Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var

Gürcü nazir: Ölkədə dövlət dili ilə bağlı hələ də problemlər var

Təfsilat
21 Sentyabr 2019, 12:15 66
Gürcüstanda dövlət dili ilə bağlı problem paytaxtda, rayon mərkəzləri və kəndlərdə, həmçinin müəyyən yaş qrupuna daxil olan insanlar arasında var. Azərbaycanlılar yaşayan kəndlərdə gürcü dili ilə bağlı vəziyyət ürəkaçan deyil və biz bunu bilirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili parlamentdə çıxışı zamanı deputat Savalan Mirzəyevin azərbaycanlıların dövlət dilini öyrənməsi ilə bağlı sualına cavab olaraq bildirib.
Nazir deyib ki, 2018-ci ildə gürcü dilinin tədrisinə dair bir sıra proqramlar reallaşdırılıb. Xüsusi təlim keçmiş 3400 nəfər "B2” sertifikatına sahib olub. Habelə 151-i mobil qrup olmaqla 246 təlim qrupu yaradılıb. Bu qrupların iştirakı ilə 10 şəhər və 67 kənddə gürcü dili kursları təşkil olunub.
"Milli azlıqların dövlət dilini öyrənməsi ilə bağlı tədbirlər 2019-cu ildə də davam etdirilib. Bu il 118 təlim qrupu yaradılıb və 1500 nəfərə gürcü dili öyrədilir”, – deyə K.Tsexelaşvili vurğulayıb.
Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq hərbi xidmətdə olan milli azlıqları təmsil edən əsgərlərə gürcü dili öyrədilir.
Marneuli və Dmanisi rayonlarında dindarlar üçün də gürcü dilinin tədrisi üzrə proqram həyata keçirilir.
Deputat Savalan Mirzəyev parlamentin iclasında ölkədə yaşayan azərbaycanlılar arasında dövlət dilini bilmək səviyyəsinin yüksək olmaması ilə bağlı məsələ qaldırıb. Diqqətə çatdırıb ki, Kvemo Kartli bölgəsinin kəndlərində yaşayan sakinlər hələ də gürcü dilini bilmirlər. Onlarla ünsiyyət zamanı ya tərcüməçi tələb olunur, ya da rus dilində danışmaq lazım gəlir.
Deputat dövlət nazirindən milli azlıqlar arasında gürcü dilinin tədrisinin gücləndirilməsi məqsədilə gələcəkdə hansı addımların atılacağı barədə maraqlanıb.