Gürcü patriarxına qarşı planlaşdırılan qəsdin qarşısı alınıb
Qonşu Gürcüstanda rəsmilərin də qeyd etdiyi kimi, ölkədəki
vəziyyəti nəzarətdən çıxara biləcək milli faciənin qarşısı alınıb. Söhbət
patriarx II İliyaya qarşı baş tutmayan sui-qəsd cəhdindən gedir. Baş prokurorluq
ölkənin 84 yaşlı patriarxına qarşı sui-qəsdin qarşısının alındığı və II İliyanı
zəhərləməyi planlaşdıran baş keşişlərdən birinin həbs olunduğu barədə bəyanat
yayıb. Gürcüstanın baş prokuroru İrakli Şotadze bildirib ki, fevralın 2-də adı
gizli saxlanılan ölkə vətəndaşı Gürcüstan Baş Prokurorluğuna müraciət edərək
keşiş Georgi Mamaladzenin ondan insan həyatı üçün təhlükəli olan sianid maddəsi
tapmasını istədiyini bildirib. Bundan sonra prokurorluq faktı araşdırmağa
başlayıb. İstintaqın gedişi zamanı müəyyən edilib ki, Georgi Mamaladze
həqiqətən həmin şəxsdən qısa müddətdə zəhərli maddəni tapmasını istəyib,
qarşılığında ona pul ödəməyə hazır olub.
Baş prokurorun sözlərinə görə,
G.Mamaladze sianidi əldə etdikdən sonra hazırda patriarxın müalicə aldığı
Almaniyaya getməyi planlaşdırıb. Baş prokuror "Gürcü Patriarxlığının Mülkiyyət
Vəqfinin rəhbəri, baş keşiş Georgi Mamaladze fevralın 10-da Tbilisi hava
limanında Berlinə uçan təyyarəyə minərkən həbs olunub” deyib. Baş prokuror
Xüsusi Dövlət Mühafizəsi Xidmətinin başçısı Anzor Çubinidzenin Gürcüstan
patriarxının təhlükəsizliyini təmin etmək üçün Berlinə ezam olunduğunu yazıb.
II İliya Gürcü Kilsəsinə 1977-ci ildən başçılıq edib və ölkənin sosial-siyasi
həyatında mühüm rol oynayır. Bütün rəy sorğuları onun Gürcüstanda ən çox hörmət
edilən fiqur olduğunu göstərir. Onun Gürcüstanda hər bir ailədə doğulan ikinci
uşağı şəxsən xaç suyuna salması əhalisi azalmaqda olan ölkənin demoqrafik
vəziyyətini dirçəldib. Bu da xəbər verilir ki, patriarxın fevralın 13-də
keçirilən cərrahiyyə əməliyyatı uğurlu olub. Patriarxın həyatına sui-qəsd cəhdi
barədə xəbəri ilk dəfə "Rustavi-2”
telekanalı yaymışdı.
Öz növbəsində baş nazir Georgi Kvirikaşvili bəyan
edib ki, Berlindəki klinikalardan birində müalicə alan patriarxa baş çəkəcək.
Onun sözlərinə görə, ölkə böyük bir fəlakətdən qurtulmağa müyəssər olub və
hüquq- mühafizə orqanları kilsəyə qarşı xain hücumun qarşını alıblar. Bundan
əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşlarını operativ və effektiv işə görə
təşəkkür edib. "İnsident barədə xəbər aldıqdan sonra işi tam nəzarətə aldım və
mütəmadi olaraq bununla bağlı məlumat alır. Qeyri-müəyyən vəziyyəti nəzarətə
alaraq öz şəxsi mühafizəmin üzvlərini, mühafizənin rəisi ilə birlikdə Berlinə
göndərdim”. Baş prokuror əlavə edib ki, intensiv araşdırma aparılır və bu
səbəbdən də təfərrüatlar barədə sonra məlumat veriləcək. Onun fikrincə,
Mamaladzenin sui-qəsddə əlinin olması barədə təkzibolunmaz faktlar var: "Audio
və video yazılar var və məhkəməyə təqdim edilib. Hazırda şahidlərin
dindirilməsini davam etdiririk”. Baş nazir sonda bildirib ki, Münhendə
keçiriləcək təhlükəsizlik konfransında iştirak edəcək. Və orada katalikosa da
baş çəkəcək.
O ki qaldı həbs edilən keşiş Gerorgi Mamaladzeyə,
o, özünü müqəssir saymır. Axtarış zamanı onun üzərindən sianid aşkar olunub.
Evində axtarış zamanı isə əldəqayırma silah, partlayıcı vasitə aşkarlanıb. Gürcü
pravoslav kilsəsi daxilində ixtilafların və ziddiyyətlərin olması çoxdan bəlli
idi. Teoloqlar bildirirdilər ki, dini idarədə ultrasağ qanadla yüksək rütbəli
din xadimləri arasında ziddiyyətlər güclənib. Moizələr zamanı narazılıq
keşişlərin bir-birinin ünvanına sərt ittihamlar səsləndirməsinə, hətta
dava-dalaşa kimi gedib çıxırdı. Sonuncu insident zamanı din xadimlərindən biri
patriarxın mühafizə xidmətinin rəhbəri Oxaneşvilini döymüşdü. Ardınca bəyan etmişdi
ki, bu qurumu ləğv edəcək. Lakin İkinci İliya buna imkan verməmişdi. "Xronika+”
qəzetinin redaktoru Eliso Kiladze
prokurorluqdan tələb edib ki, Mamaledzeyə qarşı irəli sürülən ittiham rəsmən
dərc edilməlidir. Onun sözlərinə görə, ittiham aktında ümumiyyətlə, patriarxın
adı keçmir: "Hesab edirəm ki, patriarxın katib-referentinin zəhərlənməsi
nəzərdə tutulmuşdu”. Həbsdə olan din xadimi ilə görüşən ombudsman Uça
Nanuaşvili isə bildirib ki, Mamaladze özünü günahkar bilmir və onda sianid
maddəsi olmayıb. İnsan haqları üzrə müvəkkil əlavə edib ki, bu hadisə ilə bağlı
hüquq-mühafizə orqanlarının əlavə məlumat verməsinə ehtiyac var.
Ombudsman
bildirib ki, Mamaldze təhlükəsizlik təminatı tələb edir. "Gürcüstanda çox ağır
bir cinayətin qarşısı alınıb. Düşünürəm ki, bu, bizim ölkəmizin nüfuzuna ciddi
zərbə vuracaq bir cinayət olacaqdı”. Bu sözləri isə baş nazirin müavini,
energetika naziri Kaxa Kaladze söyləyib. O deyib ki, hazırlanmış planın həyata
keçirilməsi təkcə kilsəyə və ya pravoslav icmaya deyil, bütövlükdə Gürcüstanın
nüfuzuna, ölkədə sülhə və sabitliyə zərbə olardı: "İstintaqın nəticələrini
gözləmək lazımdır. Yaxın günlərdə hər şey tam açıqlanacaq, cinayətin bütün
iştirakçıları bəlli olacaq və onlar öz cəzalarını alacaqlar. "Hesab edirəm ki,
bu, yaxşı düşünülmüş bir plan olub və onun həyata keçirilməsi nəzərdə
tutulubmuş. Bu, nəinki kilsəyə, həm də bütün Gürcüstana, onun bütün
institutlarına, müvafiq xidmətlərinə, dünyaya və ölkədə sabitliyə vurulacaq bir
zərbə idi”.
Ədliyyə naziri Tei Çululianin sözlərinə görə, bu
cinayətin həyata keçirilməsi ölkədə vəziyyətin nəzarətdən çıxmasına gətirib
çıxara bilərdi. "Bu, hər birimiz üçün milli faciə ola bilərdi” - deyə nazir
bildirib.
Prezident Georgi Marqvelaşvili isə prokurorluqdan məsələ ilə bağlı izahat
gözlədiyini bildirib.
Azər NURİYEV