• cümə axşamı, 28 mart, 23:24
  • Baku Bakı 13°C

Gürcü müxalifəti parçalandı

25.09.20 17:00 635
Gürcü müxalifəti parçalandı
Hakimiyyət mövcud vəziyyətdən yararlanmağa çalışır
Gürcüstanda gələn ayın sonu keçiriləcək parlament seçkiləri ərəfəsində maraqlı və gərgin proseslər yaşanır. Bir tərəfdən hakimiyyət, digər tərəfdən müxalifət partiyaları qarşıdakı seçkilərdə daha çox səs qazanmaq üçün bütün mümkün və qeyri-mümkün vasitələri işə salıb. Hakimiyyət son vaxtlara kimi seçkilərdə əsas rəqiblərini sıradan çıxarmaq üçün koronavirus pandemiyasından uğurla istifadə edirdi. Ölkəni pandemiyaya qarşı mübarizədə uğurlu dövlət kimi nümunə çəkirdilər. Lakin elə ki, ölkə karantin rejimində bir qədər yumşalmağa getdi, xəstə sayı sürətlə artmağa başladı. Müxalifət də bundan yararlanmağa çalışır. Ölkənin siyasi qüvvələri arasında konsolidasiya danışıqlarına start verilib. Lakin bunun perspektivdə uğurlu nəticələnəcəyinə ümid azdır. Məsələn, Gürcüstanın nüfuzuna görə ikinci siyasi partiyası - "Avropa Gürcüstanı” sabiq prezident Mixail Saakaşvilinin "Milli Birlik” Partiyası ilə faktiki birləşmə təklifini rədd edib. Partiyalar arasında danışıqlar majoritar namizədlərin siyahısının formalaşdırılması, eləcə də, hakim "Gürcü Arzusu” üzərində qələbə qazanılacağı təqdirdə vəzifələrin bölgüsü üzərində qurulmuşdu. Plana görə, Saakaşvili baş nazir postunu tutur, "Avropa Gürcüstanı” Partiyasının liderlərindən olan David Bakradze isə yenidən spiker postuna gəlir. Düzdür, sonradan vəzifə bölgüsü "Avropa Gürcüstanı” tərəfindən təkzib olundu. Milli Təhlükəsizlik Şurasının sabiq rəhbəri Qiqi Bokeriya bildirib ki, seçkilərə qədər vəzifələrin bölüşdürülməsi axmaqlıqdır. "Əvvəlcədən bu ideya qəbuledilməz idi və biz açıq şəkildə Saakaşviliyə cavab verdik. Yaxşı olardı ki, majoritar namizədlər məsələsində razılaşma olardı. Yəni, "Avropa Gürcüstanı” və "Milli Birlik” proporsional sistem üzrə rəqabət aparardılar.
Majoritar hissədə isə öz fəaliyyətlərini kordinə edərdilər. Lakin "Milli Birlik” bu sxemi pozaraq Gürcüstan regionları üzrə vahid namizədlər məsələsindən imtina edib. İndi isə öz səhvini vahid siyahının formalaşdırılması ideyası ilə "yağlamağa” çalışır. Bütövlükdə yeni heç nə yoxdur”, - deyə Bokeriya bildirib. O, Saakaşvilinin son çıxışlarını tənqid edərək, onu mövqesizlikdə günahlandırıb. Həqiqətən də, eks-prezident bəyan edib ki, koalisiyaya, demək koalision hökumətə ehtiyac yoxdur. Bununla da demək istəyib ki, onun üçün əsas "Milli Hərəkat”ın uğuru, yəni baş nazir postudur. Lakin üstündən bir gün keçəndən sonra eks-prezident eks-spektri birləşməyə çağırıb. Xalqı Bidzina İvanişvili ilə onun arasında seçim etməyə dəvət edib. Eks-prezidentin ziddiyyətli bəyanatları elektoratın narazı hissəsini nəinki çaş-baş salıb, mahiyyət etibarilə güclü müttəfiqləri də uzaqlaşdırmış olub. Mahiyyət etibarilə "Milli Birlik”lə bir blokda hazırda o qədər də güclü olmayan partiyalar qalıb. Qiqa Bokeriya hesab edir ki, Saakaşvilinin təbliğatı İvanişvili və "Gürcü Arzusu”nun təbliğatı ilə oxşardır. Onun sözlərinə görə, Saakaşvilinin təbliğatı indiki hakimiyyətə hədiyyədir. Bu təbliğatın əsas xətti Saakaşvilinin Gürcüstana dönüb müxalifətə yerində rəhbərlik etməyə yönəlib. Bokeriya əlavə edib ki, İvanişvili və "Gürcü Arzusu” özləri üçün komfortu saxlamaq, Saakaşvili isə əvvəlki komfortu qaytarmağa çalışır. Əlavə edib ki, "Avropa Gürcüstanı” və onların seçicisi üçün nə bu, nə də digəri qəbuledilməzdir. Biz islahatlar, dəyişikliklər, irəliyə doğru getmək istəyirik. Öz hakimiyyətlərini düşünənlərlə, inkişaf arzu edənlər arasında seçim etmək istəyənləri maraqlandıran da budur”.
"Avropa Gürcüstanı”nın seçki qərargahının rəhbəri Serqi Kapanadze isə daha sərt mövqe nümayiş etdirib. Onun sözlərinə görə, indi onun partiyasının öz seçiciləri qarşısında üzərinə götürdüyü öhdəliklərə daha ikisi əlavə edilib - "Gürcü arzusu” ilə əməkdaşlıq etməmək və Saakaşvilinin baş nazir kürsüsündə əyləşməsinə imkan verməmək.
Müxalif "Qurucu David” hərəkatının lideri Georgi Vaşadze hesab edir ki, baş nazir olmaq istəyini ortaya qoyan Saakaşvili başını tamamilə itirib. "Mili Hərəkat” baş nazirliyə namizədini irəli sürməklə müxalifətin bütövlüyünü parçalayır.
Təhlükəsizlik Şurası sədrinin keçmiş müavini Vano Maçavariani baş verənləri analiz edərək istisna etməyib ki, ağıllı və hiyləgər siyasətçi olan Saakaşvili ziddiyyətli bəyanatları ilə həm hakim "Gürcü Arzusu”nu öz tərəfinə çəkməyə, həm də müxalif elektoratın səsini itirməməyə çalışır. Onun qənaətincə, eks-prezidentdən müxalifət partiyalarının uzaqlaşması hakimiyyət üçün problemlər yaradır. Maçavariani bildirib ki, seçkiqabağı ölkədə üç siyasi qütb formalaşıb – hakim "Gürcü Arzusu” və onu dəstəkləyən psevdomüxalifət, parlamentdə düşmək istəyən "Milli Hərəkat” və xırda partiyalar və yerdə qalan müxalifət. Onlar üçün isə nə indiki hakimiyyət, nə də hakimiyyətə qayıtmaq istəyən "Milli Hərəkat” maraqlıdır.
Mövcud vəziyyəti siyasi ekspert Qiya Xuxaişvili başqa cür dəyərləndirir. Onun qənaətincə, müxalifət körpülərin dağıdılması ərəfəsindədir. "Bu da gürcü siyasi elitasının kamil olmadığının göstəricisidir. Əsas polemika müxalifət partiyaları arasında gedəndə bu, hakimiyyətə özünün seçki kampaniyasını sakit şəkildə aparmağa imkan verir. Mövcud vəziyyət bu səbəbdən onu tam qane edir. Müxalifətdaxili rəqabət hər zaman ola bilər – lakin baş verənlər pik həddədir”, - deyə Xuxaişvili bildirib.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək. 150 yerlik parlamentə 120 deputat proporsional sistem üzrə, 30 deputat isə majoritar qaydada keçiriləcək. Partiyalar üçün keçid baryeri bir faizdir.
Beləliklə, bütün bunlardan belə nəticəyə gəlmək olar ki, qarşıdakı seçkilərin nəticələri hər iki tərəf üçün sürpriz ola bilər. Hakimiyyət seçkiqabağı karantin qaydalarını yumşaldıb iqtisadi canlanma yaradıb bundan mənfəət əldə etmək istəsə də, bu istəyi baş tutmadı. Müxalifət arasında isə ziddiyyət yaranıb. Bu da qeyri-müəyyən vəziyyət yaradır. Sadəcə onu proqnoz etmək olar ki, hakimiyyət son anda əvvəllər olduğu kimi, hansısa bir populist addıma gedə bilər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər