• cümə, 29 Mart, 10:02
  • Baku Bakı 5°C

Gürcü-erməni münasibətlərində növbəti problem

11.09.18 16:33 497
Gürcü-erməni münasibətlərində növbəti problem
Ermənistanın Gürcüstanla çox gözəl münasibətlərinin olduğunu iddia edən baş nazir Nikol Paşinyan görünür hələ inqilab eyforiyasından qurtula bilmir. Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze ilə görüşdə baş nazir ikitərəfli münasibətlərin ilbəil gücləndiyini təntənə ilə qeyd etsə də, soydaşlarının Gürcüstanda mütəmadi olaraq separatçı çıxışlarına toxunmayıb. Məlum olduğu kimi, hər iki ölkədə mövcud olmuş əvvəlki hakimiyyət dövründə münasibətlər ən gərgin həddə çatmışdı. Hətta iş o yerə çatmışdı ki, erməni səfirini Tbilisi qəbul etmək belə istəməyib. Səbəb də onun Gürcüstan əleyhinə bəyanatlar səsləndirməsi, separatçı bəyanatları olmuşdu. Bundan əlavə, ermənilərin kompakt yaşadığı Gürcüstanın Cavahetiya regionunda mütəmadi olaraq "Virk” erməni ekstremist təşkilatı üzə çıxır və aktiv fəaliyyətə başlayır. Qrup regionun Gürcüstandan ayrılmasını nəzərdə tutur və əsas planı da Bakı-Qars dəmir yolunun işə düşməsinə qarşı çıxmaqdır. Əvəzində isə Gürcüstana gürcü-erməni "dəhlizləri” təklif olunur. Paşinyan isə gürcü həmkarı ilə görüşdə bəyan edir ki, Ermənistan Gürcüstanla münasibətlərini qorumalıdır. "Hər zaman, hətta müxalifətdə də olan demişəm ki, Gürcüstanla münasibətlərimiz xüsusi olmalıdır. Biz gərək bunun üzərində işləyək və münasibətlərimizi geosiyasi təsirlərdən qoruyaq”, – deyə o bildirib. Nikol Paşinyan görüşdə, bir ambioz bəyanatla da çıxış edib - iki ölkə arasında ticarət dövriyyəsini 1 mlrd. dollara çatdırmaq. Ermənilərə məxsus "1in.am” saytı birgə mətbuat konfransında tərəflərin səsləndirdiyi bu təşəbbüsə ironiya ilə yanaşıb. Və bildirib ki, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyi barədə bəyanat heç də həqiqəti əks etdirmir. Məsələ ondadır ki, siyasi münasibətlərin səviyyəsi buna imkan vermir. Belə ki, Gürcüstan qərbə doğru istiqamət götürübsə, ermənilər haqda bunu iddia etmək mümkün deyil. Nə bir xarici siyasət konsepsiyası var, nə də strateji perspektiv. Sayt yazır ki, erməni-gürcü münasibətlərində təşəbbüskarlıq, ambioz proqramlar çatmır.
Yeri gəlmişkən, səfər ərəfəsində ikitərəfli münasibətlərdə ciddi problem yaranıb. "Lragir.am” erməni saytı yazır ki, Paşinyan gürcü həmkarı ilə görüşündə erməni-gürcü münasibətlərindəki dolaşıq məsələ– buğdanın tranziti problemini müzakirə edib. Məlum olduğu kimi, Gürcüstan buğdanın öz ərazisindən avtomobillərlə tranzitini 15 sentyabrdan qadağan edib. Bunu rəsmi olaraq buğda daşıyan ağır yük maşınlarının yolları xarab etməsilə izah ediblər. "Təklif edirlər ki, bu, daşımaların maya dəyərini artırsa da, buğda bərə ilə Potiyə, oradan da dəmir yolu ilə Ermənistana daşınsın. Məlum olub ki, Ermənistan Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə aparılan danışıqların nəticəsində Cənubi Qafqaz Dəmir Yolları və Gürcüstan Dəmir Yolları dənli bitkilərin Poti limanından Ermənistana daşınması tariflərinin 1 sentyabr 2018-ci il tarixdən 52% azaldılması barədə razılıq əldə ediblər.Əgər aparılan hesablar düzdürsə, nəticədə taxılın bir tonu 50 dollar deyil, 25 dollar bahalaşacaq. Söhbət strateji əhəmiyyətli zəruri ərzaq məhsulundan gedir və sürətli regional inkişaf, həmçinin Azərbaycan və Türkiyənin Ermənistana yönəlik iddiaları nəzərə alınarsa, Gürcüstanın qərarı perspektivdə ciddi nəticələrə səbəb ola bilər”, - deyə məqalədə vurğulanıb. Daha sonra müəllif yazır ki, "Ermənistan hakimiyyəti Gürcüstanla münasibətlərə daima həssas yanaşıb və Ermənistanın xarici aləmə yeganə çıxışını təhlükə altına sala biləcək problemlərin yaranmasına imkan verməməyə cəhd edib. Gürcüstan da Ermənistanın problemlərinə anlayışla yanaşıb, onlar bu və ya başqa yolla həll edilib və gürcülər Ermənistanın durumu ilə alver etməyib. Lakin Türkiyə və Azərbaycanın Gürcüstanda iqtisadi iştirakı getdikcə daha çox nəzərə çarpır. Bu iki ölkə Ermənistanı beynəlxalq təcrid siyasəti aparır və bu siyasətdə Gürcüstana mühüm platforma kimi baxılır. Azərbaycanın Gürcüstandan keçən kommunikasiyalara – dəmir yollarına, qaz boru kəmərlərinə və s. marağı haqqında informasiyanın dövri olaraq yayılması təsadüfi deyil.Əgər Ermənistandakı bütün strateji kommunikasiyaların Rusiyaya məxsus olduğunu nəzərə alsaq, onda mənzərə tamamlanır və buğdanın tranzitinin qadağan olunması ilə bağlı məsələ iqtisadi problem və 100 illik regional status-kvo çərçivəsindən kənara çıxır. 100 il bundan öncə Türkiyə və Rusiya hesabına regionu böldülər – Qars, Ərdahan və Sürməli Ağrı dağıilə birgə Türkiyəyə, Qarabağ və Naxçıvan Azərbaycana verildi, əvəzində Türkiyə Batumini Rusiyaya güzəştə getdi. O da Gürcüstana verdi.Faktiki, Batumi erməni ərazisi olaraq mübadilə edildi. Müəllif əlavə edir ki, "100 il bundan öncə Türkiyə və Rusiya erməni dövlətini məhv etmək vəzifəsini ortaya qoydu. İndi Azərbaycan və Türkiyə bu siyasəti davam etdirir, buğda və enerji daşıyıcıları ilk hədəflər ola bilər. Ermənistan hakimiyyəti bu problemi bütün ciddiyyətilə məhz perspektiv planda müzakirə etməlidir”.

Azər

banner

Oxşar Xəbərlər