Gürcüstan niyə çalxalanır?
Dünən Gürcüstanda matəm günü kimi qeyd olunub, ölkə boyu dövlət
bayraqları endirilib. Əhali Batumidə "Leoqrand” otelində baş vermiş yanğın
nəticəsində həlak olanların xatirəsini anıb. Noyabrın 24-dən 25-nə keçən gecə
Batumidəki "Leogrand” hotelində baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, 21
nəfər yaralanıb. Ölənlərin 11-i Gürcüstan, 1 nəfəri isə İran vətəndaşıdır.
Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci
mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə
biliblər.Bazar günü isə Tbilisi
sakinləri noyabrın 22-də terrorçulara qarşı həyata keçirilən xüsusi əməliyyat
zamanı qətlə yetirilən xüsusi təyinatlıları ilə vidalaşıb. Başqa bir insident
isə Kobuletidə yaşanıb. Burada aparılan axtarışlar nəticəsində böyük həcmdə
silah anbarı aşkar edilib.
Beləliklə, son bir həftə Gürcüstan tarixinə ən gərgin günlər kimi düşmüş
oldu. Ekspertlər bu üç hadisənin bir-biri ilə əlaqəsi olduğunu hələ ki, qəbul
etməsələr də, hər halda, onlar arasında birbaşa əlaqənin olmadığını deməyə də
tələsmirlər. Hələ ki, diqqət mərkəzində paytaxt Tbilisidə terrorçulara qarşı
keçirilən antiterror aksiyasıdır. Hakimiyyət orqanlarının birmənalı olaraq
açıqlamalar verməməsi əhali arasında şayiə, interpretasiyaları gücləndirib.
Prokurorluq hətta terrorçuların adlarını belə açıqlamaqdan imtina edərək, bunu
istintaq tədbirləri ilə izah edib. Ortada yalnız Gürcüstan Dövlət Təhlükəsizlik
Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelaurinin sözləri var. "Tbilisidə noyabrın
22-də keçirilmiş antiterror əməliyyatları zamanı məhv edilən terrorçulardan
biri böyük ehtimalla ötən ilin iyununda İstanbulda dəhşətli terror aktı
törətmiş Əhməd Çatayevdir . Çatayev həmçinin keçən ilin iyununda İstanbulda
törədilən dəhşətli terror aktının təşkilatçısı olub”. Qomelauri bununla belə,
daha dəqiq məlumatın ekspertiza başa çatdıqdan sonra əldə olunacağını bildirib.
V.Qomelauri xüsusi əməliyyatın 20 saata yaxın davam etməsinə də aydınlıq
gətirib. O deyib ki, antiterror əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən
şəxslərin girov götürməsi təhlükəsi olub: "Xüsusi əməliyyat ciddi kriminal
qruplaşmaya qarşı aparılıb”.
Boşluğu isə jurnalistlər doldurur. Məsələn, "Pirveli radio” (Birinci
radio) öz mənbələrinə istinadən belə bir xəbər yayıb ki, xüsusi əməliyyat çeçen
səhra komandiri Əhməd Çatayevə qarşı keçirilib. Bu şəxs "Təkqol Əhməd” adı ilə
tanınır. Çatayev Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən "qara
siyahı”ya daxil edilib. "Aksent”
televiziya proqramında bildirilib ki, əməliyyat zamanı onun 21-22 yaşında iki
cangüdəni məhv edilib. Daha sonra Rusiya vətəndaşı olan Suxo Dudayev adlı
mühafizəçi tutulub. Gürcü mediası yazır ki,özünü partladaraq öldürən Əhməd Çatayevin adı Gürcüstanda son illər
baş verən qəribə hadisələrdə hallanıb. Onun adı bir çox cinayət hadisələrində,
o cümlədən Saakaşvili dönəmində keçirilən məşhur "Lapankur” əməliyyatında
çəkilib. Dəfələrlə həbs edilsə də, sonradan azadlığa buraxılıb. Maneəsiz
şəkildə Avropaya gedə və geri dönə bilib. Bir sözlə, onun bütün həyatı cavabsız
suallarla dolu idi və yəqin ki, onlara cavab da tapılmayacaq. Gürcü
cəmiyyətində belə şayiə gəzir ki, çeçenlərə məxsus yaraqlı qruplar rəsmi
Tbilisiyə xəbərdarlıq bəyanatı ünvanlayıblar. Orada bildirilib ki, Gürcüstan
hökuməti respublikanı turizm ölkəsinə çevirmək barədə planlarından əl çəksə
yaxşıdır. Əgər belə bir bəyanat həqiqətən mövcuddursa, onda hüquq-mühafizə
orqanları istirahət günlərindən belə imtina edərək, 24 saatlıq iş rejiminə
keçməli olacaqlar.
Ekspertlərin baş verənlərlə bağlı müxtəlif fikirləri mövcuddur. Bir
qisim hesab edir ki, Tbilisidə keçirilən xüsusi əməliyyat, Batumidə baş verən
yanğın və Kobuletidki silah arsenalının aşkar edilməsini bir zəncirin halqası
kimi nəzərdən keçirmək gərəkdir. Digərləri isə baş verənlərə skeptik yanaşaraq
qeyd edirlər ki, konkret olaraq Batumidə oteldə yanğın təhlükəsizlik
qaydalarının kobud şəkildə pozulması nəticəsində baş verib. O ki qaldı
Kobuletidə aşkarlanan silah anbarına Gürcüstanda əvvəllər də bundan da böyük silah
saxlancının tapıldığı vurğulanır.
JAM-news saytında dərc edilən məqalədə Gürcüstan Təhlükəsizlik və
İnkişaf Mərkəzinin direktor müavini Georgi Qoquadze yazır ki, ölkə yeni
reallıqlara daxil olur: "Əgər biz əvvəllər
terrorçularla qarşı müharibələri uzaqdan müşahidə edirdiksə, indi hər şey
gözlərimiz önündə baş verir. Biz təşviş və qorxu faktorunun öhdəsindən gələ
bilmədik. Bu, dağılan strateji kommunikasiyadan xəbər verir. Yüksək rütbəli
şəxslər əvvəlcə xüsusi əməliyyat başa çatdıqdan sonra məlumat veriləcəyini
bildirdilər, qısa mətbuat konfransları isə nəinki, şayiə və təxribatların
qarşısını aldı, əksinə, onları daha da artırdı. Vəziyyət xüsusi əməliyyat
keçiriləndən bəri belə davam edir. İnformasiya vakuumunu bir sıra KİV-lər və
digər aktorlar doldurur”. Qoquadzenin qənaətincə, yaranmış vəziyyətdən ölkədə
güclənməkdə olan ultrasağ millətçi və populist qruplar öz maraqları naminə yararlana bilərlər. Həmin
qruplar bildirilər ki, təhlükəsizlik ölkəyə axın edən əcnəbilər nəticəsində
gərginləşə bilər. Lakin ekspert hesab edir ki, ən təhlükəlisi Rusiyanın baş
verənlərdən yararlana bilməsi ehtimalıdır. "Beynəlxalq arenalarda Moskva iddia
edir ki, Gürcüstan terrorizm üçün tranzit ölkə rolunu oynayır. Tbilisidə baş
verənləri də öz dediklərinin sübutu kimi qələmə verə bilərlər. Bundan əlavə,
Rusiya Gürcüstanda panika, qorxu yaymağın çox asan olduğu qənaətinə gəlib.
Dövlət sisteminə zərər vurmaq üçün isə xırda bir böhran yaratmaq kifayətdir”, -
deyə Qoquadze bildirib. Ekspertin qənaətincə, hakimiyyətin indiki məqamda
yürütdüyü xətt çox zərərlidir - insanlar öz ölkələrində nələrin baş verməsindən
məlumatlı olmaq hüququna malik olmalıdırlar: "Dünya ictimaiyyəti də terrorçuların
ölkədə nə etmək istədiklərindən xəbərdar olmalıdır – yalnız baş verənlərin
mütləq şəffaflığı və dəqiq cavablar ölkənin təhlükəsizliyinin qorunub
saxlanılmasına yardımçı ola bilər”.
Öz növbəsində sabiq müdafiə naziri Tina Xidaşeli də hesab edir ki,
əməliyyatla bağlı cavabı olmayan suallar çoxdur. "Gün ərzində hakimiyyət
nümayəndələrindən yalnız medianın ünvanına tənqid eşitdik ki, "bəs dövlət sirri
ola biləcək belə bir xəbəri niyə işıqlandırırlar”. Belə bir təəssürat
formalaşır ki, 21-ci əsrdə adi hal alan bu cür çağırışlar qarşısında
hakimiyyətin strateji planı mövcud deyil”.
Azər NURİYEV