• cümə, 19 Aprel, 06:39
  • Baku Bakı 13°C

Gürcüstan “Lavrov gecəsi”nə hazırlaşır

03.02.20 20:05 1213
Gürcüstan “Lavrov gecəsi”nə hazırlaşır
Rusiya XİN rəhbərinin Tbilisidə keçiriləcək tədbirə qatılması ehtimalı gərginliyə səbəb olub

Gürcüstanla Rusiya arasında növbəti qalmaqal güclənir. Ötən ilin yayında Rusiya deputatlarının səfərinə etiraz olaraq keçirilən aksiyalar təkrarlana bilər. Bu dəfə qalmaqalın mərkəzində Rusiya xarici işlər naziri Sergey Lavrov dayanır. Artıq
Gürcüstan parlamentinin iki ən iri müxalifət partiyası – Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat” və eks-spiker David Bakradzenin "Avropa Gürcüstanı” hakimiyyəti kütləvi etiraz aksiyalarının qaçılmaz olacağı barədə xəbərdar edib. Bildiriblər ki, əgər Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 15-də Avropa Şurası Nazirlər Şurasının toplantısında iştirak üçün Tbilisiyə gələrsə, bunun qarşısı alınacaq. Noyabr ayından Gürcüstan (əlifba sırası ilə) Avropa Şurasında sədrliyi həyata keçirir və Nazirlər Kabinetinə üzv olan 47 ölkənin nazirlərini qəbul etmək öhdəliyinə malikdir. Başqa bir vəziyyətdə hakim "Gürcü arzusu” Partiyası bunu oktyabrın 31-də keçiriləcək taleyüklü parlament seçkiləri ərəfəsində ciddi uğur hesab edə bilərdi. Məhz həmin seçkilər hakimiyyətin taleyini müəyyən edəcək. Axı Avropanın ən nüfuzlu qurumlarından birinə sədrlik etmək və onu ölkədə qəbul etmək mühüm bir məqamdır. Bunu opponentlərlə qızğın diskussiyalarda istifadə etmək olar. Onsuz da onlar hakim Bidzina İvanişvilinin "Gürcü arzusu” Partiyasını açıq şəkildə rusiyapərəstlikdə ittiham edirlər. Lakin məsələ ondadır ki, gürcü tərəfi naziri qəbul etməklə qanunları pozmuş ola bilər. Əgər baş nazir Georgi Qaxariyanın hökuməti nazirin gəlməsinə icazə verərsə, onda "İşğal haqqında” qanunu pozmuş ola bilər. Bu sənədə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Gürcüstana gələ bilməz. Belə ki, nazir dəfələrlə adıçəkilən qanun layihəsini pozaraq tanınmamış Abxaziya və Cənubi Osetiyaya səfər edib. Həmin əraziləri isə Tbilisi öz regionları hesab edir. Adıçəkilən qurumlar Rusiya tərəfindən müstəqil qurum elan edilib. Eləcə də, BMT-nin bir neçə üzvü də onların müstəqilliyini tanıyıb. Lakin Rusiyanın baş diplomatının ölkə ərazisinə gəlməsinə qadağa qoyulması beynəlxalq qalmaqal yarada bilər. Hər halda Rusiya Avropa Şurasının üzvüdür. Gürcüstan bunun cavabında Avropanın sanksiyaları ilə üzləşə bilər. Axı Avropa Şurasına üzv olmaqla Qafqaz ölkəsi üzərinə ciddi öhdəliklər götürüb. Onları pozmaqla isə özü üçün ciddi problemlər yarada bilər. Beləliklə, ölkə ciddi və mürəkkəb seçim qarşısında qalıb. Lavrovun ölkəyə gəlməsinə icazə verməklə müxalifətin ciddi və kütləvi etiraz aksiyaları başlaya, iyulda baş verən "Qavrilov gecəsi” təkrarlana bilər. O zaman Rustaveli prospektindəki aksiyalar zamanı xeyli xəsarət olan olmuşdu. Rusiya Dövlət Dumasının komitə sədrinin Gürcüstana səfərinə etiraz edənlər deputatları parlamentə buraxmamışdılar.
Keçmiş vitse-spiker Tamara Çuqoşvili hesab edir ki, Gürcüstan Avropa Şurasına sədrlik dövründə bir sıra tədbirlərin keçirilməsindən imtina edib və onların Strasburqda keçirilməsini təklif edib. "Yeganə səbəb də o olub ki, bir sıra Rusiya deputatları Suxumi və Sxinvalidə olublar. Bununla da "İşğal haqqındakı” qanunu pozublar. Tədbirin Strasburqa keçirilməsi isə riskləri azalda bilər. Bunu Avropa Şurasının toplantısına da şamil etmək olar”, - deyə Çuqoşvili bildirib. Xanım Çuqoşvili bu bəyanatı Gürcüstan prezidentiSalome Zurabişvilinin AŞPA tribunasından etdiyi çıxışa şərh olaraq səsləndirib.
Xanım Zurabişvili çıxışında bildirmişdi ki, Gürcüstan hakimiyyəti Rusiya nümayəndə heyətinin bu ölkəyə səfərinin baş tutması naminə ölkənin "İşğal haqqında” qanununun üstündən adlamağa hazırdır. Lakin bu yanaşma heç də hamı üçün məqbul deyil. Müxalifət S.Lavrova qarşı vahid cəbhədə birləşməyə ümidlidir. Bu yaxınlarda Gürcüstanın müxalifət partiyaları bəyan ediblər ki, Lavrovun və Rusiya nümayəndə heyətinin Tbilisiyə səfər edəcəkləri təqdirdə kütləvi etiraz aksiyaları keçirəcəklər. Onlar bildiriblər ki, "İşğal haqqında” qanunu pozduqlarına görə Gürcüstanın hazırkı prezidenti və baş nazirinə qarşı impiçment prosesinə başlana bilər.
Maraqlıdır ki, Rusiya diplomatiyası rəhbərinin 2008-ci il "beşgünlük müharibə”sindən sonra Gürcüstana gələcəyi də dəqiq deyil. Məhz bu səbəbdən də yerli hakimiyyət orqanları Avropa Şurası Nazirlər Komitəsinin iclasının Strasburqa keçirilməsinə tələsmirlər. Əgər Moskva təsdiq etsə ki, Gürcüstan Rusiya diplomatiyası rəhbərinin may marşrutuna daxil deyil, onda heç nə dəyişilməyəcək. Moskva da vəziyyəti dəyişməyə tələsmir. Onun AŞPA-dakı nümayəndələri isə gürcü həmkarlarını öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyi xatırladır.
"Əgər Gürcüstan xahiş etsə belə, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Tbilisiyə gələcəyini düşünmürəm”. Bunu Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib. O qetd edib ki, "İşğal haqqında” qanunda istisnalar var. Aydındır ki, Salome Zurabişvili bunun haqqında məlumatlı deyil. Əgər Gürcüstan xahiş etsə belə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Tbilisiyə gələcəyini düşünmürəm”, – deyə o bildirib.
Son məlumatlara görə, Gürcüstan müxalifəti demokratik seçki mühitinin formalaşdırılması tələbi ilə etiraz aksiyalarını bərpa edəcək. Bu barədə parlamentin müxalif "Vahid Milli Birlik Hərəkatı” Partiyasından olan deputatRoman Qotsiridzebildirib. Onun sözlərinə görə, parlament binası ilə yanaşı, prezident və hökumət administrasiyaları da bloklanacaq. R.Qotsiridze aksiyaların bölgələrdə də keçiriləcəyini deyib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər