• cümə, 19 Aprel, 18:50
  • Baku Bakı 24°C

Gürcü müxalifəti hakimiyyətə vaxt verdi

03.12.18 18:10 472
Gürcü müxalifəti hakimiyyətə vaxt verdi
Gürcü müxalifəti prezident seçkilərinin ikinci turunun nəticələri ilə barışmaq niyyətində deyil. Qalib olduğunu iddia edən namizəd Qriqol Vaşadzenin çağırışı ilə küçələrə çıxan minlərlə insan nəticələri tanımadıqlarını, eləcə də növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Müxalifət tərəfdarları hakimiyyəti seçicilərə təzyiq göstərməkdə və nəticələri saxtalaşdırmaqda ittiham ediblər. Bundan əlavə, "Güc birlikdədir” müxalifət birliyinin hüquqşünasları nəticələrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar. Aksiyada çıxış edən Vaşadze hakimiyyəti, daha dəqiq desək, Bidzina İvanşvilini onun qələbəsini oğurlamaqda ittiham edib: "Biz hamımız çox əsəbiyik. Çox tezliklə kriminal hakimiyyətdən yaxamızı qurtaracağıq”. Ardınca da seçki dövründə yol verilən qanunsuzluqlardan bəhs edib - pulla ələ alma, "karusellər”, kriminaldan seçiciləri qorxutmaq məqsədilə istifadə edilməsi. Prezidentliyə keçmiş namizəd hakimiyyətdən növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Eyni zamanda məsələnin müzakirəsi məqsədilə beş nəfərdən ibarət nümayəndə seçib. O, hökumətdən də dekabrın 16-na qədər (həmin tarixdə inauqurasiya keçiriləcək) danışıqlarda iştirak edəcək şəxslərin siyahısını təqdim etməyi tələb edib. "Güc birlikdədir” koalisiyası prezident seçkilərinin nəticələrinin ləğv olunması ilə bağlı məhkəməyə də müraciət edəcək. Q.Vaşadze deyib ki, noyabrın 28-də keçirilmiş seçki seçki olmayıb: "Bu, Gürcüstan xalqına qarşı kriminal əməliyyat oldu. Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”.
Məğlub namizəd Rusiyanın "Kommersant” qəzetinə eksklüziv müsahibəsində müstəqil namizəd olduğunu və heç kimə tabe olmadığını bildirib: "Birincisi, mən Saakaşvili deyiləm. İkincisi, mənimlə beş aylıq cəhənnəmi keçən insanlar da Saakaşvili deyil. Üçüncüsü, mənim təklif etdiyim islahatlar da Saakaşvili deyil”. Maraqlıdır ki, Vaşadzenin xarizmatik və hiperaktiv Saakaşvilidən məsafə saxlamasını etiraz aksiyası zamanı da hiss etmək mümkün olub. Belə ki, aksiyada o, sadəcə bildirib ki, Saakaşvili vidoemüraciətlə çıxış etmək istəyir. Yeri gəlmişkən, aksiya iştirakçılarına Gürcüstanın sabiq prezidenti, "Vahid Milli Hərəkat” Partiyasının lideriMixail Saakaşvilicanlı video bağlantı ilə müraciət edib. O,etirazçılarıtəslim olmamağa və səslərini qorumağa çağırıb: "Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Siz çağıran kimi mən fiziki olaraq yanınıza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyik”. Daha sonra Saakaşvili partiya mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları kütləvi aksiyalara dəstək verməyə çağırıb. O bildirib ki, seçki saxtakarlığına görə bütün məsuliyyət hakim "Gürcü arzusu” blokunun lideri Bidzina İvanişvilinin üzərindədir.
Artıq vəzifəsindən getməyə hazırlaşan indiki prezident Georgi Marqvelaşvili də müxalifətə qoşulub. O bildirib ki, Gürcüstanda müxalifətin mitinqi demokratik proseslərin və xalqın seçki pozuntusuna qarşı reaksiyasının göstəricisidir. BBC-nin rus xidmətinə müsahibəsində Gürcüstan prezidenti deyib ki, seçkidəki situasiya ən yaxşı hal deyildi. "Çoxlu pozuntular oldu ki, xalq da buna indi öz neqativ münasibətini göstərir. Mitinq demokratik prosesdir” – deyə o bildirib.
Ekspertlər hesab edirlər ki, bütün bunlar onu deməyə əsas verir ki, mahiyyət etibarilə ölkədə hakimiyyətin ən əsas orqanı - parlamentə nəzarət uğrunda mübarizə başlanıb.
Maraqlıdır ki, ABŞ da seçkilərdən narazılığını bildirib. Ağ ev Gürcüstanda namizədlərin seçkiqabağı kampaniyalarının təşkilindəki qanun pozuntularından narahat olduğunu bəyan edib. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert danışıb. "ATƏT və beynəlxalq müşahidəçilərin qanunsuz təşviqatın tərkib hissəsi kimi dövlət resurslarından sui-istifadə halları ilə bağlı narahatlıqlarını bölüşürük. ABŞ Gürcüstanı müşahidəçilər tərəfindən göstərilən nöqsanların aradan qaldırılmasına çağırır”, - deyə Noyert bildirib.
Hakimiyyət isə bütün ittihamları rədd edir. Onun nümayəndələri Zurabişvilinin qələbəsini insanların Saakaşvilinin yenidən ölkəyə qayıtmasına yol verməmək istəyi ilə əlaqələndirirlər. Məsələn, "Institute of public affairs” təşkilatının Gürcüstan bölməsinin rəhbəri Tornike Şaraşidze hesab edir ki, "Mişa faktoru” Salome Zurabişvilinin qələbəsində mühüm rol oynayıb.
Bir faktı da qeyd edək ki, Vaşadzenin çağırışı ilə meydana gələn aksiyaçılara seçkilərin ikinci turunda müxalifətə dəstəyini bildirən qüvvələr gəlməyib. Bu sırada "Avropa Gürcüstanı” və onun lideri David Bakradze də var. "Avropalılar” hesab edirlər ki, müxalifət öz istəyinə küçə yürüşləri və aksiyalarla deyil, başqa metodlarla çatmağa can atmalıdır.
Maraqlıdır ki, birinci turda hakimiyyət namizədi ilə müxalifət namizədi arasında səs fərq 615 min idisə, ikinci turda bu rəqəm iki dəfə artıraraq 1147 687-yə çatıb. "Bu qədər fərqi maxinasiya etmədən yaratmaq mümkün deyil”, - deyə Vaşadzenin seçki qərargahında çalışan Vitali Şklyarov əmindir. O, Rusiyada Kseniya Sobçak, ABŞ-da isə Barak Obama və Berni Sandersin seçki qərargahlarında çalışıb. O qeyd edir ki, Gürcüstanda seçki məntəqələrində səsvermə "müəyyən qədər demokratik” keçib. "Maxinasiyalar seçki məntəqələrində səsverməyə qədər olub. İnsanları kütləvi şəkildə səsverməyə gətirirdilər. Həmin adamlarda MSK-də olduğu kimi, seçicilərin siyahısı olub”, - deyə siyasi texnoloq bildirib. Onun qənaətincə, birinci turun nəticələrindən ehtiyat edən hakimiyyət inzibati resursları işə saldı. "Orta hesabla hər məntəqəyə 145 yeni seçici gətirdilər”, - deyə o əlavə edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər