Günnütün işğaldan azad edilməsi kimləri və niyə narahat edir? - Fotolar
Ermənistan silahlı birləşmələrinin 2016-cı il aprelin ilk günlərində cəbhə xəttində
növbəti təxribata əl atması - mövqelərimizə soxulmaq cəhdi işğalçı dövlətin
böyük itkilər verməsi ilə nəticələnib. Azərbaycan ordusunun ön xətdə olan
birləşmələri erməni təxribatının qarşısını alarkən, əks hücuma keçib, düşmənə
sarsıdıcı zərbə vurub, bir sıra ərazilərə, o cümlədən Lələ Təpə kimi bəzi strateji
yüksəkliklərə nəzarəti təkrar bərpa edib. Yalnız bu əməliyyatdan sonra işğal
altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi təhlükəsiz əraziyə çevirilib. Bununla
yanaşı, İşğal altındakı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ümumilikdə 2000
hektardan çox ərazisi düşməndən azad edilib. 1994-cü ildə ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu "Horadiz əməliyyatı”ndan
sonra Cocuq Mərcanlının düşmən tapdağından azad edilməsi, o kənddə əvvəlki
həyatın bərpası üçün görülən işlər Azərbaycan tarixinə şanlı hadisə kimi daxil
olub.
Bu günlərdə Azərbaycan Silahlı Qüvvələri xalqımıza daha bir sevinc
yaşadıb. 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur
rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib.Naxçıvan
Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun yaydığı rəsmi məlumatda
bildirilib ki, cari il mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafdakı
mühüm strateji əhəmiyyəti olan yüksəkliklər ordumuzun əks-həmlə əməliyyatları
ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə
sahiblənib, Xunut dağı və Ağbulaq yüksəkliyi, daha sonra Qızılqaya dağı və Mehridağ
işğaldan azad edilib. Nəticədə Dərələyəz mahalının Arpa kəndi (Ermənilər
adını dəyişdirərək Areni qoyublar) də daxil olmaqla, ümumilikdə 11 min hektara
yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı əkin
üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Məlumat üçün onu da əlavə
edək ki, Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz
səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük
strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna
ordumuza nəzarət etməyə imkan verməsidir. Bu hadisədən dərhal sonra ərazinin
etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq
yararsız yollar bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki
cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə
mövqeləri qurulub. Bütün bu tədbirlərin ardınca, günnütlülər 26 illik həsrətdən
sonra maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını
ziyarət ediblər.
Təbii ki, müstəqil
Azərbaycan tarixində yaşanan bu hadisələr hər bir azərbaycanlı tərəfindən sevinclə
qarşılanır. Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
yürütdüyü bu siyasəti, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində
nümayiş etdirdiyi prinsipiallığı, siyasi iradəni dəstəkləyir, işğal altındakı
torpaqlarımızın mərhələ-mərhələ azad ediləcəyinə şübhə etmir.
Silahlı
Qüvvələrimizlə bərabər, sıravi vətəndaşlarımızda da ruh yüksəkliyi, qələbəyə
inam hissi daha da artır. Böyükdən-kiçiyə hər kəs işğaldakı torpaqlarımızın hamısının
bu yolla tam azad ediləcəyinə inanır. Amma bu hadisələrdən məyus olanlar da
var. Onlar işğalçı Ermənistanın siyasi hakimiyyəti, mənəvi-psixoloji ruh
düşkünlüyü yaşayan erməni ordusu, düşmən cəmiyyəti və bir də təəssüflər olsun
ki, Azərbaycandakı radikal müxalifətdir. Düşmənin narahatlığı başa düşüləndir.
Ancaq "sapı özümüzdən olan baltalar”ın təşvişi, narahatlığı acınacaqlı haldır.
2016-cı ilin aprel döyüşlərindən sonra "bir-iki dərə-təpəyə görə bu qədər insan
itkisinə dəyməzdi” deyib, Silahlı Qüvvələrimizin uğuruna kölgə salmaq
istəyənlər, indi də Günnüt olayına ləkə yaxmağa cəhdlər edirlər. Konkret olaraq
AXCP sədri Əli Kərimli, eləcə də öz Vətəninə dönük çıxıb ermənipərəst dairələrə sığınan keçmiş səfir Arif Məmmədov bu narahatçılığı daha çox yaşayanlardır.
Onların
çıxışları, sosial mediada yazdığı statuslar bunu sübut edir. Düzdür, onların bu
statuslarına sosial şəbəkə istifadəçiləri öz sərt mövqelərini bildiriblər. Amma
Ə.Kərimlinin və A.Məmmədovun bu davranışları bir daha nümayiş etdirir ki, onlar demokrat, müxalifətçi
adı altında Azərbaycanın milli-dövlətçilik maraqlarını deyil, işğalçı
Ermənistanın, erməni aşnalarının maraqlarını müdafiə edir, düşmən ölkənin dərdini
çəkirlər.
Əgər belə olmasaydı, sosial şəbəkənin erməni istifadəçiləri onların yazdıqları statusları skrinşot edib öz səhifələrində tez-tez paylaşmazdılar. Belə yerdə deyiblər ki, görünən dağa nə bələdçi?
Rufik İSMAYILOV