• cümə, 26 Aprel, 23:09
  • Baku Bakı 22°C

“Gürcü xalqının işıqlı seçimi”

18.04.18 22:11 759
“Gürcü xalqının işıqlı seçimi”
Gürcüstanda "NATO günləri” start götürüb. Mayın 1-ə qədər davam edəcək budəfəki tədbirlərin əsas məqsədi gürcü regionlarında təbliğat aparılmasıdır. Əhali Şimali Atlantika Alyansı ilə əməkdaşlığın perspektivləri barədə ətraflı məlumatlandırılacaq. Xarici işlər naziri Mixail Canelidze bildirib ki, düşmən təbliğatına baxmayaraq ölkə əhalisinin böyük bir hissəsi Gürcüstanın NATO-ya üzvlüyünü tərəfdarıdır. Tbilisi Şəhər Şurasında keçirilən açılış mərasimində çıxış edən prezident Georgi Marqvelaşvili Şimali Atlantika Blokuna üzvlüyü "gürcü xalqının işıqlı seçimi” adlandırıb. "Bu məqsədə çatmaq üzərində bütün dövlət strukturları, o cümlədən Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş qərargahı və Xarici İşlər Nazirliyi çalışır”, - deyə dövlət başçısı vurğulayıb. Prezident hesab edir ki, Gürcüstanın NATO ilə əməkdaşlığının əsas əlaməti beynəlxalq sülhyaratma missiyalarında iştirak olmalıdır. Georgi Marqvelaşvili Qara dənizdə ümumi təhlükəsizlik üçün ümumi sistemin yaradılması istiqamətində intensiv beynəlxalq dialoqa çağırıb. Bu dialoqun 28+2 formulu (NATO ölkələri üstəgəl Gürcüstan və Ukrayna) üzrə aparılmasının zəruri olduğu vurğulanıb. Prezident "başlıca düşmən” üzərində fəaliyyətə başlanılmasının zəruri olduğunu vurğulayıb. Rusiyanın adını çəkilməsə də, prezident bildirib ki, NATO-ya və qərb dəyərlərinə qarşı total informasiya təbliğat müharibəsi aparılır. Onun sözlərinə görə, bu səylərə qarşı birgə mübarizə aparılmalıdır. Prezident onu da deyib ki, Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik”. G.Marqvelaşvili qeyd edib ki, Gürcüstandan asılı olan bir çox amillər, o cümlədən, ticarət əlaqələri, Qərblə Şərqi birləşdirən əsas ticarət marşrutları, Qara dəniz regionunun sabitliyi məsələsi var: "Bu Avropa və Avroatlantik amillərdir və Gürcüstanın daxil edilməsi çox vacibdir”.
Xarici İşlər naziri Mixail Canelidze öz növbəsində vəd edib ki, "NATO günləri”ndə şəxsən iştirak edəcək. "Gürcüstanın NATO-ya inteqrasiyası ilə bağlı keçirilən sayca 11-ci tədbirlərlə bağlı əhalini məlumatlandırılacaq, əldə olunan nailiyyətlərdən bəhs ediləcək. Bundan əlavə, artan düşmən təbliğatının dəf edilməsinə çalışılacaq”, - deyə nazir bildirib. O, əmindir ki, "düşmən təbliğatına baxmayaraq, əhalinin mütləq çoxluğu ölkənin Qərb strukturlarına, xüsusən də NATO-ya üzvlüyünü dəstəkləyir.
Yeri gəlmişkən, "NATO günləri” ərəfəsində Alyansın baş katibinin yeni təhlükəsizlik çağırışları üzrə müavininin köməkçisi Ceymi Şea gürcü kütləvi informasiya vasitələrinə müsahibəsində bir sıra gürcü ekspertləri arasında populyar olan neytrallığın Rusiya tərəfindən yeni hücumun qarantı olduğu barədə yayılan fikirləri sərt tənqid edib. O, həmçinin Gürcüstanın NATO-ya Abxaziya və Cənubi Osetiya olmadan üzvlüyü ideyasına qarşı çıxıb. Onun sözlərinə görə, bu məsələ "Kollektiv müdafiə” barədə Nizamnamənin beşinci bəndinə uyğun deyil. Halbuki, bir çox gürcü ekspertləri bunu mümkün hesab edir. "Bu cür yanaşma Gürcüstanın alyansa inteqrasiyasına qarşı çıxan bəzi Avropa ölkələrinin mövqeyini dəyişə bilər. Onlar Abxaziya və Cənubi Osetiyaya görə Rusiya ilə müharibə vəziyyətində qalmaq istəmirlər”, - deyə politoloq Georgi Nodiya bildirib. Lakin NATO nümayəndəsi Ceymi Şea bildirib ki, kollektiv müdafiə ilə bağlı NATO Nizamnaməsinin beşinci maddəsinin tədricən tətbiqi mümkün deyil. "Mən hesab etmirəm ki, Gürcüstanın bir hissəsi NATO hissəsi olsun, digər hissəsi isə olmasın”, - deyən rəsmi əlavə edib ki, "Qərb vahid Gürcüstanı tanıyır, müxtəlif Gürcüstanları yox”. NATO məmuru həmçinin Ukrayna ilə də paralellər aparıb. "Sonra Rusiya deyəcək ki, Ukrayna NATO üzvü ola bilər. Donbas, Luqansk və yaxud Krım yox?”. Cənab Şea gürcüləri onların NATO üzvü olmayacaqları təqdirdə nələrin gözlədiyi barədə xəbərdar edib. "Əgər siz Rusiyaya desəniz ki, NATO-ya üzv olmaq istəmirsiniz və neytral qalmaq istəyirsiniz, onda istənilən halda sizi işğal edəcəklər”, - deyə fikrinin tamamlayıb.
Hərbi ekspert Vaxtanq Maisaya "Kommersant” əməkdaşı ilə söhbətində Gürcüstanın tezliklə NATO-ya üzvlüklə bağlı fəaliyyət planı əldə edəcəyinə şübhə ilə yanaşdığını bildirib. Belə ki, bir sıra Avropa dövlətləri əvvəlki tək Moskvanı qəzəbləndirməmək üçün Gürcüstana bu şansın verilməsinə qarşıdırlar. Lakin məsələ ondadır ki, Gürcüstanda Gürcüstanın NATO-ya üzvlüyü məsələsinə ümidsizlik əhval-ruhiyyəsi hökm sürür. Artıq cəmiyyətdə belə bir təəssürat yaranır ki, hakim koalisiya Qərbə doğru inteqrasiya siyasətini yavaşıdır. Keçirilən rəy sorğularının nəticələrinə görə, ölkənin NATO-ya, Avropa İttifaqı və Qərb təşkilatlarına doğru inteqrasiyasının populyarlıq göstəricisi aşağı düşüb. Əgər 2010-cu ildə ölkənin Qərbə inteqrasiyasını əhalinin 90 faizi istəyirdisə, indi bu gün bu göstərici 60 faizi belə keçmir. Səbəb isə sadədir. NATO-ya üzvlük istiqamətində hər cür yola əl atan rəsmi Tbilisi üzvlük əvəzində vədlər alır. Yəni, sadəcə bildirilir ki, üzvlük prosesi gedir. Gürcüstan hökuməti artıq Qərb liderləri qarşısında bu məsələ ilə bağlı tələb də qoyub. Lakin bu tələblər də effektsizdir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər