• çərşənbə axşamı, 19 mart, 08:55
  • Baku Bakı 8°C

Gürcü müxalifəti geri çəkilmək niyyətində deyil

21.11.19 21:57 632
Gürcü müxalifəti geri çəkilmək niyyətində deyil
Parlament seçkilərinə qədər etirazlar davam edə və ya daha ciddi proseslər baş verə bilər

Tbilisidə hökumət binası qarşısında etiraz aksiyası dünən də davam edib. Aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak ediblər. Etirazçılar hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəsələr də, bu cəhdləri alınmayıb. Aksiyada, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir. Etirazçılar hökumətin istefasını da tələb edirlər. Yeri gəlmişkən, Tbilisidə keçirilən aksiyalar zamanı saxlanılan 36 nəfərin hamısı məhkəmə prosesinə qədər azadlığa buraxılıb. Belə görünür, onlara qarşı ən sərt cəza kimi cərimə kəsiləcək. "Nezavisimaya qazeta” yazır ki, müxalifət aksiyaları dayandırmaq fikrində deyil və öz məqsədinə çatmaqda israrlıdır. Məqsəd də, Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə iştirakı ilə proporsional sistem üzrə seçkilərin keçirilməsidir. Paralel olaraq, məşhur həkim Vaje Qaprindaşvilinin Sxinvali həbsxanasından azad edilməsi də aksiyaçıların tələbi sırasına daxil edilib. Onu, tanınmamış Cənubi Osetiya sərhədini qanunsuz keçdiyi üçün iki aylıq həbs cəzasına məhkum ediblər. Gürcü həkimin həbsi ilə bağlı BMT və ATƏT də məlumatlandırılıb. ATƏT baş katibi Tomas Qreminqer ümidvardır ki, Qaprindaşvilini çox tezliklə azad edəcəklər. Lakin görünən odur ki, tanınmamış qurumun rəhbərliyi dünya ictimaiyyətinin tələbinə əməl etmək niyyətində deyil. Onlar iddia edirlər ki, bu şəxs 2008-ci ilin avqustunda gedən döyüşlərdə iştirak edib. Gürcü tərəfi bəyan edib ki, həmin günlərdə həkim yaralılara, o cümlədən Rusiya təyyarəsinin ekipaj üzvlərinə yardım göstərib. Elə həbs olunan həkimin həmkarları da həmin ekipajın üzvlərini həmrəylik nümayiş etdirməyə çağırıb. Gürcüstan XİN-in rəhbəri David Zalkalianinin məlumatına görə, bu barədə o, Cenevrə danışıqlarının həmsədrlərini məlumatlandırıb. Müxalifət də bu faktdan yararlanmağa çalışır və hakimiyyəti fəaliyyətsizlikdə ittiham edir.
Ümumiyyətlə, Qərb tərəfdaşlarının çağırışlarına baxmayaraq, hakimiyyət müxalifətlə yaranmış böhranı danışıqlar stolu arxasında müzakirə etmək fikrində deyil. Parlamentin eks-spikeri David Bakradzenin sözlərinə görə, Bidzina İvanişvili ümidvar olmamalıdır ki, zaman-zaman hər şey yaddan çıxıb gedəcək: "Əksinə, aksiya regionların cəlb olunması ilə daha da genişlənəcək. Hər birinci gün isə parlament qarşısında kütləvi aksiyalar təşkil ediləcək”. Ümumiyyətlə isə hakimiyyətin müxalifətlə danışıqlara getmək barədə təkliflərlə çıxış etməsi barədə rəsmi məlumat yoxdur. "Gürcü arzusu”nun hazırkı vəziyyəti mürəkkəb qiymətləndirilir. Yaranmış gərginliyə bir sıra deputatların hakim partiyanın sıralarından çıxmaları və fraksiya yaratmaları barədə qərarları da əlavə edilib. Bütün bunların fonunda partiyanın sədri Bidzina İvanişvili və digər nüfuzlu nümayəndələr sükutu qoruyub saxlamağa üstünlük verirlər. Bu da onu deməyə əsas verir ki, Seçki Məcəlləsi ilə bağlı müxalifət güzəştə nail olmayacaq. Parlament seçkiləri də gələn il mövcud majoritar-proporsional sistem üzrə keçiriləcək. Hakim partiyadan olan deputat Dmitri Xundadze böhrana "maraqlı” bir izah verib. Deputat bəyan edib ki, hakim partiya bununla bağlı müxalifətə hər hansı bir vəd verməyib. Xundadze izah edib ki, hakimiyyət partiyası xalqa vəd verib və xalq da qərar çıxarmalıdır ki, bu vədlər yerinə yetirilsin, ya yox. Bəyanat, etirazçılar və cəmiyyətin müəyyən hissəsində əlavə qəzəb doğurub. Gürcü sosial şəbəkəsində isə hakimiyyət nümayəndələrini danışıb özlərini biabır etməkdənsə, danışmamağı məsləhət görən xeyli status paylaşılıb. Daha çox şəxs bəyan edir ki, parlamentdə səsvermə İvanişvilinin iradəsi ilə məhz majoritar dairələrdən seçilən deputatların hesabına baş tutub. "Əgər ölkə rəhbərliyi proporsional seçki sisteminə keçmək qərarı verməsə, Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmağın mənası yoxdur”. Bunu "RİA Novosti”yə açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib. "Danışıqlar masasına keçmək üçün problemə ciddi yanaşmaq və fokus göstərmək gərək deyil. Mən çoxlu belə fokuslar görmüşəm və onlar hakimiyyət üçün əvvəl-axır, çox pis başa çatıb. Bizim iclas zalına keçməyimiz üçün seçki sisteminə dəyişikliklə bağlı real siyasi iradə lazımdır”, – deyə o bildirib.
Bütün bunların fonunda isə hakim partiyanın reytinqi azalır. ABŞ-ın Beynəlxalq Respublikaİnstitutunun (IRI) Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda bildirilib ki,
hakim "Gürcü arzusu” partiyasının sədriBidzinaİvanişvilinin fəaliyyətini57% respondent mənfi,32% isə müsbət kimi dəyərləndirib.Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq "AvropalıGürcüstan” partiyasının sədri David Bakradzeyə məxsusdur. O,57%müsbət,36%mənfi rəy alıb.Ekspertlər hesab edir ki, müxalifət artıq hakimiyyətə inanmadığını göstərir və yaxın müddətdə heç bir dəyişiklik edilməsə, çox güman ki, parlament seçkilərinə qədər etirazlar davam edə və ya daha ciddi proseslər baş verə bilər.
O ki qaldı Gürcüstanda erməni ssenarisinin baş tuta biləcəyinə, çoxları bunu mümkünsüz sayır. Belə ki, indiki gürcü rəhbərliyinin siyasəti Ermənistanda korrupsiyalaşmış "Qarabağ klanı” kimi hiddət doğurmur. Lakin müxalifət, maksimal şəkildə hakim partiyanı zəiflədə bilər. Bu zaman keçmiş iqtidar partiyası koalisiya qura və parlamentə keçən qüvvələrdən ibarət hökumət formalaşdıra bilər. Hakim partiyanın isə ən böyük uğurlarından biri odur ki, bu illər ərzində "Vahid Milli Hərəkat”ı parçalaya və xırda partiyalara bölə bilib. Məsələn, "Avropa Gürcüstanı” yarandı və hazırda da 21 deputat yerinə malikdir. Bu gün cəmiyyətdə hakim partiyaya münasibət müxtəlifdir. Bir qisim hesab edir ki, partiya özünün əsas potensialını reallaşdırmayıb, ikincilər isə hakim partiya daxilində renessans gözləyir, üçüncülər isə nə "Gürcü arzusu”nu, nə də müxalifəti hakimiyyətdə görmək istəmir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər