• cümə, 26 Aprel, 05:01
  • Baku Bakı 16°C

Gürcü “vətənpərvərlər” yenidən Moskvadadırlar

21.05.18 20:11 567
Gürcü “vətənpərvərlər” yenidən Moskvadadırlar
Gürcüstan parlamentin partiyası - "Vətənpərvərlər Alyansı” rusiyalı həmkarlarıyla növbəti danışıqlar aparmaq üçün Moskvaya gedib. Rusiyaya açıq rəğbət bəsləyən gürcü deputatların Duma ilə yanaşı, Federasiya Şurasında da görüşləri nəzərdə tutulub. Moskvaya yola düşməzdən əvvəl nümayəndə heyətinin üzvü Ada Marşaniya bildirib ki, Moskvada ən müxtəlif məsələlərlə bağlı konstruktiv danışıqlar aparmaq və anlaşma əldə etmək üçün ümidləri var. İlk növbədə "Arçil Tatunaşvili işi” ilə bağlı rusiyalı deputatların dəstəyinə ehtiyac duyduqlarını bildiriblər. Müxalifət həmkarlarının Moskvaya əvvəlki səfərləri kimi bu səfəri də satqınlıq adlandırıb və hakimiyyəti "Vətənpərvərlər Alyansı”na qarşı hər hansı bir addım atılmasını zəruri sayıb. "Vahid Milli Hərəkat” Partiyasından olan deputat Salome Samadaşvili bildirib ki, Gürcüstan torpaqlarını işğal edən bir ölkəyə partiya nümayəndələrinin səfərləri bir tərəfdən yolverilməzdir, digər tərəfdən də bu partiyanın əsl mahiyyətini ortaya qoyur. O əlavə edib ki, bu səfər hakim "Gürcü arzusu”nun icazəsi, hətta koordinasiyası olmadan reallaşa bilməz. Bu işdə koalisiyanın rəhbəri kimi siyasətə dönən Bidzina İvanişvilinin də əvəzsiz rolu olduğunu vurğulayıb. Keçmiş iqtidar partiyası funksionerinin sözlərinə görə, "Vətənpərvərlər Alyansı” və onunla birlikdə hakim partiyanın mövqeyi barədə ətraflı məlumat verilməlidir. "Bidzina İvanişvilinin gürcü siyasətinə ikinci dəfə dönüşü və yeni siyasi layihəsi ağır fəsadlara gətirib çıxaracaq. Ən əsası odur ki, bu, dövlətçilik üçün ağır nəticələrə gətirib çıxarmamalıdır”, - deyə o, parlament sessiyasında bildirib. S.Samadaşvili onu da bildirib ki, İvanişvilinin partiya sədri vəzifəsində peyda olması onu deməyə əsas verir ki, bu, oliqarxın dövlət idarəçilik institutları üzərində nəzarət və ölkəni qeyri-formal şəkildə idarə edilməsi siyasətinin iflasının etirafıdır. Hakimiyyət isə qəti şəkildə "Vətənpərvərlər Alyansı”nın Moskva səfəri ilə hər hansı formada əlaqəsinin olması barədə ittihamları rədd edib. Partiya bəyan edir ki, Gürcüstan azad siyasi rejimə malik dövlətdir və istənilən şəxs harasa gedib kimlə istəsə görüşə bilər. Bundan əlavə qeyd edilib ki, "Vətənpərvərlər Alyansı” gürcü hakimiyyəti və dövləti adından danışıqlar aparmaq səlahiyyətinə malik deyil və onların Moskva səfərini sırf partiya səfəri kimi qiymətləndirək olar.
Yeri gəlmişkən, Marşaniya onu da deyib ki, Rusiya tərəfi ilə danışıqlarda "Tatunaşvili işi” ilə bağlı məsələlər müzakirə olunacaq. Gürcüstan vətəndaşı olan Arçil Tatunaşvili tanınmamış Cənubi Osetiya ərazisində separatçılar tərəfindən ələ keçirilib. Separatçı qurumun nümayəndələri bildiriblər ki, bu şəxs sərhədçilərlə dalaşan zaman özünü pis hiss edib və Sxinvali xəstəxanasında ürək çatışmazlığından vəfat edib. Onun meyiti Qırmızı Xaç və digər qurumların işə qarışmasından sonra gürcü tərəfinə bir ay sonra təhvil verilib. Osetin tərəfi bunu ölümün əsl səbəblərini müəyyən edəcək ekspertizanın nəticələrinin daxil olmaması ilə izah edib. Gürcü tərəfi isə əmindir ki, səhhəti ilə bağlı heç bir problemi olmayan Tatunaşvili güc tətbiqi nəticəsində ölüb. Meyiti isə qohumlara ona görə gec veriblər ki, işgəncə izlərinin bu müddət ərzində itəcəyinə ümid ediblər. Şübhələr meyitin bir sıra orqanları aşkar edilmədikdən sonra daha da güclənib. Bu da tbilisili ekspertlərə ölümün əsl səbəblərini müəyyən etməyə mane olur. Bu məsələ gürcülər tərəfindən bu yaxınlarda Erqneti kəndində keçirilən görüş zamanı da qaldırılıb. Lakin osetin nümayəndə heyətinin rəhbəri yalnız səslənən versiyanı təkrarlayıb. Onun sözlərinə görə, tanınmamış Cənubi Osetiya təhlükəsizlik xidmətinin Tanunaşviliyə çoxsaylı sualları olub. Onların qənaətincə, bu şəxs casusluq fəaliyyəti ilə məşğul olub və onun ölümündə heç də maraqlı olmayıblar. Yəni onlara ifadə almaq üçün sağ lazım olub. Beləliklə, belə bir mürəkkəb vəziyyətdə gürcü deputatların Moskvadan hansı yardımı ala biləcəkləri sual doğurur.
Beləliklə, deputatların Moskva səfəri gürcü siyasi həyatında necə bir təhlükəli tendensiyanın getdiyini üzə çıxarmış olub.Bir faktı da qeyd edək ki, Gürcüstanda heç kimə sirr deyil ki, parlament partiyası olan və adı ilə məramı uyğun olmayan "Vətənpərvərlər Alyansı” Kremlin Gürcüstandakı özəyidir və belə bir özək postsovet respublikalarının bir çoxunda fəaliyyət göstərir. Alyansın proqramı populist çağırışlardan ibarətdir. Son seçkilərdə isə bu partiya digər siyasi qurumların narazılığına baxmayaraq, 5 faiz səs toplamağa müvəffəq olub. Həmin partiyalar iddia edirdilər ki, "Vətənpərvərlər Alyansı” səsi saxtakarlıqlarla toplayıb. Lakin bütün bu faktlar təsdiqini tapmayıb. Bütün bunlarla yanaşı, "vətənpərvərlər” işğalçıların maraqlarını Gürcüstan parlamentində müdafiə etməkdə davam ediblər. Gürcü siyasi cəmiyyətində bir növ Jirinovskinin liberal-demokratları kimi imicə malik olan bu partiyanın liderləri dəfələrlə biabırçı bəyanatlar verməklə gülüş obyektinə çevriliblər. Rusiya işğalı məsələsində isə xüsusi fəallıq göstərirlər.Əvvəlki kremlyönümlü kollaborasionistlər kimi, "Vətənpərvərlər Alyansı” da Gürcüstan torpaqlarının 20 faizini işğal edən Rusiyanı işğalçı dövlət kimi deyil, əsas siyasi oyunçu və Qafqazda təhlükəsizliyin təminatçısı kimi görürlər. Gürcüstanın ərazi bütövlüyünün bərpasını tələb etməkdənsə, onlar Rusiya rəhbərliyi ilə birbaşa dialoqa gedilməsinin tərəfdarıdırlar. Dəfələrlə bəyan ediblər ki, Rusiya Qafqazda sülhün yaranmasını istəyir. Xüsusi vurğulayırlar ki, Rusiya ilə dil tapmaq və onun bütün şərtlərini yerinə yetirmək gərəkdir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər