• cümə, 29 Mart, 01:07
  • Baku Bakı 7°C

“Gürcü arzusu” prezidenti dəyişməkdə israrlıdır

15.11.17 09:00 2256
“Gürcü arzusu” prezidenti dəyişməkdə israrlıdır
Gürcüstanda prezident seçkilərinə bir il qalsa da, hakim "Gürcü arzusu” partiyası artıq indidən mümkün namizədlərin axtarışına start verib. Hakim partiyanın siyasi opponentləri də geri qalmaq istəməyərək bəyan edirlər ki, hakimiyyət qarşısına öz namizədlərini mütləq çıxaracaqlar. Rəsmən hələ ki hər hansı bir namizədin adı çəkilməsə də, kluarlarda tanış adlar səslənməkdədir.
Gələcək prezident naturaca akademik, hakim partiyaya və müxalifətə qarşı qərəzli biri olmamalıdır. Parlamentin spikeri İrakli Kobaxidze hesab edir ki, gələcək prezident məhz bu cür keyfiyyətlərə malik olmalıdır. Spiker Gürcüstan televiziyalarından birində efirə gedən siyasi proqramda çıxışında bəyan edib ki, hakim koalisiya prezidentliyə namizəd irəli sürərkən onun təcrübəsi, imici və mövqeyini rəhbər tutacaq. "Bizim prezidentliyə namizədimiz mütləq olacaq. Bu şəxs partiyadan yüksəkdə durmalı, konstitusiya sisteminə uyğun olaraq heç bir partiyanın üzvü olmamalıdır. Həmin şəxs bütün tələblərə cavab verməlidir”, - deyə spiker vurğulayıb. Onun sözlərinə görə, hakim komandanın üzvü də namizəd ola bilər. Lakin təqdimatı veriləndən sonra neytrallıq nümayiş etdirməlidir. Bu zaman onun şəxsi keyfiyyətləri də nəzərə alınmalıdır. İ.Kobaxidzenin bəyanatından bəlli olan yalnız odur ki, indiki prezident Georgi Marqvelaşvili hakim komandanı qane etmir. Lakin bu o anlama gəlmir ki, Marqvelaşvili prezident sarayını mütləq tərk etməli olacaq.
Gələn ilin payızında onun prezidentliyinin birinci müddəti başa çatacaq və o, "Gürcü arzusu”nun razılığı olub-olmamasından asılı olmayaraq, konstitusiyaya müvafiq olaraq növbəti dəfə namizədliyini irəli sürə biləcək. Dörd il bundan əvvəl Marqvelaşvilini ictimaiyyətə təqdim edən koalisiyanın rəhbəri Bidzina İvanişvili onun barəsində komplimentlər səsləndirməkdə xəsislik etməmişdi. Onu yaxın dostu, ölkənin ehtiyac duyduğu ağıllı və təhsil almış biri adlandırmışdı. Bu sözlər də Marqvelaşvilinin qələbə qazanması üçün kifayət edirdi və belə də oldu – gürcü ictimaiyyəti faktiki olaraq onlardan Marqvelaşviliyə səs verməyi xahiş edən İvanişvilinin istəyinin əleyhinə getmədi. Və bununla da Marqvelaşvili barəsində partiya qərarını təsdiqləmiş oldu. Lakin deyir, sən saydığını say, gör fələk nə sayır. Üstündən heç bir-iki ay keçməmiş oliqarx açıq şəkildə etiraf etdi ki, indiyə qədər insanlara qiymət verəndə bu qədər səhv etməmişdi. Bəlli olub ki, prezident "Gürcü arzusu”nun ssenarisinə əks gedərək onun əmrlərinin icrasına qarşı çıxır. Məsələ tək Marqvelaşvili İvanişvili ilə əldə etdiyi razılaşmanı pozaraq Mixail Saakaşvilinin inşa etdiyi Prezident iqamətgahına daxil olmasında deyil.
İndiki dövlət başçısı hazırkı iqtidar partiyası ilə müxalif "Vahid Milli Hərəkat” arasında neytrallıq nümayiş etdirməyə cəhd göstərdi. G.Marqvelaşvili hər iki qanada məxsus insanları yürütdükləri siyasətə görə tənqid etsə də, müxalifət onun tənqidlərindən elə də rəncidə düşmürdü. Qarşıdurma o həddə çatmışdı ki, xarici səfərlərdə kimin ölkəni təmsil etməsi qalmaqalı yaşandı. Belə ki, beynəlxalq tədbirlərə kimin getməsi ilə bağlı anlaşılmazlıq utancverici bir vəziyyət yaranmışdı. Bütün bunlardan sonra hakimiyyət onu satqınlıqda ittiham etməyə başladı. O vaxtkı baş nazir İrakli Qaribaşvili ilə gərginlik o həddə çatdı ki, tərəflər bir-birini ittiham etməyə başladılar. Nəticədə Qaribaşvili də İvanişvilinin qəzəbinə tuş gəldi və onu vəzifəsindən götürməyə üstünlük verdi. Hətta onu hansısa bir vəzifəyə belə təyin etmədi. İndiki baş nazir Georgi Kvirikaşvili isə sələfindən fərqli olaraq daha sözbaxan təsir bağışlayır. Lakin sabiq baş nazir İvanişviliyə problem də yarada bilər. Belə ki, vəzifə ilə təmin olunmayan Qaribaşvili bu yaxınlarda partiya yaratmaq niyyətini ortaya qoyub və bununla da "boz kardinal” İvanişvilinin qəzəbinə tuş gəlib. Gəzən şayiələrə görə, gələcək prezident məhz Qaribaşvili ola bilər. Bu barədə cəmiyyətdə ciddi müzakirələr və şayiələr dolaşır. Əgər bu, baş verərsə, digər bir şayiə də təsdiqini tapa bilər – İvanişvili real olaraq siyasətdən gedir. Lakin buna inanan azdır. İvanişvilinin əvvəlki tək siyasi məsələlərin həllində aktivlik nümayiş etdirəcəyi gözlənilir.
Prezidentliyə digər namizəd kimi isə səhiyyə naziri David Serqeenko göstərilir. Populyar siyasətçi imicinə malik bu şəxs isə hələ ki bunu təkzib edir. "Mənim belə bir ambisiyam yoxdur və ümid edirəm ki, olmayacaq da”, - deyə prezidentliyə namizəd ola biləcəyi barədə şayiələri cavablandıran nazir bildirib.
Ekspert dairələrində isə "Gürcü arzusu”nun oyun oynamağa çalışdığı və növbəti prezident kimi elə Marqvelaşvilinin üzərində dayanacağı və onun ikinci müddətə prezident olmasına mane olmayacağı söhbətləri dolaşır. Yəni məsələ ondadır ki, tərəflər arasında ziddiyyətlər də əvvəlki kimi deyil, bir qədər səngiyib. Bu da ola bilsin tərəflər arasında razılığın əldə olunması ilə bağlıdır. Elə prezident də dəfələrlə bəyan edib ki, indiki baş nazirlə istənilən məsələ ilə bağlı kompromis əldə etmək mümkündür. Qarşı tərəf də ona qarşı hər hansı bir irad səsləndirmir. Bəziləri isə bu qənaətdədir ki, hakim komanda, hər halda parlamentdə konstitusiya çoxluğundan istifadə edərək mövqeyini möhkəmləndirmək və prezidentliyə tamamilə yeni şəxsi irəli sürmək niyyətindədir. Məhz bu şəxs də gələcək seçkilərin favoritinə çevriləcək.
Son məlumatlara görə, hakimiyyət mövqelərini daha da gücləndirməyə müvəffəq olub. Belə ki, noyabrın 12-də keçirilmiş seçkinin ikinci raundunda hakim koalisiya altı mer postunun beşini qazanıb. Üç həftə öncəki birinci raundda dahakimkoalisiyası əksər dairələrdə üstün olub. "Gürcü arzusu”nun namizədləri ölkənin ikinci böyük şəhəri olan Kutaisidə, eləcə də Borjomi, Kazbeki, Xaşuri və Martvilidə qalib gəliblər. ​Koalisiyanın Ozurgetidəki namizədi az səs fərqiylə müstəqil namizədə uduzub. MSK seçicilərin 33,2 faizinin səsverməyə qatıldığını bildirib. Oktyabrın 21-də birinci raundda "Gürcü arzusu” proporsional sistemlə bütün dairələr üzrə qələbə çalıb. Bu seçkini çoxları gələn ilki prezident seçkisi öncəsi hakim koalisiyadan ötrü əsas sınaq sayırdı.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər