• çərşənbə axşamı, 23 aprel, 20:12
  • Baku Bakı 20°C

Günün nə fərqi var ki...

15.05.15 05:32 940
Günün nə fərqi var ki...
Tahir Kərimli Milli Şuranın icazəli mitinqi keçirməkdən imtinasını bəhanə sayır: “Bilirlər ki, kütlə onları dəstəkləmir və mitinqə demək olar ki, heç kim gəlməyəcək”
Milli Şura həftə sonuna planlaşdırdığı mitinqi keçirməkdən imtina edib. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti onlara mitinq keçirmək üçün 1 gün öncəyə icazə verib. Müxalifət düşərgəsi isə qərarla razılaşmayıb və nəzərdə tutulan mitinq planını ləğv edib. Onların bu qərarı isə birmənalı qarşılanmayıb. Belə hesab olunur ki, Milli Şura BŞİH-nin onlara icazə verməyəcəyini düşünürmüş. Yəni bütün planlarını bunun üzərində quran müxaliflər mitinq keçirməyə hazır deyillər. Çünki mitinqə çox az adamın qatılacağını bilirlər. Vəhdət Partiyasının sədri Tahir Kərimli də bu fikirdədir və Milli Şuranın ehtiyatlı davranmaq, az tərəfdarının olduğunu nümayiş etdirməmək üçün müxtəlif bəhanələrə əl atdığını söylədi: “Bəzən mənə elə gəlir ki, Milli Şura fəaliyyətini bəhanələr üzərində qurur. Bu yolda Bakı şəhər İcra hakimiyyətinin qərarlarından da istifadə edirlər. Hesab edirəm ki, onlar mitinqin vaxtının bir gün əvvələ keçirilməsi qərarını da bəhanə edirlər və uğursuz mitinq keçirməmək üçün bu qərardan istifadə edirlər. Belə işlər sərt reaksiya verməklə, dərhal yox deməklə olmur. Mitinq keçirmək istəyən şəxslərin hay-küy salaraq icazəli mitinqi keçirməkdən imtina etmələri yaxşı görünmür. Təəssüf ki, bu, birinci hal deyil və onlar neçənci dəfədir ki, belə reaksiya verirlər”.
T.Kərimlinin fikrincə, mitinqi bir gün fərqlə keçirməyin ciddi fərqi yoxdur: “Məsələ burasındadır ki, radikal müxalifət həmişə onlara mitinq keçirməyə imkan verilməməsi ilə bağlı şikayət edir, onlara şərait yaradılmadığını deyirlər. İndi isə razılıq verilib, özləri imtina edirlər. Hər zaman iddia edirlər ki, böyük bir kütlə onların mitinq təşkil etməsini gözləyir. Amma icazəli mitinqə icazə veriləndə müxtəlif bəhanələr uydururlar. Çünki özləri də dəfələrlə görüblər ki, mitinqdə yetərli sayda adam iştirak etmir, heç bir kütləvilik olmur. Faktiki olaraq, istədikləri qədər sosial baza yoxdur. Ən pisi odur ki, bu mənzərənin fonunda, kütləviliyin olmadığı faktı ola-ola, iddialarından əl çəkmirlər. Guya əhalinin onların mitinqini gözlədiyi görüntüsünü yaratmağa çalışırlar. Nə fərqi var ki, bir gün tez, bir gün gec. Deməli, məqsəd heç də deyildiyi kimi deyil. Əgər əsas hədəf mitinq keçirməkdirsə, keçirin, icazə verilib. Şüarlarınız olduğu kimi qalır, plakatlarınız hazırlanıbsa və s. məsələlər yerindədirsə, nəyə görə keçirmirsiniz? Bu icazə sizin üçün fürsətdir, rahatlıqla etirazınızı bildirin. Amma onlar yaxşı bilirlər ki, kütlə onları dəstəkləmir və mitinqə demək olar ki, heç kim gəlməyəcək. Sosial baza tamamilə dağılıb. Onları müdafiə edənlər, dəstəkləyənlər, tərəfdar olanlar kəskin şəkildə azalıb. Çünki əhali ancaq hökumətə arxalanır və ondan dəstək gözləyir”.
Partiya sədri hər kəsin ümidinin yalnız hökumətə olduğunu dedi: “Əhali istəklərini yalnız hökumətə ünvanlayır. Hətta problemi olan şəxslər də müxalifətin yanına getmir, dövlətdən yardım istəyir. Çünki yaxşı bilirlər ki, məsələni yalnız dövlət aradan qaldıra bilər, müxalifət yox. Təbii ki, radikal müxalifət problemlərin həlli ilə maraqlanmır. Çünki problemin həlli onlara sərf etmir. Əksinə, belə faktlardan arqument kimi istifadə etməyə çalışırlar. Əhalinin müxalifətə qarşı etinasızlığı ortadadır, onlara etibar etmirlər. Amma Milli Şura bu faktı gizlətmək üçün əlindən gələni edir. Həm ölkə daxilində, həm də ölkə xaricində guya var olduğunu, fəaliyyət göstərdiyini sübut etməyə çalışır. Ona görə də müxtəlif hay-küylə gündəmə gəlmək istəyirlər. Mitinq keçirmək istəyirsiniz, lap yaxşı, bəs niyə icazə veriləndə imtina edirsiniz? Məsələ ondadır ki, iddia etdikləri qədər iştirakçının qatılmayacağını bilirlər. Ona görə də bu qərarlarını bəhanə adlandırıram. Gündəmi gərginlikdə saxlamaq istəyirlər. Mitinq keçirməsələr də, o görüntünü yaratmağa çalışırlar. Bu yolla sanki özlərinə təskinlik verirlər. Varlıqlarını boş işlərlə, hay-küylə təsdiq etməyə cəhd etməkdənsə, iddialarından əl çəksinlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər