Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir

Təfsilat
17 İyun 2019, 18:45 170
Cari ilin ilk rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,8 faiz təşkil edib. Əhalinin əsas işçi qüvvəsi iş üçün xarici ölkələrə üz tutur. Ölkə iqtisadiyyatına lazım olan mütəxəssislər isə xaricdən gətirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Borjomidə yerli sakinlərlə görüşündə deyib. Dövlət başçısı ölkədə potensial olduğunu, bununla belə mütəxəssislərin xaricdən gətirildiyini qeyd edib.
Məlumat üçün qeyd edək ki, birinci rübdə Gürcüstanda orta aylıq əməkhaqqı 1092,7 lari (təqribən 400 dollar) təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu göstərici ötən illə müqayisədə 33,5 lari çoxdur. Ən yüksək orta aylıq əməkhaqqı maliyyə və sığorta sahəsində qeydə alınıb – 1894,3 lari (691 dollar).
Orta aylıq əməkhaqqının yüksək olduğu ikinci sahə peşə, elmi və texniki fəaliyyət (1799 lari/655 dollar), üçüncü isə informasiya və kommunikasiya sahəsidir (1751,8 lari/638 dollar).