• cümə, 19 Aprel, 16:02
  • Baku Bakı 25°C

Gürcü müxalifəti hakimiyyətlə dialoqu dayandırdı

13.02.20 18:45 1365
Gürcü müxalifəti hakimiyyətlə dialoqu dayandırdı
Müddətsiz küçə aksiyalarına başlamaq qərarı verdildi

Gürcüstanda siyasi böhran yenidən gərginləşib. Gərginlik o həddə çatıb ki, müxalifət hakim "Gürcü arzusu” partiyası ilə seçki sistemi, ümumiyyətlə bütün məsələlər barədə danışıqları dayandırıb. Gərginliyin yaranmasına səbəb Ali Məhkəmənin Tbilisinin keçmiş meri Qiqi Uqulava barəsində çıxardığı həbs qərarıdır. Üç il müddətinə həbs edilən sabiq mer xidməti səlahiyyətindən istifadə etməklə başqasının əmlakını mənimsəməkdə günahlandırılıb. Müxalifət artıq müddətsiz küçə aksiyalarının başlanması barədə qərar qəbul edib. Hakimiyyət hesab edir ki, Uqulavanın həbsi müxalifətə sadəcə danışıqlar prosesindən çıxmaq üçün bəhanə idi. Qiqi Uqulava bu qərara qədər onsuz da cəzasını çəkirdi. Onu Tbilisi meri işləyən zaman maliyyə yeyintilərinə yol verməkdə ittiham edirlər. Siyasi tərəfdarları bildirirlər ki, onu eyni maddə üzrə təkrarən həbs ediblər. İndiki mer Kaxa Kaladze vəziyyəti şərh edərkən onu siyasiləşdirməməyə çağırıb. Kaladze hesab edir ki, siyasətlə məşğul olmaq heç kimə üstünlük vermir. Yeri gəlmişkən, "Gürcü arzusu”nun baş katibi kimi Strasburqa yollanan Kaladzeni səfər zamanı partiyanın icraçı katibi İrakli Kobaxidze müşayiət edir. Səfər proqramına Avropa Parlamentində danışıqlar, eləcədə də, Avropa Xalq Partiyasının nümayəndələri ilə görüş daxildir. K.Kaladze bildirib ki, Gürcüstandakı siyasi proseslər barədə avropalı qonaqlara məlumat verəcəklər. Eyni zamanda, bütövlükdə ölkədə baş verən proses və islahatlardan danışacaqlar. Gürcü nəşrləri yazır ki, Kaladze və Kobaxidze avropalıların diqqətinə Gürcüstan XİN rəhbəri David Zalkaliani və parlamentin spikeri Arçil Talakvadzenin ABŞ Konqresi və Senatında keçirdikləri görüşlərin təfərrüatını anladacaq. Lakin Uqulavanın həbsi ilə Vaşinqtondan gələn tənqidlərin sayı arta bilər. Artıq oradan sosial şəbəkələr vasitəsilə reaksiyalar daxil olmaqdadır. Məsələn, konqresmen Adam Kinzinqer Tvitter vasitəsilə yazıb ki, məhkəmələrdən siyasi opponentlərə qarşı silah kimi istifadə etməyə dəyməz - bu, demokratiya deyil. Təəssüf hissi ilə bildirib ki, hakim partiya repressiyalar yolunu seçib. Müxalifətlə kompromisə getmək əvəzinə, rəqiblərə qarşı həbslər, hücumlar təşkil edilir. Həqiqətən də, keçmiş meri həbs etməklə hakimiyyət vəziyyəti gərginləşdirmək yolunu seçdi. Gürcüstanın baş naziriGeorgi Qaxariya isəMünhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb. Burada da çox güman hakimiyyət müxalifət məsələləri ilə bağlı sorğu-sual olunacaq. Qeyd olunub ki, G.Qaxariyanın Rusiyanın xarici işlər naziriSergey Lavrovla görüşəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Gürcüstanın müxalif "Vahid Milli Birlik Hərəkatı” Partiyasının liderlərindən biriXatia Dekanoidzebildirib ki, S.Lavrov da Münhen Təhlükəsizlik Konfransında iştirak edir və o, G.Qaxariyadan Gürcüstana səfəri ilə bağlı təhlükəsizlik zəmanəti ala bilər. Qeyd edək ki, mayn 14-15-də Tbilisidə Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçiriləcək. Rusiya tərəfi toplantıda iştirak edəcəyini bildirsə də, ölkənin təmsilçilik səviyyəsi hələ müəyyən olunmayıb.
Öz növbəsində parlamentin keçmiş spikeri David Usupaşvili bir nəfəri eyni maddə üzrə iki dəfə həbs etməyi yolverilməz hesab edir. Onun sözlərinə görə, Uqulava artıq cəzasını çəkib, indi isə istintaq eyni işi yeni detalla "zənginləşdirib”. Məhkəmə isə artıq başqa maddə üzrə qərar çıxarıb. Usupaşvili əmindir ki, məsələnin siyasi motivi olduğu göz önündədir. Daha radikal çıxışları müxalifətin digər liderləri ediblər. Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Qiqa Bokeriya bildirib ki, Uqulavanın həbs etdirməklə Bidzina İvanişvili siyasətçinin faciəvi taleyini müəyyən etmiş olub. Milli Bankın keçmiş rəhbəri Roman Qoçiridze hesab edir ki, keçmiş merə qarşı qərar çıxarmaqla hakimiyyət digər müxalifətçilərə xəbərdarlıq etmiş olub.
Öz növbəsində Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili baş verənlərdən sonra bəyan edib ki,
siyasətə dönməyə hazırlaşır. Marqvelaşvili "PalitraNyus” televiziyasına müsahibəsində siyasi fəaliyyətinin müxalifətə qarşı yönəlməyəcəyini və müxalifətin birliyini qorumağa çalışacağını deyib: "Bu gün mənim üçün ən dəyərli şey müxalifətin birliyidir. Mənin siyasi səylərim birliyin dəstəklənməsi və güclənməsinə yönəlib. Yerdə qalanlar yalnız detallardır”.
Qeyd edək ki, Marqvelaşvili 2013-2018-ci illərdə Gürcüstan prezidenti olub. O, Gürcü arzusu”ndan prezident seçilsə də, sonradan partiyanın lideri Bidzina İvanişvili ilə münasibətləri həddən artıq pisləşib. Bundan sonra Marqvelaşvili hakimiyyətdə təklənərək, "Gürcü arzusu” deputatlarının mütəmadi hücumuna məruz qalıb.

Azər
banner

Oxşar Xəbərlər