• cümə axşamı, 25 aprel, 18:16
  • Baku Bakı 21°C

Güney Azərbaycan məsələsi Avropa Parlamentində müzakirə olunub

28.09.13 10:11 1234
Güney Azərbaycan məsələsi Avropa Parlamentində müzakirə olunub
Bu barədə APA-ya Güney Azərbaycan Demokrat Partiyasının (GADP) sözçüsü Mahmud Bilgin məlumat verib.
Onun sözlərinə görə, Avropa Parlamentinin tarixində ilk dəfə İranla bağlı keçirilən toplantıda Güney Azərbaycan məsələsi də açıq müstəvidə müzakirə mövzusu olub: “Avropa Parlamentinin mənzil-qərargahında keçirilmiş bir saatlıq yığıncaqda Güney Azərbaycanın bir qrup siyasi təşkilatlarının nümayəndələri – GADP sözçüsü olaraq mən, AZOH sözçüsü Əmir Mərdani və xanım fəal Ayda Kərimli iştirak etdik. Toplantıda İranda yaşayan qeyri-fars millətlərinin durumu, Urmiya gölündəki ekoloji fəlakət və azərbaycanlı siyasi məhbusların vəziyyəti barədə məlumat verilib”.
Təmsil Olunmayan Xalqlar və Millətlər Təşkilatının (UNPO) baş katibi Marino Busdachin çıxış edərək, İranda yaşayan millətlərin çətin vəziyyətinə toxunub və onlara qarşı həyata keçirilən ayrı-seçkilik siyasətini pisləyib. Onun sözlərinə görə, Urmiya gölündəki ekoloji fəlakət İran hökumətinin məsuliyyətsizliyindən irəli gəlir: “Çünki bu gölə tökülən çaylarda xeyli bənd inşa edilib. Artıq Urmiya gölünün 70%-dən çoxu quruyub və bu fəlakətdən milyonlarla insan zərər görəcək”.
UNPO baş katibi İranda yaşayan qeyri-fars millətlərindən olan siyasi məhbuslar haqda da danışıb, həmçinin Yeni GAMOH təşkilatının Mərkəzi Komitəsinin 5 üzvünün durumu, onlara qarşı tətbiq olunan işgəncə və təzyiqlərdən narahatlığını bildirib.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun nümayəndəsi, Avropa Parlamentinin xarici siyasət komissiyası katibliyinin birinci direktoru Roberto Olmy isə çıxışında İranda insan haqlarının vəziyyətinə toxunub, rəsmi Tehranın bu məsələdə məsuliyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, UNPO-nun təşkilatçılığı və Avropa Parlamentində İran üzrə Xüsusi Komissiyasının sədrliyi ilə keçirilən “İranda yaşayan millətlər” mövzusunda toplantı oktyabrın 2-də davam etdiriləcək. Yığıncağın ilk çıxışçısı Güney Azərbaycan təmsilçisi olacaq.
Xatırladaq ki, toplantıda Avropa Parlamentinin İnsan Haqları Komissiyasının prezidenti xanım Barbara Loach Bihler və həmin qurumun vitse-prezidenti Andrey Gerjheb, Avropa Parlamentində İran üzrə Xüsusi Komissiyasının prezidenti xanım Taria Kronberg və həmin qurumun vitse-prezidenti Putito Salato, “Amnesty İnternational”ın nümayəndəsi, avroparlamentarilər, ərəb, bəluc və kürd təşkilatlarının nümayəndələri də iştirak ediblər. Yığıncaq Avropa Parlamentinin veb-səhifəsindən canlı yayımlanıb.
banner

Oxşar Xəbərlər