• cümə axşamı, 25 aprel, 13:10
  • Baku Bakı 23°C

Günəş tutulmasından qorxmaq lazım deyil - Şamaxı Rəsədxanası

18.03.15 05:56 932
Günəş tutulmasından qorxmaq lazım deyil - Şamaxı Rəsədxanası
“Risk qrupuna daxil olan insanlar - xroniki ürək-qan-damar xəstələri, ahıllar, uşaqlar gərginlikdən qaçmalıdırlar”
“Martın 15-də Günəş səthindəki 2297 nömrəli çox böyük ölçülü ləkənin yaxınlığında baş verən C9 sinfinə mənsub alışma nəticəsində nəhəng plazma kütləsi (tac kütlə atılması) Günəşdən ayrılıb və kosmik fəzaya doğru atılıb”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin APA-ya verdiyi məlumata görə, Yer ətrafı fəzaya gözlənildiyindən də tez - martın 17-də çatan qaynar plazma buludu Yer maqnitosferi ilə qarşılıqlı təsirdə olub, günün birinci yarısında G1 sinfinə yad olan geomaqnit qasırğası yaradıb.
E.Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi və Günəş küləyinin nisbətən yuxarı sürətə malik olması qasırğanı daha da artırıb. Nəticədə geomaqnit qasırğasını xarakterizə edən əsas indekslərdən biri olan Kp indeksi qısa müddət ərzində 6-ya çatıb (şkalanın maksimumu 9 olmaqla).
Günəş səthində 3 böyük ləkə qrupunun və cəmisi 57 ləkənin müşahidə olunmasına baxmayaraq, Günəşdə alışmaların generasiyası ehtimalı yüksək olaraq qalır. Hətta roentgen sinfinə mənsub olan X-alışmaların da baş verməsi istisna olunmur. Digər tərəfdən, Günəş səthində müşahidə olunan tac dəliklərindən (maqnit qüvvə xətləri açıq olan hissələr) öz başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyi martın 20-21-də əlavə geomaqnit həyəcanlanmasına səbəb olacaq. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən asılı olacaq.
E. Babayevin sözlərinə görə, mart ayının bayram günlərinə təsadüf edən günləri kosmik hava baxımından təlatümlü keçir: “Maraqlıdır ki, geomaqnit qasırğalarının intensivliyində də fəsil asılılığı müşahidə olunur – gecə-gündüz gün bərabərliyi nöqtələri ətrafında olan dövrlərdə fon geomaqnit qasırğalarının intensivliyi nisbətən artır. Martın 20-də baş verəcək Günəş tutulmasını da nəzərə alsaq, mənzərə daha da rəngarəng olar. Martın 15-də İsveçrə və Cənubi Almaniya ərazisi üzərində baş verən meteor partlayışının parıltısı isə bədirlənmiş Aydan da parlaq olub”.
E. Babayev qeyd edib ki, bahar gələndə təbiət kimi, Günəş də oyanır: “Buna təbii baxaq və təşvişə düşməyək. Günəşin şıltaqlığı özü qədər də maraqlıdır. O, sağlam insanlara təsir etmir, sadəcə risk qrupuna daxil olan insanlar - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, aktiv istirahət etməlidirlər”.
banner

Oxşar Xəbərlər