• cümə axşamı, 25 aprel, 13:38
  • Baku Bakı 23°C

Gürcüstan pis mənada tarixə düşəcək

03.07.15 11:00 2001
Gürcüstan pis mənada tarixə düşəcək
Hər bir ölkə üçün beynəlxalq əhəmiyyətli istənilən tədbirə ev sahibliyi etmək böyük məsuliyyət tələb edir. Bu, eyni zamanda, həmin ölkə üçün ciddi sınağa çevrilir, onun təşkilatçılıq qabiliyyətini, iqtisadiyyatının gücünü nümayiş etdirir. XX əsrdə ikinci dəfə öz müstəqilliyini bərpa edən, 24 ildir müstəqil ölkə kimi beynəlxalq siyasi arenada söz sahibi olan Azərbaycan bu cür sınaqlardan dəfələrlə üzüağ çıxıb. İndiyə qədər ölkəmizdə 300-ə yaxın beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilib. Onlar arasında ikisi – “Eurovision-2012” 57-ci mahnı müsabiqəsi və bir neçə gün bundan öncə yekunlaşan I Avropa Oyunları miqyasına görə daha çox diqqət çəkib. Qeyd edək ki, “Eurovision”a 2008-ci ildən qatılan Azərbaycan 2011-ci ildə bu mahnı müsabiqəsinin qalibi olub. Eldar Qasımov və Nigar Camalın həmin ilin mayın 14-dəki çıxışı yüksək qiymətləndirilib və onlar qələbə qazanıblar. Beləliklə də Azərbaycan beynəlxalq əhəmiyyətli bu müsabiqəni keçirmək hüququnu qazanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz cəmi 11 ay ərzində öhdəsinə düşən işi yüksək səviyyədə həyata keçirib. 8 ay ərzində Xəzər dənizinin sahilində ən müasir tələblərə cavab verən, Qafqazda analoqu olmayan möhtəşəm arena - “Bakı Kristal Zalı” tikilərək istifadəyə verilib.
May ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi biletlərinin satış qiymətləri də əvvəlcədən açıqlanıb. Müsabiqənin yarımfinal, final, əsas məşqlərinə biletlər www.eurovision.tv saytında on-line sistemdə satışa çıxarılıb. Qeyri-qanuni yolların, o cümlədən möhtəkirlər tərəfindən biletlərin əvvəlcədən alınıb insanlara daha baha qiymətə satılmasının qarşısını almaq məqsədilə alınan hər bilet həmin bilet sahibinin adına rəsmiləşdirilib. On-line satış sisteminə bilet əldə edəcək şəxs adını və soyadını, şəxsiyyətini təsdiqləyən sənədin nömrəsini daxil etməklə bilet ala bilib. Bütün hazırlıqlar, təşkilatçılıq zərgər dəqiqliyinə qədər hesablandığından, dünyanın 42 ölkəsinin qatıldığı “Eurovision-2012” mahnı müsabiqəsi 25 min tamaşaçı tutumu olan “Bakı Kristal Zalı”nda yüksək səviyyədə keçirilib, tamaşaçıların xatirəsində silinməz izlər buraxıb. Azərbaycanın paytaxtı Bakıda keçirilən “Eurovision-2012” öz möhtəşəmliyi ilə müsabiqənin tarixinə qızıl hərflərlə yazılıb.
Eyni mənzərəni I Avropa Oyunlarında da müşahidə etmək mümkün olub. Cəmisi iki il yarım ərzində Azərbaycan bu tədbirə Olimpiya Oyunları səviyyəsində hazırlıq görüb. Atıcılıq Mərkəzi, Su İdman Sarayı, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası kimi yeni, ən müasir tələblərə cavab verən idman qurğuları tikilməklə yanaşı, ümumilikdə 21 idman obyektində əsaslı təmir və bərpa işləri aparılıb. Dünyanın 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı və 17 gün davam edəcək elit idman yarışlarına biletlərin satışı da yüksək səviyyədə təşkil olunub. Yarışlarda, həmçinin açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak etmək istəyənlər www.baku2015.com səhifəsinə daxil olub elektron qaydada, yaxud I Avropa Oyunlarına biletlərin kütləvi satış məntəqələrindən ənənəvi qaydada biletləri əldə edə biliblər. Saxtakarlıq, sui-istifadə hallarının qarşısının alınması üçün “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi bilet satışındakı qaydalar bir qədər də təkmilləşdirilərək, bu dəfə də tətbiq olunub. Bütün bunların nəticəsində təşkilatçılıqda, xüsusən də biletlərin alınmasında hər hansı problem yaşanmayıb.
Təbii ki, həm “Eurovision-2012” 57-ci mahnı müsabiqəsinin, həm də I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisidir. Apardığımız müşahidələr nəticəsində qeyd etməliyik ki, heç də hər bir dövlət, hər bir ölkə bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilmir. Misal üçün, qonşu Gürcüstanı göstərə bilərik. Avqust ayının 11-də paytaxt Tbilisidə yerləşən “Dinamo arena”da UEFA superkuboku uğrunda futbol oyunu keçiriləcək. Çempionlar Liqasının qalibi “Barselona” ilə Avropa Liqasının qalibi “Sevilya” mübarizə aparacaq. UEFA gürcü azarkeşləri üçün əvvəlcədən 30 min bilet ayırıb, qalanlarını isə iştirak edən komandaların federasiyaları arasında müəyyənləşdirmək qərarına gəlib. Lakin qiyməti 7,15 və 30 avro olan biletləri www.biletebi.ge saytından almağın mümkünlüyü, bir nəfərin yalnız 4 bilet ala biləcəyi qeyd edilsə də, bu iş peşəkar səviyyədə təşkil edilməyib.
Oyunu izləmək istəyənlər on-line formada bilet əldə edə bilmirlər. Belə ki, elektron formada bilet satışı üçün nəzərdə tutulmuş sayt yenilənməyib, yüklənib, texniki qüsurlar yaranıb. Bununla da internet üzərindən biletin satışını həyata keçirmək mümkün olmayıb. Bu da azarkeşlər arasında ciddi narazılıq yaradıb. Bu barədə “Novosti Qruziya” informasiya agentliyi (www.newsgeorgia.ge/gruziya-vojdet-v-istoriyu-uefa-sichinava/) Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinavaya istinadan məlumat yayıb. Federasiya prezidenti deyib ki, Gürcüstan UEFA superkubokuna bilet satışını təşkil edə bilməyən ölkə kimi tarixə düşəcək. O, bu sahədə təşkilatçılığın yüksək səviyyədə olmadığını, təcrübə azlığının özünü göstərdiyini bəyan edib. Z.Siçinava deyib ki, on-line bilet satışı işi düzgün təşkil edilmədiyindən “Barselona”-“Sevilya” oyununa biletlər ənənəvi qaydada - kassalarda satışa çıxarılacaq. Bunun isə uzun növbələrə, azarkeş narazılıqlarına gətirib çıxaracağı ehtimal edilir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər