• cümə axşamı, 25 aprel, 13:16
  • Baku Bakı 23°C

“Gürcü arzusu” reytinqini itirir?

21.08.13 09:05 1508
“Gürcü arzusu” reytinqini itirir?
Gürcüstanda prezident seçkiləri kampaniyası həddən artıq gərgin axarda davam edir. Mövcud ikihakimiyyətlilik fonunda proseslər maraqlı tərzdə davam edir. Artıq Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçiriləcək prezident seçkilərinə rəsmi olaraq iki namizədi qeydə alıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili və Mixail (Qela) Saluaşvili namizəd qismində qeydiyyatdan keçib.
Məlumata görə, Gürcüstanda 34 seçici subyekti Mərkəzi Seçki Komissiyasına müraciət edib, onlardan 3 nəfərin qeydiyyatından imtina edilib, 25 təşəbbüs qrupu isə qeydə alınıb. Bununla yanaşı, Leyboristlər Partiyasından savayı MSK-ya müraciət etmiş 3 siyasi partiya qeydiyyata alınmasını gözləyir. Eyni zamanda, hakim "Gürcü arzusu" partiyası da prezidentliyə namizədini irəli sürüb. Bu, Giorgi Marqvelaşvilidir. Həmçinin, hakimiyyətyönlü "Vahid Milli Hərəkat" partiyasından David Bakradzenin, "Ədalətli Gürcüstan naminə" partiyasından Serqo Cavaxidzenin və Xristian-demokrat hərəkatından Giorgi Tarqamadzenin namizədliyi irəli sürülüb. Hazırkı mərhələdə namizəd irəli sürən siyasi partiyaların və təşəbbüs qruplarının qeydiyyatı davam edir. Qeydiyyat sənədlərinin qəbulu sentyabrın 7-dək davam edəcək. Qeydiyyat üçün prezidentliyə namizədlər sentyabrın 17-dək MSK-ya ən azı 26 530 seçici imzası təqdim etməlidir. Namizədlərin qeydiyyatı sentyabrın 27-də yekunlaşacaq.
Gürcüstan Xarici İşlər Nazirliyi prezident seçkiləri ilə bağlı ölkəyə müşahidəçi göndərmək üçün beynəlxalq təşkilatlara və müxtəlif ölkələrə dəvətnamələr də göndərib. Nazirlik tərəfindən iyul ayında Demokratik Təsisatlar və İnsan Hüquqları, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti, GUAM Parlament Assambleyası, QDİƏT və Ərəb Birliyi Parlament Assambleyasının Bürosuna dəvətnamələr göndərilib. Gürcüstan XİN həmçinin AB, NATO, GUAM və digər tərəfdaş ölkələrə, eyni zamanda Milli Demokratiya İnstitutunun (MDİ), Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) və beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən tanınmış ABŞ-ın Helsinki Komissiyasına müraciət edib. “Gürcüstan göndərdiyi məktublarda seçkilərin yüksək səviyyədə şəffaf, azad və ədalətli, beynəlxalq standartlara tam cavab verən və beynəlxalq müşahidəçilərin effektli fəaliyyəti üçün hazır olduğunu bildirir”- deyə XİN-in bəyanatında bildirilib.
Bu qədər namizəd çoxluğu şəraitində seçkilərin gərgin keçəcəyi proqnozlaşdırılır. Belə bir qənaət formalaşıb ki, İvanişvili hökuməti Saakaşvili tərəfdarlarına qarşı çox yumşaq davranır. Belə yumşaq siyasət isə xalqın ürəyincə deyil. Bu səbəbdən də İvanişvilinin reytinqi durmadan aşağı düşür. İş o yerə çatıb ki, “Gürcü arzusu”ndan prezidentliyə namizəd Marqelaşvili bəyan etməyə məcbur olub ki, səsvermə günü prezident Mixail Saakaşvilinin “Vahid Milli Birlik” Hərəkatı ilə məcburi əməkdaşlığının sonuncu günü olacaq. 2012-ci il oktyabrın 1-dən başlanılan ikihakimiyyətlilik Marqelaşvili birinci turda qalib gələcəyi təqdirdə başa çatacaq. Onun sözlərinə görə, iki siyasi qüvvənin olmasından təəssüf hissi keçirənlər bir şeyi bilməlidirlər - özünün siyasi piarı naminə Gürcüstanı pis vəziyyətə qoyan prezident artıq olmayacaq. Dövlət başçısı, hökumət və parlament birgə fəaliyyət göstərəcəklər. Analitiklər də bildirirlər ki, bu açıqlama “Gürcü arzusu”nun reytinqinin aşağı düşməsi ilə bağlıdır. Gəlinən qənaət budur ki, Saakaşvili partiyasından olan liderlər məsuliyyətdən qaçmağa müvəffəq olurlar. Məsələn, avqustun əvvəlində məhkəmə sabiq müdafiə və daxili işlər naziri Baçana Axalayanın üzərindən bütün ittihamları götürdü. Barəsində dörd il həbs qərarı çıxarılan Qərbi Gürcüstanın qubernatoru Tenqiz Qunavanı isə prezident əfv edərək əvvəlki iş yerinə bərpa edib. Əhalinin yeni hakimiyyətdən narazılığından isə sabiq spiker Nino Burcanadze yararlanır. Saakaşviliyə və onun partiyadaşlarına qarşı daha radikal mövqedə duran bu xanımı şahmat üzrə beşqat dünya çempionu Nona Qaprindaşvili də dəstəkləyir. O bildirir ki, Axalayanın üzərindən məhkəmə qərarının götürülməsi, eləcə də sabiq baş nazir İvane Merbişvilinin azad olunması ölkədə əsl xalq üsyanına səbəb olacaq. Qeyd edək ki, sonuncunun məhkəmə prosesi avqustun 23-də başlanmalıdır.
“Vahid Milli Birlik”dən olan deputat Mixail Maçavariani hesab edir ki, Marqelaşvilinin yuxarıdakı bəyanatı da məhz “Gürcü arzusu” tərəfdarlarının Burcanadze tərəfinə axın etməsi ilə bağlıdır. “Tərəfdarlarına bununla siqnal göndərilir ki, “sıraları tərk etməyin, biz də radikallaşacağıq”” deyən deputat əlavə edib ki, gürcü cəmiyyətinin bir hissəsi məhz həqiqətən də ikili idarəetmədən narazı ola bilər: “Lakin ən əhəmiyyətli odur ki. yeni iş yerləri yaradılmır, gəlirlər artmır”.
Qərb nəşrləri isə bildirirlər ki, Saakaşvilinin partiyasında da seçkilər yaxınlaşdıqca monolitlik azalır. Onlar yaxşı anlayırlar ki, David Bakradze qələbə qazanmayacaq. Belə bir xəbər yayılıb ki, Bakradze siyasəti ümumiyyətlə tərk edəcəyini bəyan edəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər