• çərşənbə axşamı, 23 aprel, 12:35
  • Baku Bakı 24°C

Gürcülərin də “Timoşenko”su oldu

20.02.14 08:39 1127
Gürcülərin də “Timoşenko”su oldu
Gürcüstan sabiq baş naziri Vano Merabişvili barəsində çıxarılan 5 illik həbs qərarı ölkə gündəminin prioritetinə çevrilib. Merabişvili ilə yanaşı, keçmiş səhiyyə, əmək və sosial müdafiə naziri Zurab Çiaberaşvili barəsində də qərar çıxarılıb. Lakin o, sadəcə iri məbləğdə cərimə ödəməklə canını qurtara bilib. Cərimənin məbləği isə 30 min dollar olub.
Əksəriyyət bu məhkəmə qərarlarını “Gürcü arzusu” koalisiyasının rəqiblərini sıradan çıxarmaq cəhdi kimi qələmə verir. Merabişvili Saakaşvilidən sonra Gürcüstanda ikinci şəxs hesab edilirdi, hətta onu prezidentliyə namizəd kimi görənlər də var idi. DİN rəhbəri olarkən bu qurumda ciddi islahatlar aparmış və oranı nümunəvi bir nazirliyə çevirməyə müvəffəq olmuşdu. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşları rüşvət almamağa başladılar, şüşəli polis məntəqələri isə Gürcüstanın bir növ vizit kartına çevrildilər. Lakin əhali yenə də narazı idi - onlar vətəndaş azadlıqlarının məhdudlaşdırıldığını, müxalifət isə ölkənin daha çox polis dövlətinə çevrildiyini iddia edirdi. Onun dövründə telefonların dinlənilməsi və vətəndaşların izlənilməsi total şəkil aldı. DİN-də hakimiyyət dəyişikliyindən sonra kompromat arxivlər üzə çıxdı, orada 26 min fayl aşkarlandı. Parlament seçkiləri ərəfəsində Saakaşvili Merabişvilini baş nazir təyin etsə də, vəziyyət dəyişmədi. “Milli Birlik” seçkilərdən məğlub çıxdı. Onu da qeyd edək ki, Merabişvili Saakaşvilinin yaxın dəstəsi içərisində həbs cəzası olan ilk şəxs olub. Gürcüstanda bir çoxları əmindir ki, Merabişvili sonuncu olmayacaq.
Beləliklə, eks-baş nazir yalnız xidməti səlahiyyətindən sui-istifadə də, seçiciləri pulla ələ almaqda, dövlət vəsaitlərini öz maraqlarına uyğun sərf etməkdə günahlandırılıb. İttihamlarda onun Saakaşvilinin lideri olduğu “Vahid Milli Birlik” Partiyasını büdcə vəsaitləri ilə qeyri-qanuni maliyyələşdirdiyi bildirilib. May ayında həbs edilən Merabişvili ilə bağlı hamı bu qənaətdə idi ki, onu ən azı 17 il həbs cəzasına məhkum edəcəklər. Tək elə 2011-ci il mayın 26-da zor gücü ilə dağıdılan aksiyaya görə onu 8 il həbs cəzası gözləyə bilərdi. O zaman bu zorakılıq dörd nəfərin ölümünə səbəb olmuşdu. Kutaisi Məhkəməsi tərəfindən çıxarılan qərarı prinsip etibarilə həddən artıq xeyirxah hesab edənlər var. Çoxları hesab edir ki, Merabişvili canını beş illə qurtara bilməyəcək. Gələcəkdə onun həbs müddətinə əlavə 30 il də əlavə oluna bilər. Onu Qara dəniz sahilində dövlət hesabında olan bağları özəlləşdirməkdə də günahkar saya bilərlər.
Görünür, hakimiyyət Merabişvili barəsində irəli sürülən ittihamları tam şəkildə ortaya qoymaq istəməyib. Ola bilsin, rəsmi Tbilisi həm də Qərbi özündən çıxarmaq istəməyib. Merabişvilinin partiyadaşları çıxarılan qərarı siyasi adlandıraraq dəstək üçün Qərbə müraciət etmək niyyətindədirlər. Məhkəmə qərarı elan edilən zaman Merabişvilinin tərəfdarları Kutaisi məhkəməsinin qarşısında əllərində “Vanoya azadlıq”, “Polisdə islahatlara görə sağ ol”, “Siyasiləşmiş məhkəməyə son” şüarları səsləndiriblər. Məhkumun özü isə prosesdə iştirak etməyib. Səhhətində problem olduğunu əsas götürən keçmiş məmur Tbilisidə cəza çəkdiyi xüsusi izolyatordan çıxmaq istəməyib. Qərarı sabiq səhiyyə naziri tək dinləməli olub. Prokuror bildirib ki, Merabişvili və Çiaberaşvili büdcə vəsaitlərini o zamankı hakim partiyanın mövqelərinin güclənməsinə sərf olunması mexanizmlərini işləyib hazırlayıblar. Tərəfdarları qarşısına çıxan Çiaberaşvili məhkəmənin qərarından Gürcüstan Ali Məhkəməsinə və Apelyasiya Məhkəməsinə, ehtiyac olarsa lap Strasburq Məhkəməsinə müraciət edəcəyini deyib.
Qeyd edək ki, sabiq nazir bir neçə il Gürcüstanın AŞ PA-dakı səfiri vəzifəsində çalışıb. Ən maraqlısı odur ki, çoxları artıq Merabişvili ilə Yuliya Timoşenko arasında oxşarlıq axtarmağa başlayıb - hər ikisi həbsdədir, barələrində də xidməti vəzifədən sui-istifadə ittihamları var, hakimiyyət onları ciddi rəqib kimi görür. Beləliklə, artıq demək olar ki, gürcülərin də Timoşenkosu yaranıb, sadəcə, gender fərqi var. Lakin Ukraynada Timoşenkonun tərəfdarları çoxluqda olsalar da, Gürcüstanda Merabişvilinin xalq arasında dəstəyi azdır. Onun həbs olunmasından təəssüflənənlər yalnız partiyadaşlarıdır.
Məhkəmə qərarı “Vahid Milli Birlik” hərəkatının liderləri arasında kəskin reaksiyaya səbəb olub. Formal olaraq Merabişvili keçmiş hakimiyyət partiyasının baş katibi kimi qalır. “Bu, sırf siyasi prosesdir və İvanişviliyə baha başa gələcək” - deyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Qiqa Bokeriya bildirib. Bokeriya da məhkəmə qərarını siyasi qərar adlandıraraq bunun hakimiyyət üçün çox mənfi nəticələrə gətirib çıxaracağını vurğulayıb: “Bununla bir daha sübut olundu ki, Gürcüstanda azad məhkəmə yoxdur. Bu siyasi qərarların məsuliyyəti Qaribaşvili və İvanişvilinin üzərinə düşür. Bu gün tək ədalət məhkəməsi üçün deyil, bütövlükdə ölkə üçün pis bir gün oldu”. “Milli Birlik Partiyası”ndandan olan deputat David Darçiaşvilinin qənaətincə, İvanişvili müxalifəti məhv etmək siyasəti yürüdür. “Biz və Avropa cəmiyyəti bunu etməyə imkan verməyəcəyik” - deyə, o, bildirib. Merabişvilinin vəkili Georgi Çiviaşvili də çıxarılan hökmlə bağlı apelyasiya verəcəklərini bildirib: “Hakimlər heyəti hakimiyyət tərəfindən olan təzyiqlər qarşısında duruş gətirə bilmədi və sonda qanunsuz bir qərar qəbul etdi. Biz qanun çərçivəsində bu ədalətsiz qərardan şikayət verəcəyik. İşin Kutaisi Məhkəməsinə verilməsi barədə xəbər aldıqda başa düşdük ki, hakimiyyət nəyin bahasına olursa-olsun Merabişvilini həbsxanaya salmaq istəyir. Biz məhkəmənin ədalətli qərar qəbul edəcəyinə ümid edirdik, lakin təəssüf ki, bu, baş vermədi”.
Deputat David Sakvarelidze bildirib ki, hakimin hər iki şəxs barədə müxtəlif qərar qəbul etməsi aydın deyil: “Hər iki şəxs eyni maddə üzrə ittiham olunurdular. Lakin Merabişvili 5 il, Çiaberaşvili isə 30 min dollar cərimə olundu. Bu, gürcü cəmiyyəti və məhkəməsini ələ salmaqdan başqa bir şey deyildi” - deyə deputat sonda bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər