• cümə axşamı, 18 aprel, 11:49
  • Baku Bakı 12°C

Günəş nurlu Nurəngiz Gün

08.06.15 17:52 4633
Günəş nurlu Nurəngiz Gün
“O, ömrünün sonuna qədər Günəş nuru, həyat eşqi ilə yaşayırdı. O, sönmədi, Günəş kimi qüruba endi. Amma ürəklərdə üfüqlər cızdı. O üfüqlərdə Azərbaycan ədəbiyyatı üçün qadın cəsarəti, qadın mərhəməti, qadın sevgisi adlı yeni günəşlər doğacaq. Daha Nurəngiz Gün olmayacaq. Ancaq onun yaratdığı Günlə Azərbaycanda çox nurlar doğulacaq. Bu günün nurundan hər yerə pay düşəcək...” Beynəlxalq Muğam Mərkəzində şairə Nurəngiz Günün xatirəsinə həsr olunan V Azərbaycan Şairlər Günündə səslənən bu fikirlər gecə iştirakçılarını çağdaş poeziyamızın sevgidən, həyatdan güc alan nümunələrinə qonaq etdi.
“Artıq beş ildir ki, Şairlər Günü hər il iyun ayında qeyd olunur. Hər il bu bayramın nakam şairimiz Mikayıl Müşfiqin doğum günündə – 5 iyun tarixdə keçirilməsi qərara alınıb. Həmçinin Xalq şairi Vaqif Səmədoğlu da bu tarixdə dünyaya gəlib. Bu dəfəki Şairlər Günü çağdaş poeziyamızın tanınmış nümayəndəsi Nurəngiz Günün xatirəsinə həsr olunub. Çox sevindiricidir ki, ilk dəfə olaraq Şairlər Günü hər hansı bir şairin xatirəsinə həsr olunur. Bundan sonra hər il Şairlər Günü dünyasını dəyişən bir şairin xatirəsinə həsr olunacaq”,- deyə Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bildirdi.
“Mən ədəbiyyat üzünə, oxucu üzünə utanmadan gəlmişəm. Hər sətirdə, hər yazanda bir Allah bilir ki, ürəyimdən nələr süzülürdü...”, - deyən Nurəngiz Günün insanlara nur çatdırmaq istəyən misraları şairənin köhnə lent yazılarının yaddaşından səsləndi. “Hamını xoşbəxt görmək istəyirdi. Ən çox Vətənini. Çap olunan kitablarının sayı çox olmasa da, hər birində insan, Vətən yanğısı vardı”,- deyə səslənən həzin fikirlərə: “Əgər məndən humanizm əsirgəməmisənsə, buna görə sənə şükür edirəm, Allahım! Buna görə özümdə nikbinliyi öldürməməyə, yaşamağa dəyər”, - deyən şairənin ürək sözləri qarışdı.
Şair nə vaxt ölürsə...

“Azərbaycana şairlər diyarı deyirlər. Bu, Azərbaycanın həm xoşbəxtliyi, həm də bədbəxtliyidir. Xoşbəxtliyidir ona görə ki, Azərbaycanda çox gözəl şairlər yetişib. Bədbəxtliyidir ki, hamı özünü şair bilir”,- deyə çıxış edən Xalq yazıçısı Anar: “Ona görə də bu çətin seçimin içərisindən tarixdə əsl şairlər qalır. Çox yazanlar var, amma tarixdə az yazanlar qalır”,- deyə qeyd etdi. 5 iyunun tarixdə Mikayıl Müşfiq və Vaqif Səmədoğlu kimi şairlərin doğum gününün olduğunu xatırladan AYB sədri: “Müşfiq cəmi 28 il, Vaqif isə 76 il yaşadı. Amma ikisi də vaxtsız getdi. Çünki şair nə vaxt ölürsə, yaşından asılı olmayaraq, vaxtsız ölür. Eləcə Nurəngiz xanım da vaxtsız getdi dünyadan. Yaşından asılı olmayaraq, onun itkisi də bizim üçün vaxtsız və ağır oldu”,- dedi. Anar: “Şairlərin xoşbəxtliyi odur ki, onlar dünyanı tərk edəndən sonra sözləri qalır. Onların davamçıları yaşayır. Biz durduqca və bizdən sonra gələcək nəsillər yaşadıqca ölməz şairlərimizin sözü, şeiri həmişə yaşayacaq”,- deyə qeyd etdi.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli çıxışında Yazıçılar Birliyinin poeziya bayramını hər il keçirmək təşəbbüsünü alqışladı: “Mən fikirləşirəm ki, əgər qədim dövrlərdən başlayaraq bugünkü günə qədər şairlərimizin doğum tarixini yazıya alsaq, 365 günün hər günündə mütləq bir şair dünyaya gəlib. Hətta elə ola bilər ki, bəlkə eyni gündə 2-3 şair dünyaya gəlib. Həmin şairlərin tərcümeyi-halındakı tarixləri, ən önəmli hadisələrin hər birini tarixə çevirsək, demək, Azərbaycanın hər günü poeziya qatı ilə zəngindir”. İ.Həbibbəyli şeir və şair anlayışını təkcə ədəbiyyat və bədii söz kimi düşünmədiyini bildirdi: “Çünki şeir, ədəbiyyat, şair anlayışı yaradıcı anlayışları ilə uyğun gəlir. Ona görə doğru deyiblər ki, əvvəl peyğəmbərlər, sonra şairlər gəlib. Şair xalq və şairlər ölkəsi olmaq yaradıcı xalq və ölkənin müdrik vətəndaşı olmaq kimi anlayışları qəbul edir: “Azərbaycan xalqı şair xalqdır” demək “Azərbaycan xalqı müdrik xalqdır” anlamını ifadə edir. Azərbaycan xalqı bütün istiqamətlərdə yaradıcı xalqdır. Çünki istedad olandan sonra onun şeirdə və həyatın digər sahələrində ifadəsi var”. Böyük ədəbiyyatın əsas qayəsinin mərdlik, Vətən, millət, dil, Ana olduğunu bildirən akademik: “Azərbaycan xalqı şairdir” demək “Azərbaycan xalqı mərddir, vətənpərvərdir, ölkəsini sevəndir” deməkdir”, - deyə səsləndi: “Azərbaycanda Şairlər Gününü qeyd etmək, əlbəttə, ədəbiyyat faktorudur. Bu, ədəbiyyatda seçimə diqqəti yönəltmək üçün son dərəcə əhəmiyyətlidir. Eyni zamanda, böyük ədəbiyyatın ideallarını bugünkü günün gündəminə gətirmək, bundan sonra bədii sözün gücü, yeni nəslin enerjisi ilə ədəbiyyata daha da kömək etmək deməkdir”. Dünyada müstəqil olmaqdan böyük idealın olmadığını bildirən İ.Həbibbəyli qeyd etdi ki, böyük ədəbiyyat həmişə müstəqilliyinin, birliyinin, dövlətinin gücünün uğrunda mübariz keşikçi olub: “Mikayıl Müşfiq bu müstəqilliyi idealda ifadə edən qüdrətli şairlərimizdən biri idi. Vaqif Səmədoğlu isə müstəqillik qazanmış ölkəmizin müstəqilliyinin mahiyyətini, fəlsəfəsini poetik şəkildə dərk olunmağa xidmət edən böyük söz sahibidir. Düşünürəm ki, Nurəngiz Gün öz yaradıcılığının tutumu, qayəsi, üslubu etibarı ilə Müşfiqdən Vaqif Səmədoğluna qədər Azərbaycan şeirini, xalqımızın keçdiyi yolun ağırlığını, zərifliyini, ucalığını ədəbiyyata gətirdi. Bu vəhdət bu gün öz mahiyyətini meydana qoya bilir”.
Bu dünyanın pəncərəsindən baxıb keçənlər

“Bu dünya pəncərəsindən hamımız baxıb keçəcəyik. Ancaq önəmli olan bu dünyada özündən sonra gözəl izlər buraxmaqdır”, - deyən Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslan dedi: “Bu dünyadan gözəl izlər buraxıb keçənlərin hamısına “Salam olsun!” deyirəm”. Nurəngiz Günün bu dünyanın pəncərəsindən baxıb keçdiyini qeyd edən müşavir şairənin özündən sonra gözəl xatirələr və izlər qoyduğunu diqqətə çatdırdı: “O, Azərbaycan xalqı üçün qızı, millət vəkili Jalə Əliyeva kimi bir övlad qoyub gedib”. Artıq Azərbaycandakı missiyasının başa çatdığını diqqətə çatdıran Seyid Əhməd ölkəmizdə çalışdığı üç il müddətində Azərbaycanın mədəniyyət və sosial həyatına aid hər hansı mühüm tədbirə dəstək göstərdiklərini vurğuladı: “Ədəbiyyat, şeirlə dolu və sosial həyatımızın gözəl bir tədbiri olan Poeziya Günündə sonuncu dəfə sizlərlə olmağım mənə qürur verir. İnşallah, gələcəkdə də türk dünyası adına keçirilən bu cür gecələrdə birlikdə olarıq!”
Şeirin, poeziyanın Azərbaycan xalqının qanında, canında olduğunu bildirən Yazıçılar Birliyinin katibi İlqar Fəhmi: “Hər kəsin içində bu cür incə, zərif duyğular var”, - deyə qeyd etdi: “Ona görə də “Azərbaycan xalqı şair xalqdır” deyirlər. Azərbaycan xalqı istər qadın, istərsə də kişi şairlər olsun – böyük sənətkarlar yetişdirib. Mənə elə gəlir ki, əsil şeirə və sənətə qiymət vermək üçün bir az zaman lazımdır ki, ona kənardan baxasan. Çünki böyük sənət yanında olanda bəzən onun böyüklüyünü hiss edə bilmirsən”.
Yazıçılar Birliyinin Moskva şöbəsinin katibi Afaq Şıxlı: “Bu gün bir çox şairlərimiz aramızda yoxdur. O cümlədən “Nə də ölümü düşünüb öldülər” - deyən Nurəngiz Gün kimi şairlərimiz aramızda yoxdur” sözlərini təəssüflə dilə gətirdi: “Ancaq nə yaxşı ki, onların gözəl poeziyaları yadigar qalıb”.
“Türk dünyasının ayrılmaz parçası olan Güney Azərbaycanın salamını məslis iştirakçılarına çatdıran” Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz: “Nurəngiz Gün adı ilə sanki öz taleyini yaşatdı. O, nuru həm Tanrıdan aldı, həm də səpələdi – həm öz həyatına, həm də başqalarının həyatına. Nurəngiz xanımın xatirəsi hamımız üçün əzizdir”,- deyə ürək sözlərini ifadə etdi.
Dünyanın müxtəlif ölkələrindən gecəyə qatılan incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar çağdaş poeziyamızın yeni nümunələri ilə tanış olmaqla yanaşı, milli musiqimizin də dinləyicisinə çevrildilər. Ölkəmizin və rus, gürcü, özbək, türk və s. xalqların ədəbiyyatının təmsilçiləri olan şairlər həyata, dünyaya və insana məhəbbət hissindən yaranmış şeirlərini oxudular. Mərasimdə xarici ölkələri təmsil edən şairlərə “Mikayıl Müşfiq” diplomu və Nurəngiz Günün “Qalanlara” kitabı hədiyyə edildi. Hədiyyə alanlar içərisində Ukraynanın tanınmış radio aparıcısı Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Moskvada yaşayan şairəmiz Nilufər Şıxlı və başqalarının da adı yer aldı. Bir neçə azərbaycanlı qələm sahibinə də “Mikayıl Müşfiq” mükafatı təqdim olundu.
Millət vəkili Jalə Əliyeva anası Nurəngiz Günün xatirəsinə həsr olunan gecəyə görə təşkilatçılara minnətdarlığını bildirdi.
Poeziya Günündə iştirak etdi:
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər