Gürcüstan Bakının böyük layihələrini qoyub niyə Ermənistanla əməkdaşlıq etməlidir ki?
Azərbaycan regionda Ermənistan xaric digər dövlətlərlə geniş əlaqələr
qurub. Ölkəmizin strateji tərəfdaşı olan Gürcüstanın müdafiə naziri Levan
İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti martın 9-da Azərbaycana rəsmi səfər
etdi və iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri
müzakirə olundu. Bunun ardınca Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili
martın 12-da Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər çərçivəsində həyata
keçirilən görüşlərdə regional layihələr, iki ölkə arasındakı əlaqələrin daha da
genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu.
Martın 15-də isə Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici
işlər nazirlərinin dördtərəfli görüşü olacaq. Qısa vaxt ərzində müşahidə olunan
bu fəallıq Ermənistan siyasi dairələrini dilə gətirib. İşğalçı ölkənin ictimaiyyət
təmsilçiləri, mediası müxtəlif formalarda narahatlıqlarını ifadə etməyə
başlayıb. Maraqlıdır ki, Azərbaycanla Gürcüstan arasındakı bu diplomatik fəallıq
hansı səbəbdən Ermənistanı narahat edir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, region ölkələri müəyyən təmasda
olanda, müxtəlif sazişlər imzalayanda və əməkdaşlığın səviyyəsini qaldıranda, bu,
özü-özlüyündə Ermənistanı dalana dirəmiş olmur: "Həm Türkiyə, həm də Azərbaycanın
Ermənistanla diplomatik əlaqələri mövcud deyil. Gürcüstanın isə müəyyən münasibətləri
olsa da, bu, o qədər də geniş formatda müşahidə olunmur. Əlbəttə ki, bu, Ermənistanı
qıcıqlandırır, eyni zamanda narahat edir. Çünki iqtisadi, siyasi və digər məsələlər
regionda birgə müzakirə olunur, müəyyən qərarlar çıxarılır, amma Ermənistan
faktiki olaraq, bütün layihələrdən kənarda qalır. Bu görüşlər regional səviyyədən
üstündür. Azərbaycan, Türkiyə, Gürcüstan arasında əldə olunan razılaşmalar Ermənistanın
siyasi ambisiyalarına zərbədir”.
F.Sadıxov əlavə etdi ki, İran Ermənistan üçün yeganə pəncərə, çıxış
yoludur: " Çünki bu ölkənin dünyaya başqa bir çıxış yolu, Rusiya ilə birbaşa sərhədləri
yoxdur. Hətta çalışsalar belə, Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri
mövcud deyil. Bu halda Ermənistan ancaq İran vasitəsilə özü üçün pəncərə yaradıb.
Amma əslində bu da Ermənistana heç bir köməklik göstərmir, fayda vermir. Əlbəttə
ki, onların ərazi iddiaları ölkələrini təcrid vəziyyətinə düşməyə məcbur edib.
Əslində Ermənistan anlasa, müəyyən güzəştlərə getsə, Azərbaycan torpaqlarını
azad etmək fikrinin tərəfdarı olsa, əlbəttə ki, onların müəyyən şansları var və
yaranmış vəziyyətdən istifadə edə bilərlər. Amma bunun üçün Ermənistanda sağlam
düşüncəli insanlar hakimiyyətə gəlməlidir. Hazırda siyasi rəhbərlikdə belə bir
insan və eləcə də siyasətçilər mövcud deyil”.
"Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, bu gün
Gürcüstana Azərbaycanla əməkdaşlıq lazımdır, nəinki heç nəyi olmayan Ermənistan:
"Gürcüstanın baş naziri 10 gün əvvəl Ermənistanda da səfərdə olmuşdu və orada
qardaşlıqdan, dostluqdan danışırdı, amma iqtisadiyyatdan danışa bilmirdi. Çünki
ortada böyük layihələr yoxdur. Azərbaycanla isə böyük enerji və digər layihələr,
hərbi əməkdaşlıq və başqa geniş spektrli münasibətlər mövcuddur. Həmçinin Azərbaycanın
təşəbbüsü ilə üçtərəfli formatda görüşlər keçirilir. Eyni zamanda, bir neçə
gündən sonra Azərbaycan, Türkiyə, Gürcüstan və İran xarici işlər nazirlərinin
Bakıda görüşü keçiriləcək. Ermənistan bu formatların heç birində iştirak etmir.
İqtisadi potensialı da yoxdur ki, hansısa ölkəyə yatırım qoysun, böyük layihələrin
iştirakçısı olsun. Təbii ki, Ermənistan regional layihələrdən məhz işğal etdiyi
Azərbaycan torpaqlarına görə məhrumdur. Azərbaycanın həyata keçirdiyi böyük
layihələr olduğu halda Gürcüstan niyə Ermənistanla əməkdaşlıq etsin ki? Eləcə də
digər dövlətlər. Ermənistan Rusiyanın forpostu olsa da, son nəticədə rəsmi
Moskva "Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycandan çəkilməsinə üstünlük
verdi. Ermənistan isə itirə-itirə gedir”.
E.Şahinoğlu əlavə etdi ki, İran da Azərbaycanla əməkdaşlığa maraq
göstərir: "Amma çox təəssüflər olsun ki, Ermənistanla təmaslarından da tam əl çəkmirlər.
Halbuki İranın Ermənistanla bu təmaslarının heç bir iqtisadi səmərəsi
olmayacaq. Əksinə, Azərbaycan səmərəli əməkdaşlıq təklif edir. Hətta rəsmi Bakı
Rəşt-Astara dəmiryolunun tikintisinə 500 milyon dollar kredit ayırıb. Bununla
da biz istəyirik ki, İran Azərbaycanın tərəfdaşına çevrilsin. Ermənistana da
bir xəbərdarlıq ünvanlasın ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyənə qədər
vəziyyəti düzəlməyəcək”.
Politoloq qeyd etdi ki, Ermənistan hakimiyyəti gününü yola verməklə məşğuldur:
"Lakin sabahı düşünəndə başa düşməlidirlər ki, Ermənistan bu cür mühasirə şəraitində
daha nə qədər yaşayacaq? Nə qədər sosial-iqtisadi xaosun içində boğulacaq?
Regiondakı bütün layihələr Ermənistandan yan keçir. Bu gün Gürcüstanın
qazandığı milyardlarla dolları Ermənistan əldə edə bilərdi. Əslində indi də
qazanmaq imkanı var, sadəcə Azərbaycan torpaqlarını azad etməlidir. Torpaqları
da azad etmədikcə, onların vəziyyəti getdikcə gərginləşəcək. Çıxış yolu da tapa
bilmirlər. Görürlər ki, bütün qonşular Azərbaycanla əməkdaşlıq edir. Ermənistan
rəhbərliyi strateji düşünmək istəmir, əgər belə düşüncələri olsa, gərək Azərbaycan
torpaqlarını azad edələr. Ona görə də düşünürəm ki, Ermənistanı böyük faciələr
gözləyir. Üstəgəl, Azərbaycan ordusu da güclənir və hərbi təzyiqləri günbəgün
artırır”.
Bəxtiyar MƏMMƏDLİ