazların arxasında kiminsə durduğuna eyham vurub. Bununla belə, Zurabişvili parlament qarşısında etirazların süni dalğa yaratdığını və antidövlət fəaliyyəti daşıdığını vurğulayıb. O, həmçinin Rusiyanın "beşinci kolonu”nun həddən artıq təhlükəli olduğunu da deyib: "Mən bir daha demək istərdim ki, ölkənin və cəmiyyətin parçalanması Rusiyadan başqa heç kimə sərf etmir. Daxili qarşıdurmanı yaradıb, genişləndirənlər Rusiya siyasətini və onun planlarını reallaşdıranlardır. Kimin daim istənilən problemi destabilizasiya ocağına çevirdiyinə baxsanız, hər şey aydın olacaq. Nəhayət, xarici vətəndaşın (Saakaşvili nəzərdə tutulur) polisi itaətsizliyə çağırması tamam yolverilməzdir. Dövlətin baş verən bütün pozuntulara reaksiya verməsi və nizamı bərpa etməsinin, eləcə də destruktiv qüvvələrə Moskvanın planlarını reallaşdırmaq imkanı verməməsinin vaxtı çatıb”.
Gürcü Patriarxlığı da əhalini emosiyalara qapılmamağa çağırıb. Kilsə həmçinin parlamentdə baş verənlərə görə keçirilən aksiyaların ədalətli olduğunu bildirib. Patriarxlıq hökuməti əhaliyə qarşı sərt güc tətbiqindən yayınmağa çağırıb.
Baş nazir Mamuka Baxtadze Saakaşvilinin partiyasını ölkədə vəziyyəti gərginləşdirmək cəhdində və təxribatlar yaratmaq istəyində ittiham edib. Onun sözlərinə görə, Saakaşvilinin partiyası öz çirkin siyasi maraqlarını güdür: "Biz zorakılıqla barışmayacaq, adekvat cavab verəcəyik”.
Eks-prezident, hazırda Ukraynada olan Mixail Saakaşviliyə gəldikdə, o, etirazları dəstəkləyib, özünün ifadə etdiyi kimi, onun tərəfindən yaradılan polisi xalqın tərəfinə keçməyə çağırıb: "Rusiyanın tapşırığı ilə İvanişvili Gürcüstanı dağıdır. Ölkənin əsas problemi İvanişvilidir. Bu şəxs Rusiya tərəfinə əhəmiyyətli sənədləri, o cümlədən 2008-ci il döyüşçülərinin siyahısını verib. Bu gün də onların ovuna çıxılıb. Rusiyanın Gürcüstanda bir rezidenti var – o da İvanişvilidir”.
Son məlumatlara görə, hakim partiyanın rəhbəri Bidzina İvanişvili deyib ki, "işğalçı ölkənin nümayəndəsinə” parlamentdə meydan verənlər cəzalandırılacaqlar. Bu bəyanatın ardınca parlamentinin spikeri İrakli Kobaxidze istefaya gedib. "İmedi” televiziyası bu barədə qərarın "Gürcü arzusu” Partiyasının Siyasi Şurasının iclasında qəbul edildiyini bildirib. Qeyd edək ki, Gürcüstanda baş verən hadisələrlə bağlı Kobaxidze Bakı səfərini yarımçıq kəsərək, geri qayıtmışdı.

Azər

banner

Oxşar Xəbərlər