• cümə, 29 Mart, 15:10
  • Baku Bakı 14°C

Gürcülər Qərbdən üz döndərir

22.05.15 05:31 940
Gürcülər Qərbdən üz döndərir
Gürcüstanda maraqlı, qeyri-adi proseslər yaşanır. Bir vaxtlar Rusiyanı ən başlıca rəqib kimi görən gürcülər indi artıq özlərini Kremlin əsas layihələrində görürlər. ABŞ Milli Demokratiya İnstitutunun (National Democratic Institute (NDİ) keçirdiyi sorğunun nəticələri bu qənaətə gəlməyə əsas verir.
Sorğunun nəticələri gürcü cəmiyyətində ziddiyyətlərin necə dərinləşdiyini üzə çıxarıb. Bu, həm də xarici siyasət vektorunun dəyişilməsi məsələsinin zəruriliyini gündəmə gətirib. NDİ-nin nəticələrinə görə, rəyi soruşulanların 31 faizi Gürcüstanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü dəstəkləyib. Düzdür, quruma üzvlüyün əleyhinə çıxanlar 41 faiz olsa da, hər halda 31 faizin özü də artıq çox ciddi rəqəm hesab edilməlidir. Axı məhz Rusiya bu ölkənin ərazisinin böyük bir qismini işğal edib. Məhz Rusiya Gürcüstana qarşı müharibəni həyata keçirib. Hətta iş o yerə çatıb ki, prezident Georgi Marqvelaşvili əldə olunan nəticələri narahatedici və tədqiqə ehtiyacı olan məsələ adlandırıb. Qərbyönümlü baxışları ilə seçilən prezidentin narahatçılığı başadüşüləndir. Belə ki, cəmi bir il bundan öncə ölkənin Aİİ-yə üzvlüyünü əhalinin cəmi 15 faizi dəstəkləyirdi. O zaman, elə indi də, gürcü qərbyönümlüləri Aİİ-yə üzvlüyün tərəfdarlarının artması barədə rəqəmləri şişirdilmiş sayır. Onlar keçən il NDİ-nin göstəricilərini əhalinin siyasi cəhətdən naşı olması ilə əlaqələndirmişdilər. Eləcə də əhalinin Avropa İttifaqı (Aİ) ilə Aİİ arasında çaşıb qaldığını ehtimal edirlər. Yəni demək istəyirlər ki, əhali Aİİ-ni Aİ ilə səhv salıb. Lakin gürcü siyasi dairələrində bu ehtimalı qəbul etmirlər. Çünki sorğunu keçirən zaman əhaliyə bu barədə ətraflı məlumat verilib. Bunu NDİ-nin ekspertləri də bildiriblər.
Bir faktı da qeyd edək ki, ölkəni Şimali Atlantika Bloku - NATO-da görmək istəyənlərin sayında da azalma hiss olunur. Belə ki, əgər ötən il Gürcüstanı NATO-da görmək istəyənlər 72-76 faiz arasında idisə, indi bu rəqəm 65 faizə düşüb. Yəni bu rəqəm gürcü qərbpərəstləri üçün tutarlı rəqəmdir.
Göstəriciləri şərh edən “Financial Times” qəzeti yazır ki, Avrasiyaya inteqrasiya tərəfdarlarının sayının artması bir sıra səbəblərlə izah oluna bilər. İlk növbədə Gürcüstanın Rusiya siyasi orbitinə dönüşü üçün müəyyən şərait yetişib. Çox güman ki, Gürcüstanın Avropa ailəsinin bir üzvünə çevriləcəyi barədə xəyalların puç olması gürcüləri bu qənaətə gəlməyə vadar edib. Həqiqətən də, Gürcüstanın Aİ və NATO ilə qarşılıqlı münasibətlərinin xarakterinə nəzər saldıqda dərhal gözə belə bir sxem gəlir –Tbilisi bu institutların təklif və məsləhətlərini yerinə yetirir, əvəzində isə yalnız təşəkkürlər və nə vaxtsa “ailənin” üzvünə çevriləcəyi barədə quru vədlər qazanır. Xüsusən də Gürcüstanın NATO ilə əməkdaşlığı sahəsində problemlər ortaya çıxır. Ölkə uzun müddətdir ki, nəinki NATO-nun hərbi əməliyyatlarında iştirak edir, hətta bu əməliyyatlarda iştirak səviyyəsinə görə Birləşmiş Ştatların özünə belə yaxınlaşıb. Əhalisinin və ərazisinin az olmasına baxmayaraq, canlı qüvvə sarıdan xeyli itkilər də verib. Lakin Gürcüstanın NATO-ya üzvlüyü məsələsində Alyans məmurları vurğunu ona yönəldirlər ki, bu məsələ prinsip etibarilə həll olunub. Ancaq üzvlük məsələsinin konkret olaraq nə vaxt baş tutacağı barədə suala cavab verməkdən yayınırlar. Daha dəqiq desək, Tbilisinin NATO-ya üzvlüyün sonuncu mərhələsi hesab edilən Üzvlük üzrə Fəaliyyət Proqramına nə vaxt qoşulacağını deməkdə çətinlik çəkirlər. Təsadüfi deyil ki, bu günlərdə Brüsseldə Gürcüstan parlamentinin spikeri David Usupaşvili bəyan edib ki, bu məsələdə dəqiqlik istəyirlər – ya Gürcüstana Üzvlük üzrə Fəaliyyət Proqramı təqdim edilir, ya da bu, Gürcüstana lazım deyil. Rəsmi Tbilisinin Aİ xətti üzrə arzuları da arzu olaraq qalır. Tbilisi ümid edirdi ki, Riqada “Şərq tərəfdaşlığı” Proqramı sammitində Aİ tərəfindən vizasız gediş-gəliş barədə sənəd imzalanacaq. Lakin son məlumatlara görə, bu, baş verməyəcək. “Financial Times” qəzeti bununla bağlı gürcü politoloqu Eki Metrevelinin sözlərini sitat gətirib: “Qərbdən hansısa bir şirni gərəkdir. Ötən ilin iyul ayında Gürcüstan Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı sənədə imza atıb. NATO-nun Kardifdə keçirilən sammitində isə ona üzvlüklə bağlı proqram təqdim edilmədi. Aİ isə viza rejiminin yumşaldılması ilə bağlı məsələni təxirə saldı”. Qəzet həmçinin qeyd edir ki, Gürcüstan əhalisinin Qərblə münasibətlərinin soyuqlaşmasına səbəb Ukraynadakı böhran ola bilər. Və burada başqa bir politoloqun fikirləri yer alıb. “Bir çox gürcülər Avropanı qətiyyətsizlikdə günahlandırır. Bu fonda Putin öz məqsədinə çatan güclü oğlan təsiri bağışlayır. İnsanların beynində Avropanın onlar üçün faydalı olub-olmadığı və Rusiya ilə qarşıdurmadan qaçılması sualları yaranır” - deyə Qiya Nodiya bildirib. Yeni hakimiyyətə gəldikdə, “Gürcü arzusu” Qərblə əməkdaşlıqdan imtina etmir, lakin digər tərəfdən, Rusiya ilə münasibətlərin normallaşmasını da əhəmiyyətli məsələ adlandırır. Ticarət münasibətlərinin normallaşması problemləri həll etməsə də, pozitiv məqamlar göz önündədir. Artıq rusiyayönümlü partiya və təşkilatların nüfuzu durmadan artır. Hətta onların bir çoxu gələn il keçiriləcək parlament seçkilərində qalib gəlməyə də iddialıdır. Bu qələbə qanunverici orqanda qərbyönümlü partiyaların inhisarçı mövqeyinə son qoymuş olar. Rusiyayönümlü siyasətçi kimi ad çıxaran sabiq spiker, “Birləşmiş demokratik hərəkatın lideri” Nino Burcanadze əmindir ki, Gürcüstanda Aİİ-yə inteqrasiya tərəfdarlarının sayı durmadan artır və qeyd olunan 31 faizlik göstərici hələ azdır. O bildirib ki, ABŞ-ın heç bir təşkilatının ortaya qoyduğu nəticə reallığı əks etdirmir. Bir sıra gürcü ekspertləri cəmiyyətdəki ictimai əhval-ruhiyyədəki metamorfozanın səbəblərini müəyyən etməyə çalışıblar. Onların qənaətincə, Avrasiya inteqrasiyası tərəfdarlının sayının artması üç faktorla izah oluna bilər. Birincisi, Qərbin Gürcüstana qarşı passivliyindən doğan təəssüf hissi, ikincisi, Aİİ-nin populyarlığının artmasıdır. Nəhayət, üçüncü məsələ Rusiya təbliğatının effektivliyidir. Belə ki, Rusiya telekanallarının yayımını həyata keçirən kabel televiziyaları vasitəsilə bu təbliğat maşını gücləndirilib. NDİ-nin hesablamalarına görə, rəyi soruşulanların 38 faizi ORT, 30 faizi RTR, 20 faizi isə REN TV-yə baxır. Halbuki CNN-ə baxanların sayı cəmi 15 faizdir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər