• cümə, 29 Mart, 09:16
  • Baku Bakı 5°C

Gürcü müxalifəti və hakimiyyəti anlaşmağa yaxındır

10.12.19 17:15 804
Gürcü müxalifəti və hakimiyyəti anlaşmağa yaxındır
Siyasi böhrandan çıxış yolunun tapılmasına diplomatik missiyalar da qoşulub

Gürcü müxalifəti və hakimiyyəti siyasi böhrandan çıxış yolu axtarışındadır. Artıq bu istiqamətdə tərəflər arasında danışıqların ikinci raundu baş tutub. Lakin birinci dəfə olduğu kimi, ikinci raunda da danışıqlar nəticəsiz başa çatıb. Hakimiyyət 2020-ci ildə keçiriləcək parlament seçkilərinin proporsional-majoritar qaydada keçirilməsini tələb edən müxalifətə güzəştə getmək fikrində deyil. Buna baxmayaraq, müxalifət danışıqlardan razıdır. Onu məmnun edən hal odur ki, hakim "Gürcü arzusu” Partiyası əvvəldən danışıqlara getmək fikrində deyildi. Tərəflər arasında danışıqlarda vasitəçi qismində çıxış edən diplomatik korpusun nümayəndələri prosesin davam edəcəyinə ümid edirlər. "Apsny.ge” yazır ki, müxalifət görünür seçkilərin sırf proporsional sistemlə keçirilməsi planından əl çəkib. Bu gün artıq tələb seçkilərin "alman modeli”nə yaxın modellə keçirilməsidir. Bu sxem də proposional-majoritar sistemin saxlanılmasını ortaya qoyur. Müxalifət iddia edir ki, bu hal Konstitusiyaya da zidd deyil. Nüans sadəcə ondadır ki, indiki təkmandatlı majoritar dairələr çoxmandatlıya format olunacaq.
Gürcüstan parlamentinin sədri Arçil Talakvadze hesab edir ki, təklif olunan variantlar – majoritar sistemdən imtina və yaxud "alman modeli” ölkə konstitusiyasına uyğun deyildi. "Lakin çoxmandatlı majoritar dairələr, yəni alman modelinə uyğun formanı tədqiq etmək olar. Diplomatik korpusun nümayəndələri kompromis kimi bu variantı təklif edirlər. Biz müxalifət kimi təklifi növbəti görüşdə nəzərdən keçirmək niyyətindəyik”, - deyə Talakvadze bəyan edib. Müxalifətin liderlərindən hesab edilən Qiqa Bokeriya müzakirə olunan sxemi " şübhəsiz kompromis” hesab edir. Onun sözlərinə görə, müxalifət çoxmandatlı dairələrdə majoritar seçkilərin keçirilməsini "alman modeli”nin əsas komponentlərindən biri hesab edir. Əlavə edib ki, müzakirə davam edəcək. Q.Bokeriya vurğulayıb ki, vəziyyət dəyişir – hakimiyyət qərb diplomatlarının təzyiqi altında danışıqlar stolu arxasında oturmağa razılıq verib. Halbuki, dünənə qədər danışıqların mümkünsüzlüyünü bəyan edirdi. Ədliyyə naziri Teya Çulukiani də qiyabi şəkildə Bokeriya ilə polemikaya girib və bəyan edib ki, "heç kim hakim "Gürcü arzusu” Partiyasını danışıqlara getməyə məcbur etməyib. Ən əsası, onu hansısa bir qərarı qəbul etməyə məcbur edə bilməz. Biz siyasi böhrandan çıxış yolunu axtarıb tapmaqda maraqlıyıq – lakin istənilən güzəşt hesabına yox. Təklifi nəzərdən keçirəcəyik və ölkə konstitusiyası və qanunvericiliyə uyğun olsa, qəbul edəcəyik”.
Avropa Şurasının Tbilisidəki ofisinin rəhbəri Kristian Urse vəziyyəti şərh edərkən bildirib ki, tərəflər siyasi dialoqun əldə olunması ilə bağlı konkret nəticələr əldə etməyə yaxındırlar. "Biz şadıq ki, danışıqların ikinci raundu baş tutdu. İdeyalar və arqumentlərin mübadiləsi reallaşdı. Biz dialoqun davam etməsi üçün əsas görürük. Ümid edirəm ki, bu, tərəfləri daha konkret nəticələr əldə etməyə yaxınlaşdıracaq”, - deyə Urse jurnalistlər bildirib.
Konstitusiya islahatları üzrə mütəxəssis Vaxtanq Dzabiradze təklifi qiymətləndirərək bəyan edib ki, hakimiyyət çoxmandatlı majoritar dairələr üzrə seçkilərin keçirilməsinə razılıq verməlidir. "Çoxmandatlı dairələr təkmandatlıdan yaxşıdır – hakimiyyət az səviyyədə seçki prosesinə təsir edə biləcək. Təkmandatlı adı altında seçiciləri ələ almaq faktları mövcuddur. Əgər çoxmandatlı olacaqsa, onda hakimiyyətin inzibati, maliyyə resursları azalacaq. Konstitusiyaya dəyişikliklər etmək, eləcə də majoritar sistemdən imtina etmək də gərək olmayacaq”, - deyə V.Dzabiridze bildirib. Onun qənaətincə, hakimiyyət və müxalifət siyasi böhrandan çıxmaq məsələsində maraqlı olmalıdır. Bu səbəbdən də danışıqlar davam edəcək.
Hakimiyyət və müxalifət "alman modeli”nə yaxın bir modeli nəzərdən keçirdiyi vaxtda majoritar dairədən olan deputatlar öz oyunlarını nəzərdən keçirir. Məhz onlar proporsional-majoritar sistemdən proporsional keçidi nəzərdə tutan konstitusiyaya dəyişikliklərinin keçməsi üzrə səsvermənin baş tutmamasına səbəb olmuşdular. Halbuki, "Gürcü arzusu”nun lideri Bidzina İvanişvili belə bir təklifin keçəcəyinə vəd vermişdi. İvanişvili Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Tbilisiyə səfəri zamanı baş verən etirazlar fonunda bu dəyişikliklərin keçəcəyini bildirmişdi. Majoritarçılardan biri Dmitri Xundadzenin sözlərinə görə, əhalinin seçki sisteminə münasibətini öyrənmək üçün bütün ölkə boyu sorğu keçiriləcək. Xundadze əlavə edib ki, əldə etdiyi məlumata görə, elektorat proporsional-majoritar sistemin saxlanılmasını istəyir.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər