• şənbə, 20 Aprel, 03:40
  • Baku Bakı 15°C

Gürcüstan investorları itirir

14.03.19 16:20 520
Gürcüstan investorları itirir
"Gürcü arzusu” daxilində yaşanan problemlər, Gürcüstana qarşı birbaşa xarici investisiyaların azalmasına gətirib çıxarıb. Gürcüstan Milli Statistika İdarəsinin ilkin məlumatlarına görə, ötən il ölkəyə birbaşa investisiyaların həcmi 1232,4 mln. dollar təşkil edib. Bu da əvvəlki illə (2017) müqayisədə 35 faiz azdır. Halbuki, 2017-ci ildə bu göstərici 1894,5 mln. təşkil edirdi. Gürcüstanın "Tabula” qəzeti yazır ki, birbaşa investisiyaların həcmi 2013-cü ildən bəri bu qədər aşağı səviyyədə olmayıb. Ötən ilin birinci rübündə birbaşa investisiyaların həcmi 197,1 mln. dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 62 faiz azdır. 2017-ci ilin dördüncü rübündə Gürcüstana 522 mln. dollar investisiya yatırılıb. Əvvəlki illə müqayisədə azalma daha çox nəqliyyat sektorunda hiss olunur. Burada investisiyaların həcmi 262,7 mln. dollar azalıb. İnşaat sektoruna 179 mln dollar, daşınmaz əmlaka 92 mln, energetika - 66, maliyyə sektoruna 24 mln. dollar az investisiya yatırılıb. Xarici investisiyalar daha çox maliyyə sektoruna daxil olub. Təxminən 23 faiz. Ondan sonrakı yeri 17 faizlə turizm, energetika 13, istehsal sənayesi 11,5 faiz gəlir. 2018-ci ildə Azərbaycanın birbaşa investisiyaları əvvəlki illə müqayisədə 225 mln. dollar azalıb. Niderlanddan da investisiya sahəsində azalma hiss olunur - 188 mln. dollar. Böyük Britaniyadan isə 43,7 faiz azalma yaranıb. Ən iri investisiya yatıran ölkələrin statistikası aşağıdakı kimidir – Azərbaycan - 19,5 faiz, Böyük Britaniya – 16,5, Niderland - 13,6 faiz Birləşmiş Ştatlar - 8,4 faiz, Panama - 6,1 faiz, Çexiya-5,9, Çin-5,3 faiz, Koreya- 5,1 və sonuncu yerdə 4,9 faizlə Rusiya gəlir. Digər ölkələr 14,7 faiz təşkil edib. Maraqlıdır ki, Panama ən iri investisiya ölkə siyahısına düşüb. Bu onunla əsaslandırılır ki, gürcü müəssisələri ofşor zonalardan tez-tez istifadə edirlər. "Gürcü şirkətlərinin bir hissəsi Avropa İttifaqı ölkələrində qeydiyyatdan keçib. Bu səbəbdən də onların dövriyyəsinin bir hissəsi əcnəbi investisiya kimi qəbul edilir. Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, investisiyaların azalmasının səbəbi magistral qaz kəmərinin inşasının başa çatması və qeyri-rezidentlərin investorlar qarşısında öhdəlikləridir”, - deyə məqalədə bildirilir. Gürcüstan İqtisadiyyat və davamlı inkişaf və iqtisadiyyat nazirinin müavini Yekaterina Mikabadze bildirib ki, azalmanın səbəbi bir-biri ilə üst-üstə düşən faktorlarla bağlıdır. Yəni, onların heç biri hansısa bir fundamental risk və yaxud investisiya mühitinin azalması ilə bağlı deyil. Lakin statistika idarəsinin məlumatı parlament müxalifəti tərəfindən "başsağlığı” kimi qəbul edilir.
"Avropa Gürcüstanı” Partiyasından olan deputat Zurab Çiaberaşvilinin sözlərinə görə, birbaşa investisiyaların həcminin azalması bir tərəfdən ölkənin iqtisadi siyasətinin düzgün aparılmaması ilə bağlıdırsa, digər tərəfdən əcnəbi investorların onların Gürcüstandakı biznesinin qoruna bilməyəcəyi təhlükəsi ilə bağlıdır. Məqalədə o da qeyd edilir ki, bu statistik məlumatlar ilkindir və gələcəkdə dəyişə bilər. Ermənistanın "Jamanak” nəşri dərhal gürcü tərəfinin yaydığı xəbərlərə reaksiya verib. Qəzet rusların Ermənistana yox, daha çox Gürcüstana investisiya yatırmalarına toxunub.
"Gəlin, bu göstərici üzrə Gürcüstanın Ermənistanı 5 dəfə qabaqlaması faktını bir kənara qoyaq. Ötən il təkcə Rusiya tərəfinin Gürcüstan iqtisadiyyatına qoyulan investisiyanın həcmi 60 milyon dollardan artıqdır ki, bu da Rusiyanın Ermənistan iqtisadiyyatına yatırdığı investisiyadan müqayisə olunmaz dərəcədə çoxdur.
Yeri gəlmişkən, "New Eastern Europe” portalındaGeorgi Laşa Kasradzeyazır ki, hazırda Gürcüstanın siyasi mühiti "Gürcü arzusu”nun son illər verdiyi vədləri yerinə yetirə bilməməsi ucbatından yerində sayır. "Hətta Zurabişvilinin rəhbərliyi altında belə irəliyə doğru yolda xeyli çətinliklər var”, – müəllifyazır. Gürcüstanlılar azı 2012-ci ildən bəri, "Gürcü arzusu” keçmiş prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkatın”ı parlament seçkisində məğlub edəndən, bu koalisiyanın problemləri yoluna qoyacağını gözləyir. Amma koalisiya ətrafında getdikcə daha çox korrupsiya, səriştəsizlik iddiaları dolaşır. Elə prezident seçkinin qalibinin ikinci turda müəyyənləşməsi də İvanişvili və nazirlərinə bir zərbə oldu. "Ancaq milyarderdən siyasətçiyə çevrilmiş kardinal daha çox özünü günahlandırmalıdır; illər boyu o, elektoratını "dayə ölkəsi”nə çevirib, ipləri özü çəkib. Maliyyə resurslarından hiyləgərcəsinə öz xeyrinə istifadə edərək Gürcüstan ziyalılarına, məşhur aktyorlara, müğənnilərə, bəstəkarlara, yazıçılara maaş ödəyib”, – yazan müəllif İvanişvilinin seçkinin ikinci raundundan öncə son vasitəyə əl atdığını, 600 min gürcüstanlının kredit borclarını siləcəyini elan etdiyini yada salır. "Açıq aşkar bilinən odur ki, Gürcü arzusu ictimaiyyətin inamını yenidən qazanmaq istəyirsə, İvanişvili siyasətə yanaşması barədə yenidən düşünməlidir”, – məqalədə deyilir. Amma müəllif Zurabişvilinin ümidverici qələbəsinə baxmayaraq, çox şeyin dəyişməyəcəyinin ortada olduğunu vurğulayır. Seçkidən sonra İvanişvili seçicilərə "Gürcü arzusu”na ikinci mandatı verdiyinə görə təşəkkür etdi, "qalanı yəqin ki mənlikdir” dedi. "Gürcü arzusu”nun Gürcüstan və xalqını irəli aparmaq potensialı var... yalnız bir halda ki yolundakı ən böyük əngələ – özünə qalib gəlsin”, – müəllif vurğulayır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər