Günəş kimi parlaq “Qoğal”lar...

Günəş kimi parlaq “Qoğal”lar...

13 İyun 2016, 10:35 2751
"Biri var idi, biri yox idi. Bir baba ilə nənə var idi. Bir gün baba nənəyə dedi ki, qoğal bişir. Nənə həvəslə xəmir yoğurmağa başladı. Xəmirdən qoğal hazırlayıb onu xamaya batırdı, yağda qızartdı və soyuması üşün pəncərinin kənarına qoydu”. Və nə baş verdisə, bundan sonra baş verdi. Keçmiş olsa da 1 iyun Uşaqların müdafiəsi günündə bəndəniz gözəl bir tamaşanın qonağı oldu. Tamaşaya keçməzdən əvvəl yaşadığımız həyatın mənası olan bütün uşaqları təbrik edirəm. Seyr etdiyim tamaşa artıq 3 ildir ki, Dövlət Uşaq Filarmoniyasında yaranan "Musiqili Uşaq Teatrı”nın ifasında təqdim olundu. Musiqili Uşaq Teatrı fəaliyyət göstərdiyi zamandan "Şəngülüm, şüngülüm, məngülüm”, "Bremen musiqiçiləri”, "Cırtdan” və "Qoğal” kimi tamaşaları sevimli seyrcilərinə təqdim edib. "Qoğal” tamaşasının ssenarisi və quruluşu Elşad Rəhmanzadəyə, səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, rəqslərin quruluşu Elçin Allahverdiyeva, mahnıların sözləri isə Fikrət Musayeva aiddir.
"Biraz keçdikdən sonra Qoğal dığırlanaraq pəncərədən masaya, ordan da döşəməyə, ordan da qapıya doğru, ordan da eşiyə, ordan da otların üstünə, ordan da artırmaya, ordan da həyətə, ordan da darvazaya, ordan da daha uzaqlara dığırlanmağa davam etdi.” Qəribəsi budur ki, bizim xalq nağıllarını bu gün də oxuyanda onların süjetinin sadəliyindən çirkinmirik. Bu nağılların əsasında uşaqlara məxsus elə bir saflıq var ki, bunu nə qədər axtarsaq da teatr və tamaşalarımızda tapmırıq ki, tapmırıq.
Kuklaları ifa edən hörmətli balaca aktyorlarımız bu nağıl aləminin ümumi fonunda oynayır, rəqs edir, nağılın içərisində əriyib, yox olurdular. Burada rejissorun yozumundan gələn əlvanlıq, rəngarənlik, ritmlik öz əksini rəngli boyalarla tapırdı ki, uşaqların üzündəki sevinc, alqış səsləri gözəl bir ab-hava yaradırdı. Tamaşada rolları: Qoğalı - Emilya, Fidan, Babanı - Vasim, Nənəni - Selcan, Canavarı - Ömər, Nağılçını - pərilər Aysu, Günel, Toplanı - Kənan, Məstanı - Elza, Ayını - Murad, Sevinc, Ziya, Dovşanı - Dəniz, Çobanı - Nicat, Qurbağanı - Nihat, Tülkünü - Mədinə ifa edirlər.
Bu gün aldığım zövqü ifadə edə bilmərəm, çıxış edən uşaqlar o qədər məsum, səmimi və sərbəst idilər ki, onların oyunundan zövq aldım. Çoban rolunu ifa edən Nicat balamız mənim xüsusilə xoşuma gəldi. Hərəkətlərindəki rahatlıq, səsindəki inam onu digərlərindən fərqləndirirdi. Ümumiyyətlə o günü sevgi dolu müasir "Qoğal”ın qonağı olduq.
Aygün Süleymanova
teatrşünas