• cümə axşamı, 28 mart, 23:08
  • Baku Bakı 13°C

Gürcü “qanuni oğrular” Avropa üçün ciddi problemə çevrilir

08.04.19 18:39 1655
Gürcü “qanuni oğrular” Avropa üçün ciddi problemə çevrilir
Gürcü "qanuni oğrular” getdikcə Avropa üçün ciddi başağrısına çevrilirlər. Hakimiyyət orqanlarının Avropaya qeyri-qanuni miqrant axınına kömək etməyə görə cinayət məsuliyyətini gücləndirməsinə, sərhədlərdə sərt nəzarət tətbiq etməsinə baxmayaraq, Avropa İttifaqına daxil olan ölkələr Tbilisiyə qarşı tətbiq etdikləri viza rejiminin ləğvi ilə bağlı güzəştin məhdudlaşdırıla biləcəyi barədə xəbərdarlıq etməkdə davam edirlər. Əsas səbəblər sırasında sığınacaq üçün müraciət edənlərlə yanaşı, bu ölkədən olan insanlar arasında cinayətkarlığın yüksək səviyyədə olması göstərilir. Ən əsası, gürcü "qanuni oğrular”ın spesifik fenomeni qabardılır. Onların böyük cinayət sindikatlarına rəhbərlik etdikləri, sənaye oğruluqları ilə məşğul olduqları iddia edilir. Avropanın liberal qanunvericiliyi Gürcüstanın özündə qüvvədə olan "antioğru qanunları”ndan fərqli olaraq, cinayətkar aləmin rəhbərləri ilə effektiv mübarizə aparmağa imkan vermir. Onlar isə öz sıralarına ölkələrindən olan soydaşlarını uğurla cəlb etməkdə davam edirlər. Bu "yeni reallıq” isə avropalıları sadəcə narahat etmir, ciddi şəkildə qorxutmağa başlayıb. Lakin heç kim etiraf etmək istəmir - kolliziya birdən-birə baş verməyib, "proses” illər uzunu davam edib. Gürcü "qanuni oğrular”ının əsas etibarilə Vyanada toplaşıb iclaslarını keçirdikləri bildirilir.
"Kommersant” Gürcüstanın Avstriyadakı səfirliyinin əməkdaşına istinadən yazır ki, "artıq avstriyalıların bizləri görməyə gözü yoxdur”. Əlavə edilir ki, "bizlər” dedikdə yerli düşüncədə postsovet məkanda deyildi kimi, kriminal sindikat və yaxud etnik cinayətkar qruplaşmalar nəzərdə tutulur: "Avropanın ən tolerant və dözümlülüyü pik həddində olan Avstriya cəmiyyətini gör nə həddə çatdırıblar ki, gürcülərə qarşı belə münasibət formalaşıb? Bəs Vyananın gürcü "avtoritetləri”nin toplaşdığı ilk məkanlardan birinə çevrilməsinin səbəbi nədir? Məsələ ondadır ki, günah elə avstriyalıların özlərindədir. SSRİ dağıldıqdan sonra avstriyalılar sovet respublikaları içərisində Gürcüstana ən iri investisiya yatırıblar - Tbilisidə "Metexi” mehmanxanasını inşa etdilər. O zaman da bu, "avtoritetlərin” diqqətindən kənarda qalmadı. Ölkədə heç bir layihə onların iştirakı olmadan həllini tapmırdı. Avropalılar üçün isə "qanuni oğruları” "biznes-tərəfdaşlar”dan seçmək çətin idi. O zaman ölkədə müharibədən sonra xaos hökm sürürdü. Avstriya tərəfi də belə durumda birgə Avstriya-Gürcüstan müəssisələrinə xeyli sayda viza verməklə sonrakı problemlərə yol açmış oldu”.
Sonrakı illərdə gərginlik pik həddə çatdı. Vyananın mərkəzində gürcülər arasında atışma ölkəni şoka saldı. Günün-günorta çağı bütün Avstriya və Avropada məşhur olan opera müğənnisi Paata Burçuladzeninin oğlunu qətlə yetirdilər. Səbəb də "Mexeti” mehmanxanası səhmlərini ələ keçirməklə bağlı idi. Bundan sonra ilbəil bu tip kriminal hadisələrin sayı artmağa başladı. Avstriyanı şoka salan hadisə isə skripkaçı Xristian Altenburqerin evinin qarət olunması oldu – altı gürcü vətəndaşı evi qarət edərək, Stradivarinin dəyəri 2,5 mln. dollarlıq skripkasını oğurladılar. Cinayətkarları isə qarət edilən zinət əşyalarını adi qaydada poçtla evlərinə göndərən zaman ələ keçirmək mümkün oldu. Avstriya mətbuatı yazırdı ki, onlar ölkədə onlarla evi qarət ediblər, milyonluq əmlakları mənimsəyiblər. Mütəxəssislər əmindirlər ki, altı nəfərlik qrup böyük bir cinayətkar ordunun üzvləridir və heç bir halda "generallar”ını satmadılar.
O ki qaldı "generallar”a – postsovet dövrünün bütün kriminal avtoritetləri məhz Gürcüstandan olublar. Onlardan bir çoxunun adı hamıya bəllidir – Zaxari Kalaşov (Şakro Molodoy), Aslan Usoyan (Ded Xasan) Tariel Oniani (Taro) və başqaları. Lakin əslində gürcü kökənli "qanuni oğrular” çoxdur. Onların bir çoxu artıq Avropada "doğmalaşıb”. Gürcüstana isə yolları bağlanıb – 2005-ci ildə o vaxtkı prezident Mixail Saakaşvili dünya praktikasında olmayan bir qanun qəbul etdirdi. Bu qanuna görə, "qanuni oğru”lar ölkədən qovuldu, ölkəyə girişləri qadağan olundu. İndi onlara Madrid, Barselona, Roma, Paris və Afinada rast gəlmək mümkündür. Məhz bu şəhərlər onların əsas mərkəzidir. Onların "əmək fəaliyyəti” spesifikdir – qitə boyu hərəkət edən bu adamlar ən müxtəlif cinayətlər törədirlər. "Çirkli pullar”ın yuyulması, qastarbayterlər və inşaat məsələsi də bura daxildir. Avropa İttifaqı Gürcüstana vizasız gediş-gəliş tətbiq etdikdən sonra "qoca qitə” növbəti problemlərlə üzləşdi. Gürcü qeyri-leqalları kütləvi şəkildə yerli hakimiyyət orqanlarından qaçqın statusu tələb etməyə başladılar. Artıq məsələ o qədər qəlizləşib ki, Aİ-nin yüksək rütbəli məmurları gürcü rəsmiləri ilə görüşlərdə vizasız gediş-gəlişi ləğv etmək barədə danışırlar. Onlar gürcülərdən iki problemi həll etmələrini tələb edirlər – qanunsuz miqrasiyanın qarşısının alınması, eləcə də gürcü miqrantları arasında cinayətkarlığın artmasını həll etmək. Lakin gürcü tərəfi bunlarla razı deyil. Gürcüstan XİN-in konsulluq departamentinin direktoru Georgi Tabatadze hesab edir ki, Aİ ölkələrində gürcülər tərəfindən törədilən cinayətlərin sayının artması barədə xəbərlər Rusiya təbliğatıdır. Avropa çıxış yolunu axtarıb tapıb - problemli ölkələrə hüquq-mühafizə orqanlarına kömək məqsədilə "polis attaşeləri” göndərilir. Yeri gəlmişkən, Fransa, İspaniya, Yunanıstan ərazisində gürcü "qanuni oğrularına” qarşı 18 xüsusi əməliyyat keçirərək təxminən 100 nəfər həbs edilib. Çoxları bu qənaətdədir ki, onların həbsində Gürcüstan DİN-in təqdim etdiyi məlumatların böyük rolu olub. Lakin bütövlükdə problemi sistemli şəkildə həll etmək mümkün deyil. Ölkədə daxilində ən çox səslənən fikir budur - hakimiyyətə gələn "Gürcü arzusu” dərhal "qanuni oğruları” azad etməli deyildi.
Beləliklə, gürcü "qanuni oğrular” artıq Avropanın başı üzərindən asılan "Domokl qılıncı”na çevrilməkdədir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər