• cümə, 26 Aprel, 10:20
  • Baku Bakı 12°C

Gürcüstan hakimiyyətindən marixuananı leqallaşdırmaq tələb olunur

23.05.18 21:32 691
Gürcüstan hakimiyyətindən marixuananı leqallaşdırmaq tələb olunur
Ötən gün Gürcüstanın hakim "Gürcü arzusu” koalisiyası partiyanın yeni təyin olunan sədri Bidzina İvanişvilinin iştirakı ilə ilk iclasını keçirib. Əsas məsələ də narkoticarətin liberallaşdırılması məsələsi olub. "Ağ səs” hərəkatı ardınca bəyan edib ki, yüngül tərkibli narkotik vasitələrin leqallaşdırılması və yaxud cinayət məsuliyyətindən azad edilməsi tələbi ilə aksiyaları bərpa etmək niyyətindədir. Hərəkat üzvlərinin qənaətincə, Daxili İşlər Nazirliyi ilə bu məsələ ətrafında aparılan danışıqlar effekt vermir. Beləliklə, Tbilisidə bu məsələ ilə bağlı sakitçilik cəmi bir həftə sürüb.
Belə görünür, gənclər yenidən küçələrə çıxıb narkoticarətin liberallaşdırılması tələbi ilə çıxış etməyə hazırlaşır. Məlumat üçün bildirək ki, mayın 12-də polis paytaxtın barlarında xüsusi əməliyyat keçirib və onun gedişində 8 narkoticarətçi həbs edilib. Əməliyyat qanlı hadisələrlə sona çatıb - 5 nəfər həlak olub, 10 nəfər isə ağır intoksikasiya diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkəti parlament qarşısında yüzlərlə insanın toplaşmasına səbəb olub. Gənclərin liberal əhval-ruhiyyəli hissəsi də onlara qoşulub və bir neçə gün ərzində Tbilisinin mərkəzində polis zorakılığına son qoyulması və yüngül narkotiklərin satışına icazə verilməsi tələbi ilə aksiyalar keçirilib. Buna əks olaraq cəmiyyətin mühafizəkar hissəsi də aksiyalara başlamışdı. Millətçi və neonasist qruplaşmalar əks aksiyalarında hakimiyyətdən narkomaniya, cinsi azlıqlara qarşı mübarizə aparılmasını, konstitusiya ilə əks olunan ənənələrinin qorunmasını tələb ediblər. Polis toqquşmaların qarşısını alsa da, məsələ böyüdü.
Nəticədə, daxili işlər naziri Georgi Qaxariya "Ağ səs” hərəkatının liderləri ilə danışıqlara gedərək, aksiyaların dayandırılması barədə razılıq əldə etdi və DİN nümayəndələrinin iştirakı ilə iki qrup yaradıldı. Onlardan biri narkoticarətin liberallaşdırılması, digəri isə gecə klublarında keçirilən reydlərdə polis hücumlarını, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarını araşdırmalı idi. Nazir ikinci qrupun fəaliyyətində hər hansı bir problemin olmayacağına əmin olduğunu bildirib. Səbəb kimi də polis əməkdaşlarının hamısının videokameralarla təchiz olunmasını göstərib. "Ağ səs” və DİN əməkdaşlarının narkotik vasitələrin kriminaldan azad edilməsi barədə əməkdaşlığı da uzun sürməyib. "Liberallar” aksiyaların davamının mümkünlüyü barədə fikirlər səsləndirməyə başladılar. Onlara ən böyük dəstək isə narkotik vasitələrin rəhbərlik etdikləri obyektlərdə satışının olmadığını sübut edən gecə klublarının rəhbərlərindən gəlib. Bu klubların əksəriyyəti biznes fəaliyyətlərinin davam etdirilməsi barədə hələ də razılıq əldə edə bilməyiblər. Klubların böyük əksəriyyətinin qapısı hələ də bağlıdır. Baxmayaraq ki, hakimiyyətin onlara qarşı hər hansı bir iradı yoxdur.
Gürcü nəşrləri yazır ki, bu, cəmiyyət üçün çox ciddi problem kimi qəbul edilir. Onların qənaətincə, Gürcüstan marixuananın azad şəkildə istifadə edildiyi Hollandiya, Çexiya və yaxud Uruqvay deyil. Adları çəkilən ölkələrdə marixuananın istifadəsinə müəyyən faktorlar üzündən icazə verilir. Gürcüstanda isə bu vasitələrdən istifadənin hansı nəticələrə gətirib çıxaracağını heç kim söyləyə bilməz. Hakimiyyət və cəmiyyətin müxtəlif təbəqələrinin fikirləri yalnız bir məsələ ətrafında yaxınlaşmağa başlayıb. Bu da ondan ibarətdir ki, insanları tiryək çəkməyə görə həbsxanaya salmaq olmaz. Lakin dəqiq mövqe ortada yoxdur. Və təsadüfi deyil ki, hakim "Gürcü arzusu” da iclasını bu məsələyə həsr edib. Parlamentin səhiyyə komitəsinin sədri Akakiya Zoidzenin fikrincə, ola bilsin, narkoistifadəçilərə qarşı qanunvericilik bir qədər yumşaldılsın. Əksinə, onu reallaşdıranlara qarşı qanunlar sərtləşdiriləcək. "Hamı bir məsələdə yekdildir ki, insanlar narkotiklərin istifadəsinə görə həbsxanaya getməli deyil. Hazırda əsas məsələ keçid dövründən, ictimai fikrin buna köklənməsindən gedir. Liberallaşdırmanın istehlakçıların sayının artmasına gətirib çıxarıb-çıxarmayacağı və s”, - deyə o bildirib. Lakin belə bir ssenari reallaşacağı təqdirdə, ortaya çoxsaylı suallar çıxacaq. Məsələn, kim təminat verə bilər ki, polis narkotik vasitəni çəkəni narkodiler kimi qələmə verməyəcək? Bu səbəbdən də vəziyyət "bulanıq” təsiri bağışlayır. Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, bu sahə üzrə ölümlər və zəhərlənmələr həddən artıq çoxdur. Təkcə bu ilin ilk üç ayı ərzində müxtəlif narkovasitələrin istifadəsindən Tbilisi xəstəxanalarına 100-ə yaxın insan çatdırılıb. 10-a yaxın insan narkotika istifadəsi və yaxud buna bənzər haldan zəhərlənərək dünyasını dəyişib. Stasionar klinikalardan kənarda nə qədər belə hadisənin baş verdiyi isə açıq qalır.
Beləliklə, qonşu ölkə olduğundan gürcü tərəfinin qəbul edə biləcəyi "liberal” qərar ətraf ölkələrə də təsirsiz ötüşməyə bilər. Belə ki, narkotiklərin açıq şəkildə istifadəsinin ondan gəlir götürənləri daha geniş arealda "işləməyə” həvəsləndirməsi mümkündür.

Azər
banner

Oxşar Xəbərlər