• şənbə, 20 Aprel, 08:56
  • Baku Bakı 14°C

Gürcü müxalifəti ümummilli aksiyaya hazırlaşır

06.06.18 18:39 508
Gürcü müxalifəti ümummilli aksiyaya hazırlaşır
İyunun 10-da Tbilisidə parlament binası qarşısında ümumxalq etiraz aksiyası keçiriləcək. Bu barədə qərar Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat” Partiyasının rəhbərliyi ilə müxalifət partiyalarının toplantısında qəbul edilib. Partiyanın liderlərindən olan Nika Meliya bildirib ki, "ümumxalq mitinqinin anons edilməsi hakimiyyətin abırsız formada iki məktəblinin qətli ilə bağlı ədalətli araşdırma aparmamaq istəyi ilə bağlıdır”. Ölən yeniyetmələrdən birinin valideyni Zaza Saralidze bildirir ki, prokurorluq, demək hökumət də oğlunun qatillərini gizlədir. Bu iş üzrə iki yuxarı sinif şagirdi barəsində uzunmüddətli həbs qərarı çıxarılıb. Lakin 16 yaşlı David Saralidzenin qətli ilə bağlı deyil, onu "həyatdan məhrum etməyə cəhd üzrə”. Yəni, məhkəmə təsdiq edib ki, istintaq Xorava küçəsində baş verən kütləvi davada Davidə kimin ölümcül zərbə endirdiyini müəyyən edə bilməyib. Sonradan bəlli olub ki, davanın iştirakçılarından biri prokuror Mirzə Subelianinin oğludur. Böyük ehtimalla o, hüquq-mühafizə orqanlarındakı imkanlarından istifadə edərək həqiqətin üzə çıxarılmasına və cinayətkarların ədalətli şəkildə cəzalanmasına qarşı çıxıb. Bundan da narazı olan insanlar küçələrə çıxıblar. Baş nazir Georgi Kvirikaşvili ilə görüşdən sonra Zaza Saralidze bildirib ki, hökumət başçısı oğlunun qətlini şəxsi nəzarəti altına alacağına söz verib. "Əgər iyunun 10-a qədər müqəssirlər həbs edilməsələr, mən xalqı ümumxalq aksiyasına çağıracağam”, -deyə Z.Saralidze bildirib. Lakin hakimiyyətin xalq hərəkatının liderinin tələbini yerinə yetirəcəyi əlamətləri hiss olunmur. Bu isə o anlama gəlir ki, mitinq qaçılmazdır. Yeri gəlmişkən, gürcü inqilabının lideri rolunda çıxış edən Saralidze deyib ki, siyasət onun üçün heç nədir: "Mən sizin kimi adi bir adamam. Heç bir siyasi partiya uğrunda mübarizə aparmıram. Mənim tələb etdiyim həqiqət və ədalətdir”. Saralidze həm də hökmün qətlə görə yox, qətlə cəhdə görə çıxarılmasından narazıdır: "Elitanın üzvü yox, sadə bir adam olduğuma görə onlar mənə qarşı ədalətsizlik edirlər. Ona görə də sizdən, mənim kimi sadə adamlardan tərəfimi saxlamağınızı xahiş edirəm. Ədalət bərpa olunmalıdır”. Saralidze özünün Facebook səhifəsində gürcüləri onunla birlikdə mitinq etməyə, hökumətin istefasını tələb etməyə çağırır.
Baş prokuror İrakli Şotadze artıq mayın 31-də istefa verib. Saralidzenin başlatdığı etirazlar Gürcüstanda hakimiyyətlə əhali arasında etimadsızlığın getdikcə artdığı bir dövrə təsadüf edir. Adamlar ölkələrinin Avropa ilə daha sıx əlaqələrinin olmasını istəyirlər. Saralidzenin şəxsi qiyamı ən müxtəlif etirazlara yol açıb. İyunun 4-də Tbilisi metrosunun işçiləri tətilə başlayıblar. Kömür mədənçiləri də iş şəraitlərinin yaxşılaşmasını, təhlükəsizlik tədbirlərinin görülməsini tələb edirlər. Çünki bundan əvvəl kömür mədənlərində bir neçə ölüm hadisəsi olub. Saralidzeyə rəğbət bəsləyən gürcülər ölkənin başqa yerlərində də etirazlara qoşulublar. Qoridə bəzi evlərin divarlarında yazılar görünməyə başlayıb: "Qatil küçədədir” və "Hanı ədalət?”
Ən maraqlısı odur ki, müxalifət də başda Saakaşvilinin partiyası dərhal bu insidentdən öz maraqlarına uyğun istifadə etməyə çalışıb. Hazırda bu siyasi qüvvə on minlərlə insanı öz ətrafında toplamaq gücündədir. Eks-prezident özü hazırda Niderlanddadır və prosesləri oradan izləyir. Partiyası və minlərlə fəallar, o cümlədən ölkədə ən populyar olan və ona yaxın "Rustavi-2” telekanalı vasitəsilə proseslərə təsir edə bilir. Bu teleşirkət 2003-cü ilin noyabrında "qızılgül inqilabı”nın qələbəsində və Saakaşvilinin hakimiyyətə gəlməsində önəmli rol oynayıb. Hazırda redaksiya heyəti və onlara rəhbərlik edən Nika Qvaramiya əvvəlki tək qətiyyətli təsir bağışlasalar da, bu resursların yeni inqilabın baş verməsi üçün kifayət edəcəyi sual doğurur. Küçə yürüşləri və mitinqlər vasitəsilə hakimiyyətə təzyiq edib onu təslim edəcəyi sualına da cavab yoxdur. Tbilisidə "Yerevan ssenarisi”- yəni hakim partiyanın baş nazir vəzifəsinə Nikol Paşinyanı irəli sürməsi modelinin baş verə ehtimalına isə inananlar var. Hakimiyyətin Konstitusiya yolu ilə dəyişməyin başqa yolu mövcud deyil. Gürcüstan Konstitusiyası prezidentə onun səlahiyyət müddətinin bitməsinə 6 ay qalmış növbədənkənar seçkilər elan etməyi qadağan edir. Seçkilər isə oktyabrda keçirilməlidir. Əgər hakim partiya - "Gürcü arzusu” İvanişvilinin hakimiyyətə təkrar qayıtmasından sonra hökumətin istefasını qəbul etməzsə və baş nazir Georgi Kvirikaşvili də könüllü istefa verməzsə, onda müxalifətin yeganə yolu "qızılgül inqilabı-2”nı reallaşdırmaq olacaq. Lakin müxalifətin resursları çatacaqmı? Fərq ondadır ki, Ermənistanda Paşinyan küçə aksiyalarının lideri idi, Saakaşvili isə Gürcüstanda yoxdur. Ona qarşı dörd cinayət işi qaldırılıb. Onlardan biri üzrə barəsində üç illik qiyabi həbs qərarı çıxarılıb. "Rustavi-2” və yaxud sosial şəbəkələr vasitəsilə inqilaba rəhbərlik etmək isə çətindir. Anlaşılmazlıq odur ki, Saakaşvili bir tərəfdə Gürcüstanda prezidentlik uğrunda mübarizəyə başlayır və Avropa Məhkəməsindən ona gürcü deyil, Ukrayna vətəndaşlığının geri verilməsini tələb edir. 2015-ci ildən onun Gürcüstan pasportu yoxdur. "Qızılgül inqilabı-2”-nin başvermə ehtimalının zəif olduğunu düşünənlər də çoxdur. Onların qənaətincə, "Gürcü arzusu” və İvanişvili elə də zəifləməyib, müxalifətin isə birliyi mövcud deyil. "Vahid Milli Hərəkat” bir neçə yerə parçalanıb. Bir qrup "Avropa Gürcüstanı” Partiyası təsis edib və Saakaşvilinin yenidən Gürcüstana dönməsini istəmirlər. Nəhayət, əhali 2008-ci ilin şokundan hələ qurtulmayıb. Onlar müharibənin baş verməsində Mişanı günahlandırırlar. Lakin məsələ ondadır ki, Saakaşviliyə Qərbdən hələ də güclü dəstək var. Ən əsası, onun fanatik dərəcədə iddiası və xarizması da diqqətdən qaçırılmamalıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər