• cümə axşamı, 28 mart, 23:24
  • Baku Bakı 13°C

Gürcüstan prezident seçkisinə hazırlaşır

18.07.18 17:54 1118
Gürcüstan prezident seçkisinə hazırlaşır
2008-ci il "beşgünlük müharibəsi”ndən sonra baş nazir Qriqori Mqalobişvilinin hökumətində xarici işlər naziri vəzifəsini tutmuş Qriqori Vaşadze oktyabrda keçiriləcək prezident seçkilərində keçmiş iqtidar partiyası "Vahid Milli Hərəkat”dan prezidentliyə namizəd olub. Partiyadaşına dəstəyini ifadə edən eks-prezident Mixail Saakaşvili bəyan edib ki, prezident seçkiləri rusiyalı oliqarx Bidzina İvanişvilinin hakimiyyətdən getməsinin başlanğıcı olacaq. "Vahid Milli Hərəkat” və onun müttəfiqlərinin cəm olduğu "Güc birlikdədir” koalisiyası (bura 10 siyasi təşkilat daxildir) prezidentliyə vahid namizədi ötən gün müəyyən ediblər. Namizədin adı Kutaisidə Baqrat məbədində açıqlanıb. Mərasimin burada elan edilməsi də simvolikdir. Belə ki, 12-ci əsrdə özünü "abxaz və gürcülərin çarı” elan edən on üçüncü Baqrat vahid Gürcüstanın simvolu hesab edilir. Bu yeri seçməklə Saakaşvili və tərəfdarları bildirmək istəyiblər ki, onların əsas prioriteti əvvəlki tək Gürcüstanın birləşməsi – Abxaziya və Cənubi Osetiyanın gürcü dövlətinin ərazisinə qaytarılmasıdır. Bu məqsədə çatmaq üçün isə onlara ilk növbəti seçkilərdə hakim "Gürcü arzusu” partiyasına qalib gəlmək gərəkdir. Hakim partiya isə hələ ki, namizədini müəyyən etməyib. Gürcü mediasının yaydığı məlumata görə, bir neçə şəxs, o cümlədən sabiq xarici işlər naziri Salome Zurabişvili, sabiq qaçqınlar və yerləşdirilmə məsələləri üzrə nazir Sozar Subari və iqtisadiyyat naziri David Serqienkonun namizədlikləri nəzərdən keçirilir. Zurabişvili ilə bağlı partiyada ciddi fikir ayrılıqları mövcuddur. Bir hissə hesab edir ki, partiya öz namizədini irəli sürməməli və sadəcə sabiq naziri dəstəkləməlidir. Digər qanad – təsdiq olunmamış məlumatlara görə sabiq mer Kaxa Kaladzenin rəhbərlik etdiyi qrup hesab edir ki, Zurabişvili Marqvelaşvili kimi ümidləri doğrultmaya bilər. Onlar hesab edirlər ki, partiya prezidentliyə layiqli namizəd tapmalıdır. İstisna deyil ki, İvanişvili də bu seçkilərdə iştirak etsin. Lakin bunun üçün o, eləcə də Salome Zurabişvili ikinci vətəndaşlıqdan imtina etməlidir. Buna baxmayaraq, Mixail Saakaşvili əmindir ki, onların namizədi istənilən rəqib üzərində qələbə qazanacaq. "Qriqori Vaşadze Gürcüstanın ikinci prezidentidir”, - deyə o, videomüraciətində bildirib. Ardınca vəd edib ki, prezident seçkilərinin ardınca ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. O zaman da Gürcüstan Putinin adamı olan rusiyalı oliqarxın hakimiyyətindən yaxa qurtaracaq. "Biz sürətlə dəyişən dünyada vaxt itkisinə dözə bilmərik. Gürcüstan geosiyasi xəritəyə dönməlidir”, - deyə M.Saakaşvili bəyan edib. Qriqori Vaşadze sovet diplomat məktəbinin peşəkar nümayəndəsidir. Moskva Beynəlxalq Əlaqələr İnstitutunu bitirdikdən sonra SSRİ Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb. 90-cı illərdə Rusiyanın İsveçrədəki diplomatik missiyalarında çalışıb. Gürcüstana həyat yoldaşı ilə 2003-cü il "qızılgül” inqilabından sonra qayıdıb. Əvvəlcə mədəniyyət, sonra isə xarici işlər naziri vəzifəsində çalışıb. Abxaziyaya Rusiya müdaxiləsindən sonra nümayişkaranə surətdə Rusiya vətəndaşlığından çıxıb. Əlavə edib ki, Gürcüstanın tarixi məqsədi NATO-ya üzvlükdür. Ötən gün gələcək üçün planlarını açıqlayan Vaşadze bəyan edib ki, əsas hədəfi Gürcüstanı "Gürcü arzusu”nun yarıtmaz idarəçiliyindən azad etmək və Rusiyanın hərbi-terror hücumuna qarşı durmaqdır.
Məlumat üçün bildirək ki, yeni konstitusiyaya görə, Gürcüstan parlament respublikasıdır, prezident simvolik funksiyalara malikdir. Lakin GNH informasiya-analitik agentliyinin eksperti David Avalişvili "Kommersant”a bildirib ki, dövlət başçısı məsələn, ölkəsində altı il qiyabi həbs qərarı çıxarılmış Mixail Saakaşvilini əfv etmək, eləcə də, onun gürcü vətəndaşlığını qaytarmaq hüququna malikdir. Bununla da Saakaşvilinin real olaraq gürcü siyasətinə qayıtmasını təmin edə bilər. Onu da qeyd edək ki, prezident seçilmək arzusunda olduqlarını sabiq spiker Nino Burcanadze və Leyborist Partiyasının lideri Şalva Natelaşvili və bir sıra tanınmış siyasətçilər də bəyan ediblər.
Ümumiyyətlə, seçkilər həm hakimiyyət, həm də müxalifət üçün böyük önəm kəsb edir. Bu, prezidentin ümumxalq səsəverməsi ilə seçildiyi sonuncu prezident seçkisi olacaq. Sonrakı müddətdə prezident Konstitusiyaya uyğun olaraq indiki kimi beşillik deyil, altıillik müddətə seçiləcək. Onu 300 nəfərdən ibarət seçki kollegiyası – deputatlar, yerli hakimiyyət orqanları, mühacirətdə olan Abxaziya hökumətinin üzvləri seçəcək. Hakim partiya indiki prezident Georgi Marqvelaşvilidən fərqli olaraq daha loyal şəxsin dövlət başçısı seçilməsində maraqlıdır. Müstəqil siyasət yürütməyə meylli olan indiki prezident öz mövqelərini möhkəmləndirməyə çalışır.
Son məlumatlara görə, hakim "Gürcü arzusu” partiyası prezident seçkilərində namizədiyini müəyyən edib. Bu, müstəqil deputat Salome Zurabişvili olub. Bu barədə informasiyanı Front News International partiyanın kuluarlarından əldə edib. Mənbə bildirib ki, partiya qapalı iclasını başa çatdırıb və qəti qərar üçün İvanişvilinin mövqeyinin gözləyir. Parlament çoxluğunun rəhbəri Arçil Takalvadze də Zurabişvilinin ən real namizəd olduğunun təsdiqləyib. Onun sözlərinə görə, Zurabişvili tək ölkədə deyil, onun hüdudlarından kənarda tanınmış siyasətçidir.
Azər NURİYEV


banner

Oxşar Xəbərlər