• cümə, 19 Aprel, 05:13
  • Baku Bakı 18°C

“Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə”

02.08.14 09:55 1531
“Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə”
Dünen Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib. Müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri səfər çərçivəsində Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclərin işi üzrə Nazirliyin yanında Gənclər və Uşaq Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihənin həyata keçirilməsində iştirak edəcəklər. Layihəyə bu gün start verilib.
Azərbaycan jurnalistləri əvvəlcə Tbilisi şəhərinin mərkəzindəki Qəhrəmanlar meydanına gələrək Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksini, ardınca paytaxtdakı parkda ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Sonra jurnalistlər Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyini ziyarət ediblər. Muzeydəki eksponatlarla yaxından tanış olublar.
Günortadan sonra jurnalistlər Gürcüstanın idman və gənclər naziri Levan Kipiani ilə görüşüblər. Görüşdə nazir Gürcüstan-Azərbaycan arasında olan dostluqdan, hər iki ölkənin idman nazirlikləri arasında həyata keçirəcəkləri bir sıra layihələrdən söhbət açıb. Görüşdə Gürcüstanın Gənclər və Uşaqların İnkişafı Fondunun sədri İrakli Jorjolien və Fondun departament təmsilçiləri müxtəlif təqdimatlarla çıxış edərək, həyata keçirdikləri tədrbirlərdən, gördüyü işlərdən danışıblar.
Görüşdə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva bu layihəni iki dövlətin münasibətlərinin daha da dərinləşməsində və media körpüsünün yaranmasında böyük rolu olduğunu deyib.
Sonda isə Azərbaycan jurnalistləri adından Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə çıxış edərək layihənin keçirilməsinə görə başda nazir Levan Kipiani olmaqla zəhməti keçən hər kəsə minnətdarlığını bildirib. Sonra nazirə Azərbaycan jurnalistləri adından Qarabağ bağlı kitab təqdim olundu.
Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində Azərbaycan jurnalistləri Gürcüstanın mədəni-tarixi abidələri ilə tanış olacaq, Gürcüstanın elm və təhsil naziri, həmçinin bir sıra digər rəsmi şəxslərlə görüşəcək, ölkənin bəzi görməli yerlərinə, eyni zamanda azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinə səfər edəcəklər.
Layihəyə görə, Azərbaycan jurnalistlərinin Gürcüstan prezidenti ilə görüşü də gözlənilir. “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihə avqustun 4-də başa çatacaq.
Rufik İSMAYILOV
Gürcüstan, Tbilisi
banner

Oxşar Xəbərlər