AZE | RUS | ENG |

“Gürcü Arzusu” yenə qalib oldu

“Gürcü Arzusu” yenə qalib oldu
Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs da mer seçkilərində uğur qazana bilmədi

"Gürcü Arzusu” Partiyası Gürcüstanda keçirilən aralıq və növbədənkənar seçkilərdə də qalib gəlib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının saytında yayımlanan rəsmi məlumatda bildirilib ki, ölkənin beş bələdiyyəsi rəhbərliyinə keçirilən seçkini hakim partiyanın nümayəndələri udub. Gürcüstan MSK Marneulidə olan bütün səslərin hesablandığını və səslərin 78,6%-ni "Gürcü Arzusu” Partiyasının nümayəndəsi Zaur Darğallının qazandığını bildirib. Onun ən yaxın rəqibi olan "Vahid Milli Hərəkat” Partiyasının nümayəndəsi Aqil Mustafayev 11,49% səs toplayıb. O da bəlli olub ki, Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşviliyə azərbaycanlı yeni müavin təyin olunacaq. Bu post keçmiş müavin Zaur Darğallının Marneuli rayonunun rəhbəri seçilməsindən sonra boşalıb.  Qubernator müavini vəzifəsinə kimin təyin olunacağı hələlik məlum deyil. Qeyd edək ki, 2017-ci ildən etibarən azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin qubernatorunun 3 müavinindən biri azərbaycanlı olur. "İlkin məlumatlara əsasən, "Gürcü Arzusu” Partiyası Marneulidə keçirilmiş seçkilərdə səs çoxluğu ilə qələbə əldə edib”. Bunu partiyanın liderlərindən biri, parlamentin sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib. O deyib ki, Zuqdidi, Çiatura və Xulo rayonlarında da hakim partiyanın namizədləri səs çoxluğu əldə edirlər. İ.Kobaxidze Tbilisinin Mtatsminda rayonunda seçkilərin ikinci turunun keçirilmə ehtimalının olduğunu qeyd edib.
Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun namizəd olduğu Zuqdidi şəhərində də səslər hesablanıb. Hesablamaya əsasən, "Gürcü Arzusu”nun nümayəndəsi Geqa Şengeliya 54,18%, "Vahid Milli Hərəkat”ın nümayəndəsi Rulofs isə 42,75% səs yığıb. Zestafoni, Xulo və Çiatura şəhərlərində də "Gürcü Arzusu”nun qalib gəldiyi və "Vahid Milli Hərəkat”ın məğlub olduğu bildirilib. Hakim partiyanın Zestafonidə 7%, Xuloda 47%, Çiaturada isə 46% səs üstünlüyü ilə qalib gəldiyi açıqlanıb. Aralıq seçki ilə bərabər Gürcüstan parlamentinə Salome Zurabişvişlinin prezident olmasından sonra boşalan yerə də seçki keçirilib.
Seçki Tbilisinin Mtatsmind rayonunda baş tutub. Buradakı 31 məntəqədə bülletenlərin tam yoxlanılmasından sonra deputatlığa namizədlərdən heç birinin yetərli hesab olunacaq 51% səsi toplaya bilmədiyi üzə çıxıb. Deputatlığa əsas namizədlər olan "Gürcü Arzusu”nun nümayəndəsi Lado Kaxadze 41%, "Avropa Gürcüstanı” Partiyasının nümayəndəsi Şalva Şavqulidze isə 36,83% səs yığıb.
Seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili seçkilərin saxtalaşdırıldığını bəyan edib və tərəfdarlarını hakimiyyətə qarşı mübarizəyə səsləyib. "Feysbuk” hesabında video-müraciətlə çıxış edən M.Saakaşvili özünün "Vahid Milli Hərəkat” Partiyasını və tərəfdarlarını hücuma səsləyib. "Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”, - Saakaşvili vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanda seçkilər hər dəfə saxtalaşdırılır: "Pulları kibrit qutularında paylayırlar, siyahılar hazırlanır. Bütün bunlara baxmayaraq hakim partiyanın işləri yaxşı getmir”. Daha sonra üzünü "Gürcü Arzusu” nümayəndələrinə tutaraq İvanişvilinin ardınca qəbirə getməməyə, qanunsuz əmrləri icra etməməyə və seçici səslərini oğurlamamağa çağırıb. Xəbərdarlıq edib ki, saxtakarlıq edənlərin hamısı qeydə alınır: "İvanişvilinin hakimiyyət müddətinə az qalıb. İstərdim ki, gürcülər bir-birilərinə hörmətlə yanaşsınlar. Hesab etməyin ki, Gürcüstanın düşməni və onun tətbiq etdiyi sistem uzun müddət davam edəcək”.
"Saakaşvilinin son bəyanatı antikonstitusiondur və narahatlıq yaradır”. Bu sözləri isə özünün "feysbuk” səhifəsində Gürcüstan prezidenti Salome Zurabişvili paylaşıb. O, dövlət başçısı olmuş şəxsin belə bəyanatlar verməsinin doğru olmadığını bildirib. 
"Gürcü Arzusu”nun tərəfdarları "Rustavi 2” telekanalının rəhbəri, Saakashvili tərəfdarı Nika Qvaramiya ilə əlbəyaxa olublar. Tərəflər insidentə görə bir-birini günahlandırıb. Saakaşvilinin "Vahid Milli Hərəkat” Partiyasına ölkənin qərb regionlarında dəstək güclüdür. "Vahid Milli Hərəkat” 2012-ci ildə hakimiyyətdən gedəndən ölkəni "Gürcü Arzusu” idarə edir. Ötən il Gürcüstan məhkəməsi Saakaşvilini qiyabi olaraq üç il həbs cəzasına məhkum edib. O, 2006-cı ildə gürcü bankirin qətli ilə əlaqədar dəlili ört-basdır etməkdə təqsirli bilinib. Keçmiş prezident ittihamları rədd edib, siyasi motivli adlandırıb.
"Gürcüstanda keçirilən seçkilərdə ən acınacaqlı mənzərəni Marneulidə müşahidə etdik”. Bunu Gürcüstanın müxalifətdən olan "Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Givi Tarqamadze bildirib. O deyib ki, Marneulidə səsvermə prosesi zamanı bir neçə müxalifət partiyası təmsilçisi məntəqələrdən uzaqlaşdırılıb: "Marneulidəki seçkilərin bərabər şəraitdə keçirildiyini demək olmaz. Seçicilər şantaj olunub və onlara hədə-qorxu gəlinib”.
Vahid Mili Hərəkat Partiyasının Zuqdidi rayonundan namizədi olan, Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə bildirib ki, Bidzina İvanişvilinin rejiminə etiraz dalğası ilə son qoymaq olar. O deyib ki, B.İvanişvilinin rejimini devirdikdən sonra ölkədə seçkilər barədə danışmaq mümkün olacaq: "Biz qətiyyətlə mövqeyimizi müdafiə edəcəyik. Hər bir şəhərə, kəndə, küçəyə baş çəkəcəyik və insanları əmin edəcəyik ki, biz bir-birimizi güclü edə bilərik. İvanişvilinin rejiminə etiraz dalğası ilə qalib gəlməliyik”.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8766
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1213
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1748
CHF 1 1 İsveçrə frankı 1.7057
KWD 1 1 Küveyt dinarı 5.5915
TRY 1 1 Türkiyə lirəsi 0.299