• cümə, 29 Mart, 02:24
  • Baku Bakı 7°C

Gürcü müxalifəti etiraz aksiyalarına start verdi

02.10.19 15:48 1285
Gürcü müxalifəti etiraz aksiyalarına start verdi
Tbilisidə ictimai fəallar və müxalifət Xarici İşlər Nazirliyini satqınlıqda və kollaborasionizmdə ittiham edib. Etiraz aksiyalarına start verən müxalifət XİN-in qarşısında toplaşıblar. Etirazlara səbəb də odur ki, xarici işlər naziri David Zakaliani Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsində görüşüb. Tbilisi də danışıqların keçirilməsini təsdiqləyib və əlavə edib ki, danışıqlar onların təşəbbüsü və İsveçrənin vasitəçiliyi ilə baş tutub. Məhz İsveçrə Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin olmadığı şəraitdə vasitəçiliyi öz üzərinə götürüb. "Bəli, Gürcüstan görüş tələb edib, lakin bu o demək deyil ki, biz başımızı aşağı salmışıq və yaxud bizim maraqlarımız beynəlxalq kontekstdən çıxıb. Fikirləşmək lazım deyil ki, İsveçrə və yaxud başqa bir tərəfdaş dövlət bizi dialoqa getməyə məcbur edib. Onlar bizi ölkəmizin təhlükəsizliyi qarşısında dəstəkləyiblər. Bizim məqsədimiz isə gərginliyi azaltmaqdır. Məhz bu amil də görüşümüzün əsas səbəbi olub”, - deyə parlament çoxluğunun rəhbəri Qiya Volski bəyan edib. Lakin "Gürcü arzusu” Partiyasının nüfuzlu nümayəndələrindən birinin bu sözləri odun üstünə yağ səpmiş olub. Müxalifət dərhal Zalkalianinin Lavrovla görüşünün stenoqramını açıqlamağı tələb edib. Bununla əmin olmaq istəyib ki, hakimiyyət milli maraqları satmır. Əks halda, fikirlər bunun əksinə yönələcək.
Bəllidir ki, gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifət hakimiyyətə hücum etmək üçün heç bir şansı əldən buraxmaq istəmir. Lakin məsələ ondadır ki, hakimiyyət özü də səhvləri təkrarlamaqla vəziyyətin gərginləşməsində günahkardır. Axı Gürcüstan Xarici İşlər Nazirliyinə nə mane olurdu ki, görüşdən dərhal sonra müvafiq açıqlama ilə çıxış etməyib. Yalnız bir neçə gün sonra Volski danışıqlar barədə bəyanat verir. Halbuki, Rusiya XİN rəhbəri Sergey Lavrov gürcü həmkarı ilə görüşdən dərhal sonra bununla bağlı açıqlama verir və hər hansı bir fövqəladə məsələnin müzakirə edilmədiyini bildirir. Hakimiyyətə qarşı çıxış etmək üçün növbəti fakt əldə edən eks-prezident Mixail Saakaşvili də şansı əldə buraxmaq istəməyərək tərəfdarlarını aktiv şəkildə fəaliyyət göstərməyə çağırıb.
Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl M.Saakaşvili 2020-ci ilin parlament seçkisinə qədər Gürcüstana geri dönəcəyini bildirib. "Yaxın aylarda Gürcüstana gəlməyi planlaşdırıram. Burada gizlədəsi heç nə yoxdur. Ukraynada özümü yaxşı hiss edirəm, amma biz vətənimizi itiririk”, – deyə o bildirib. Saakaşvili gürcü xalqıyla birgə Bidzina İvanişvilinin Gürcüstandakı hakimiyyətinə son qoyacağını deyib: "Mən siyasətçi deyiləm, müasir gürcü dövlətçiliyinin təsisçisiyəm, Gürcüstan vətənpərvəriyəm. Məni Gürcüstanda tutub-tutmayacaqları xalqdan asılıdır. Ukraynada həbsdən qorxmadım, öz ölkəmdə də qorxmuram”.
Bunun ardınca Saaakşvili elə fikirlər də səsləndirib ki, sözləri hətta müxalifətçilərin də xoşuna gəlməyib. O, özünü pravoslav, digər müxalifət liderlərindən fərqli olaraq qatı dindar hesab etdiyini bəyan edib. Populist bəyanatlar səsləndirərək, ölkədə növbəti inqilab həyata keçirəcəyini, tezliklə geri dönəcəyini bildirib. Eks-prezidentin tərəfdarları bildiriblər ki, onun açıqlamaları müxalifətin birləşməsinə mane olur.
"Avropa Gürcüstanı”nın liderlərindən olan Qiya Bokeriya ehtimal edib ki, Saakaşvili çox tezliklə özünü özünün onillik hakimiyyətinin qurbanı elan edəcək.
"Gürcü arzusu” artıq qeyri-formal seçki kampaniyasına başladığını elan edib. Artıq pensiyaları, müəllimlərin və həkimlərin əmək haqlarını artırmaq vədləri eşidilir. Lakin daha çox müxalifətlə kimin daha çox rusiyapərəst olması ətrafında qiyabi polemika ortadadır. Münaqişələrin nizamlanması və vətəndaş bərabərliyi üzrə keçmiş nazir Paata Zakareişvili hesab edir ki, Zalkalianinin Lavrovla görüşü ətrafında səs-küy daha çox seçkiqabağı kampaniya ilə bağlıdır. Seçkiqabağı kontekstdən çıxış edərək Rusiya ilə münasibətlərin normallaşmasını istəyən hissənin səslərini əldə etmək məqsədi güdülür. Bu istiqamətdə iki partiya – "Vətənpərvərlər Alyansı” və Nino Burxanadzenin Demokratik hərəkat – Vahid Gürcüstan Partiyası çalışır. "Gürcü arzusu” düzgün qərar qəbul edib. Bu gedişlə həmin partiyaların əlindən seçicilərini almaq istəyir. "Gürcü arzusu”nun problemləri var, onlara səs gərəkdir və düzgün, cəsur addım atdılar”, - deyə Zakareişvili bəyan edib. Əlavə edib ki, "iki ölkə XİN rəhbərlərinin görüşü məhz bu məsələ ilə bağlı deyil. Burada qeyri-adi nəsə yoxdur, əksinə, belə bir təmas zəruri idi. Nəzərə alaq ki, Çnelisi-Çorçana ərazisində vəziyyət gərgin idi. Hesab edirəm ki, belə görüşləri ildə bir dəfə keçirmək gərəkdir”.
Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze isə əmindir ki, ölkəsinin keçmiş prezident Mixail Saakaşviliyə ehtiyacı yoxdur. Eks-spiker keçmiş prezidentin Gürcüstana qayıdacağı ilə bağlı tez-tez səsləndirdiyi fikirlərinin artıq gülüş doğurduğunu deyib. "O, artıq gülünc vəziyyətə düşüb. Hər gün bu gün-sabah Gürcüstana qayıdacağı, ədaləti bərpa edəcəyi bəyanatını verir. Buna görə də, bu məsələyə ciddi yanaşmıram. Bunun Gürcüstanda lazım olmadığı mənə tamamilə aydındır. 2012-ci ildə gürcü xalqı açıq şəkildə Saakaşviliyə "yox” dedi”, - Burcanadze bildirib. Əlavə edib ki, Saakaşvili geri dönüb, Gürcüstana rəhbərlik edə bilməz: "Əgər bugünkü gürcü hakimiyyəti indiki siyasətini davam etdirsə, o zaman "kollektiv Saakaşvili”nin geri dönüşü təhlükəsi mövcuddur. Əslində, hakimiyyətə ciddi qərbyönlü, antirus koalisiyanın gəlmə təhlükəsi var”, - deyə bəyan edib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər