• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Gürcülərin ağdamlı qəhrəmanı – Gənclərə örnək

08.10.14 12:18 4579
Gürcülərin ağdamlı qəhrəmanı – Gənclərə örnək
1987-ci ilin fevral ayı. Qonşu Gürcüstanda baş verən təbii fəlakət nəticəsində Çaladidi kəndini sel basır. Su basmış ərazilərdən əhalinin çıxarılmasına hərbi hissələr cəlb olunur. Ancaq hərbçilərin əksəriyyəti acınacaqlı vəziyyəti görüb suya girməkdən imtina edirlər. 19 yaşlı azərbaycanlı hərbçi Rahib Məmmədovsa ölümünü göz önünə alıb xilasetmə işlərinə başlayır. “Gənclərə örnək” rubrikasının budəfəki qəhrəmanı Rahib Məmmədovdur.
“Rahibin adı gələndə anamı qəhər boğur”
Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdamın Mahrızlı kəndində dünyaya göz açıb. 6 uşaqlı ailədə birinci övlad olub. Qardaşı Sahib Məmmədov bizimlə söhbətində deyir ki, Rahib ailəcanlı, zəhmətkeş, təsərrüfatcıl, qoçaq idi: “Həmişə böyük qardaş kimi ondan nümunə götürərdik. Üstündən illər keçsə də, Rahibin adı gələndə anamı qəhər boğur. Rahib başqa cür oğul idi. Bir yerdə dayanmırdı, həmişə nə iləsə məşğul olurdu, iş-güc dalınca qaçırdı. Çox zəhmətkeş idi. Uşaqla uşaq, böyüklə böyük idi”.
Hadisə necə baş verir?
Rahib Ağdamda Mexanizasiya Texnikumunda mexanik ixtisasına yiyələndikdən sonra 1985-ci ilin oktyabrında hərbi xidmətə yollanır. 2 ildən sonra - 1987-ci il oktyabrın 1-də əsgəri xidmətini başa vurub kəndlərinə qayıtmalı, sevdiyi qıza qovuşmalı idi. Ancaq 1987-ci il fevralın 1-dən 2-nə keçən gecə Batumidə baş verən daşqın 19 yaşında onun ömrünü yarıda qoyur. Belə ki, 1987-ci ilin fevralında qonşu Gürcüstan respublikasında havaların isti keçməsi, qarın üzərindən güclü yağışın yağması regionda təbii fəlakətə səbəb olur. Nəticədə Kür çayının bir qolu sayılan Rioni çayı məcrasından çıxır. Çayın yaratdığı ilk faciə Çaladidi kəndində baş verir. Respublikada fövqəladə vəziyyət elan olunur. Su basmış ərazilərdən əhalinin çıxarılmasına hərbi hissələr cəlb edilir. Batumi şəhər Xerçal qəsəbəsində yerləşən motorlaşdırılmış hərbi hissədən xilasetmə işlərinə cəlb edilmiş dörd ədəd zirehli maşınları (BTR ) idarə edən əsgərlərin arasında azərbaycanlı Rahib Məmmədov da olur. Yolda xilasetmə işlərinə səfərbər edilmiş “BTR”-lərdən birinin mühərriki nasazlayır. Çaladidi kəndinə çatdıqdan sonra acınacaqlı və dəhşətli vəziyyəti görən daha bir “BTR” komandası suya girməkdən imtina edir. Qalan iki BTR-dən birini Rahib Məmmədov idarə edirdi. Digərinin heyətində isə mayor Kurşakov və leytenant Aleksandr Ksenefontov olur. Beləliklə, xilasetmə işlərinə başlanılır. Çaladidi kəndinin aşağı hissəsindən keçən dəmiryol xəttinin suyun axarının qarşısını alması vəziyyəti bir qədər də gərginləşdirmişdi. Rahib Məmmədov idarə etdiyi “BTR”lə su basmış kəndə birinci girişi nəticəsində çoxlu kənd sakinini xilas etmək mümkün olur. Lakin dəmiryol xətti və onun yaxınlığında inşa edilən körpünün altında selin gətirdiyi ağaclar suyun qarşısını aldığından onun səviyyəsi bir qədər də artır. İkinci gedişdə leytenant Ksenofontovun idarə etdiyi BTR-in pəri ağaca ilişərək qırılır. BTR işlək vəziyyətini itirdiyindən suda batmağa başlayır. Bunu görən Rahib Məmmədov kənd sakinlərini düşürüb təcili olaraq əsgər yoldaşlarını xilas etməyə tələsir. Çox çətin olsa da, Ksenefontovun idarə etdiyi BTR-i xilas edir. Ancaq suyun səviyyəsi artmaqda davam etdiyindən xilasetmə işləri çətinləşir və hərbçilər mümkün təhlükəni əsas gətirərək xilasetmə işlərini dayandırmaq istəyirlər. Lakin kənddə hələ də adamların qaldığını görən Rahib Məmmədov mayor Kurşakov və leytenant Aleksandr Ksenefontovla birgə yenidən kəndə gəlir və qalan səkkiz nəfəri “BTR” in üzərinə yığaraq xilas edir. Qayıdan məqamda suyun səviyyəsi daha da artdığından Rahib Məmmədovun BTR-i idarə etməsi çox çətinləşir. Belə gərgin məqamda, üstəlik, BTR-in lüləsi körpünün üst örtüyünə ilişir və zərbədən əyilir. BTR suyun axınının əksi istiqamətində ilişdiyindən Rahib nə qədər çalışsa da, vəziyyətdən çıxa bilmir. Su isə artıq BTR-in lyükundan içəri dammağa başlayır. Bu zaman daha bir bədbəxtlik baş verir. Belə ki, zərbələrdən içəridə olan mayor Kurşakovun ayaqları sınır. Bu məqamda Rahib Məmmədov BTR-in üzərində olanlara özlərini quruya atmağı əmr edir. Özü isə bir anlıq BTR-ın lyükün açıb çıxmaq istəyərkən su şırnağı texnikanı yuxarı çırpır və Rahib Məmədov “BTR”-lə körpünün dəmiri arasında qalır. Leytenant Ksenofontovun dediyinə görə, məhz suyun təsirindən “BTR” sanki quruya atılır. Lyukdan çıxarkən Rahib Məmmədovun qan içində olduğunu görürlər. Həkim briqadası gələn zaman Rahib artıq keçinibmiş...
Sevilən əsgər
Sahibin sözlərinə görə, Rahib məlum hadisədən 2 ay əvvəl məzuniyyətini götürüb kəndlərinə gəlmişdi: “Danışıqlarından belə başa düşürdüm ki, texnikadan başı çıxdığına, nizam-intizama riayət etdiyinə görə hərbi hissədə sevilən əsgərdir”.
Qeyd edək ki, Keçmiş SSRİ rəhbərliyi Rahib Məmmədovu bu fədakarlığına görə, ölümündən sonra “Qızıl Ulduz” ordeni ilə təltif etmişdi. 1987-ci ilin martında 40 gün ərzində Ağdam Rayon Partiya Komitəsinin o zamankı birinci katibi işləmiş Sadıq Murtuzayevin təşəbbüsü ilə Rahib Məmmədovun vaxtilə oxuduğu məktəb üçün yeni bina inşa edilir. Əvvəlcə məktəbin bir hissəsində qəhrəmana həsr edilmiş guşə, sonra ictimai əsaslarla muzey fəaliyyətə başlayır. Məktəbdə fəaliyyət göstərən muzeydə eksponatların toplanması və ziyarətçilərə onların təqdimatının yükünü məktəbin tarix müəllimi Məzahir Məhərrəmov çəkirdi.
Xatirə muzeyi
18 may 1990-cı ildə, muzeylər günündə, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə muzeyə rəsmi status verilir.
Onu da deyək ki, Ağdam rayonunun Mahrızlı kəndində fəaliyyət göstərən Rahib Məmmədovun Xatirə Muzeyi Qarabağ savaşı zamanı işğal altında olmayan yeganə mədəniyyət mərkəzidir. Müharibənin ən şiddətli vaxtlarında muzey hərbi hospital kimi istifadə edildiyindən 1992-1997-ci illər arasında müvəqqəti olaraq fəaliyyətini dayandırıb. 1998-ci ildən başlayaraq mədəniyyət ocağının fəaliyyəti yenidən bərpa olunur. Hazırda muzeyin fondunda 1776 eksponat var. Muzeydə bu gün 330 eksponat nümayiş etdirilir. Muzeyin binası bərbad vəziyyətdə olduğundan eksponatların ən qiymətliləri Bakıdakı “İstiqlal” muzeyinin fondunda saxlanılır.
Erməni saxtakarlığı
Rahibin qardaşı bizimlə söhbətində qeyd etdi ki, sənədlərdə qardaşının 28 relsə 60-dan çox adamı xilas etdiyi bildirilir: “Amma fəlakət olan kənddə yaşayan gürcülərin dediyinə görə, əslində Rahib daha çox adamı xilas edib. Sadəcə qeydiyyatı aparan erməni olduğundan həm relslərin, həm də Rahib tərəfindən xilas edilən adamların sayını az göstərib. Burada da erməni xəbisliyi, saxtakarlığı özünü göstərib”.
“Gürcülər bizi hörmətlə qarşılayır”
Qeyd edək ki, Batuminin yaxınlığında Xovi rayonunu Çaladidi kəndində Rahibin adına park salınıb, büstü qoyulub. BP şirkətinin Gürcüstandakı Azərbaycan nümayəndəliyi büstü yenidən bərpa edib. Sahibin sözlərinə görə, özü, ya qardaş-bacısı sözügedən kəndə gedəndə gürcülər onlara çox hörmətlə yanaşırlar: “Rahibin ailəsi olduğumuzu biləndə bizi evlərinə dəvət edirlər”.
Rahib rəhmətə gedəndə Sahib qardaşının adını daşıyan məktəbin 11-ci sinfində oxuyurmuş. Deyir ki, mərd, insanlardan ötrü özünü ölümə atan qardaşının olduğuna görə qürur duyur: “Oğlumun da adını Rahib qoymuşam ki, o da Rahib kimi mərd olsun”.
Lalə MUSAQIZI
P.S. Yazını hazırlamaqda göstərdiyi köməyə görə Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Vüqar Tofiqliyə minnətdarlığımızı bildiririk.

banner

Oxşar Xəbərlər