• şənbə, 20 Aprel, 08:29
  • Baku Bakı 14°C

Günəşi “oğurlamaq” üçün Bakıya gələn kino xadimləri - Fotolar

09.04.19 15:07 1095
Günəşi “oğurlamaq” üçün Bakıya gələn kino xadimləri  - Fotolar
S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) professor-müəllim heyətindən və tələbələrindən ibarət 40 nəfərlik nümayəndə heyəti Bakıda qonaqdır. ÜDKİ-nin rektoru, professor Vladimir Malışovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə V.Arxipov, A.Zakirov, İ.Klebanov, V.Menşov, E.Rusinova, V.Fokin, V.Xotinenko, T.Yakovleva, Y.Yaromenko kimi məşhur pedaqoqlar, o cümlədən institutun 25 tələbəsi daxildir. Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi və Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi tədbir «MDB ölkələrinin Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu - VQİK günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi» layihəsi çərçivəsində həyata keçirilir.

Universitetin həyətində qonaqların rəsmi qarşılanma mərasimi keçirildikdən sonra tədbirin açılış mərasimi və mətbuat konfransı baş tutdu. İki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalandı.

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova imzalanan əməkdaşlıq müqaviləsini rəhbərlik etdiyi ali məktəbin tarixi üçün vacib hadisə adlandırdı: «Hesab edirəm ki, bu, həmçinin ÜDKİ-nin tarixi üçün də əhəmiyyətli hadisədir. Bu sənəd bizə sıx əməkdaşlıq etməyə imkan yaradacaq”. C.Mahmudova qeyd etdi ki, bir gün öncə ÜDKİ-ni bitirən məzunlarla keçirilən görüş xoş təəssüratlarla yadda qalıb: "Fərqi yoxdur, həmin institutun məzunu oldu, ya olmadı bu görüş hamıda xoş təəssüratlar yaratdı. Məzunların əksəriyyəti bu görüşdə iştirak etdi və xatirələrini bölüşdülər. Bu, çox gözəl ab-hava idi. Həmin məzunlar indiyə qədər ÜDKİ-ilə əlaqələrini kəsməyiblər. Onların çoxu bizim universitetdə dərs deyir”.

«Bu müqaviləsiz də, bizim qəlbimiz görüşmək üçün bir-birimizə həmişə açıqdır. Təkcə sistemli iş çatışmırdı” deyən ÜDKİ-nin rektoru, professor Vladimir Malışov "Biz rəsmiyyəti o qədər sevmirik, ancaq bu, bəzən lazım olur» - deyə qeyd etdi: «Biz böyük nümayəndə heyəti ilə gəlmişik. Bakını gəzmək, həmkarlarla görüşmək, günəşi bir az sizdən "oğurlamaq”, təcrübəmizi bölüşmək istəyirik. Səfərimiz çərçivəsində tələbələrlə tanış olmaq, ustad dərsləri keçmək və əlaqələr qurmağı nəzərdə tuturuq. Hesab edirəm ki, bu günlər ərzində bizim əlaqələrimiz daha da möhkəmlənəcək və bir-birimizlə daha çox əməkdaşlıq etmək arzuları yaranacaq”. Rektor qeyd etdi ki, məqsədləri daha çox gənc tələbələrlə tanış olmaqdır: "Qoy yaşlı nəsil inciməsin. Tələbələrlə daha yaxından tanış olmaq istəyirik. Bir yerdə işlər görmək, festivallarda iştirak etmək lazımdır. Hamını ÜDKİ-də gözləyirik. Bir də yaxşı plov bişirməyi bacarırıq. İnternetdə resept var, amma ən yaxşısı bunu birlikdə bişirməkdir. Gəlin bu işləri birlikdə yaradıcılıq emalatxanasında həyata keçirək». V. Malışev bu səfərin kino sahəsindəki əlaqələrin inkişafına töhfə verəcəyini bildirdi: "Təbii ki, bütün sahələrdə problemlər var, ancaq bu cür görüşlər aktiv işləməyə sövq edir. Bir çox dünya ölkələri ilə əməkdaşlıq edir, müqavilələr imzalayırıq. Bu ünsiyyəti daha da fəallaşdıracağıq. Bu gün ali məktəblərdə incəsənət sahəsində eyni proqramlar tədris olunur. Ancaq nüanslar fərqlidir. Kimdə nə yoxdursa, o təcrübəni əldə etmək lazımdır. Rusiyada uzun illərdir ki, tələbə festivalı keçirilir və 40-a yaxın ölkə iştirak edir. Noyabr ayında keçiriləcək festivalda sizi də gözləyirik. Orada tələbələrin bir-birləri və müəllimlərlə ünsiyyət qurmasına imkan yaranacaq”. Rektor 10 ildən çoxdur ki, hər yay tələbə məktəbinin fəaliyyətinə dəstək göstərdiklərini bildirdi: "Təxminən 15-20 ölkə həmin məktəbə tələbə göndərir. Orada rejissor, prodüser, aktyorlar fərqli ölkələrdən olur və onlar çəkilişlər həyata keçirirlər. Bu forma tələbələr üçün faydalıdır. Bəzən elə məqamlar var ki, ümumi variantlar tapmaq üçün pul əsas rol oynamır”.

Jurnalistlərin suallarını cavablandıran nümayəndə heyətinin üzvləri gələcəkdə kino sahəsində Azərbaycanın aktyor və rejissorları ilə birgə layihə həyata keçirəcəklərini bildirdilər. "Rusiyada film çəkəndə Azərbaycandan və ya MDB ölkələrindən aktyor dəvət etməyə alışmayıblar. Bu məsələ üzərində işləmək lazımdır. Ancaq başqa ölkələrdən aktyor dəvət etmək üçün heç bir əngəl yoxdur”- deyə Xalq artisti Vladimir İvanoviç Xotinenko bildirdi: "Hesab etmirəm ki, bu, çox ağrılı məsələdir. Bu, filmin məzmunundan, ssenaridən asılıdır. Birgə işləmək üçün yaxşı ssenari yazmaq lazımdır. Hesab edirəm ki, bu cür əlaqələrin gələcəkdə formalaşması üçün ilk növbədə uşaqların ünsiyyəti vacibdir. Bizim ümumi köklərimiz var. Biz bu köklərin üzərində yaradıcılıq əlaqələrimizi daha da möhkəmləndirə bilərik. Təbii ki, gələcək filmlər, əlaqələr olacaq».

Tədbirdə kino sahəsi üzrə institutlar arasında telekörpünün olması təklifi irəli sürüldü: «ÜDKİ tələbələri ilə ünsiyyət lazımdır. Bu, gənclərə, sənətin sirlərini qarşılıqlı öyrənməyə imkan verər”.

Qeyd edək ki, ÜQKİ günləri çərçivəsində bir sıra maraqlı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Aprel ayının 9-da saat 19-da Nizami Kino Mərkəzində Rusiyanın Xalq Artisti, SSRİ Dövlət Mükafatı və Oskar mükafatı laureatı Vladimir Valentinoviç Menşovun yaradıcılıq gecəsi baş tutacaq. Aprelin 10-da saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında ÜQKİ-nin professoru Vladimir Petroviç Fokinin A.M.Volodinin əsəri əsasında quruluş verdiyi «Beş axşam» tamaşası nümayiş olunacaq. Layihə çərçivəsində bir çox ustad dərsləri, seminarlar, treninq və məşğələlər, dəyirmi masalar, sərgilər, konsertlər, film nümayişləri və ÜDKİ-nin məzunları ilə görüşlər keçiriləcək. Qonaqlar həmçinin 11 aprel saat 18.00-da ADMİU-nun tələbəsi RaulyaTürkkanın hazırladığı «Səmavi» tamaşasına da baxa biləcəklər. Həmçinin ADMİU-da ÜDKİ-nin kino klubu da açılacaq.
Mətbuat konfransında iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər