• cümə, 19 Aprel, 13:13
  • Baku Bakı 25°C

Günəbaxan dənələri

02.01.16 11:57 820
Günəbaxan dənələri

Bir vərəq parçası tapıb ucuna düyün vurdum. Sonra içərisinə günəbaxan dənələrini töküb, oturdum həyətimizdəki daş hasarın üstündə. Uşaq yaşlarında olduğu kimi, yarısını qabıqla, yarısını da təmizləyib yedim, bilərəkdən... Budəfəki kağız parçası sevmədiyim riyaziyyat dəftərinin vərəqlərindən deyildi. O dəftərlərlə vidalaşalı illər olmuşdu. Amma xatirələri hələ də yaşayırdı.

Xatirələri əşyalar kimi həyatımızdan çıxarmaq asan olsaydı...

Bəzən qayıdır insan. Keçmiş bir dostuna yazır məsələn, "necəsən?" deyə. Keçmiş bir sevgiliyə yazır, "salam". Bəzən heç ona da cəsarət edə bilmir. İstəməklə kifayətlənir sadəcə. Geridə qalanlar pis-yaxşı, keçmişimizdirsə, ondan əsla qopa bilmərik. Unutmaqla həll olsaydı, peşmançılıq hissi olardımı heç?! De görüm, geridə qoyduğun dağıntılar yenidən birləşib bina olurmu, yaxud əzdiyin otlar yenidən yaşıllaşırmı? Yox!
Heç nə, heç vaxt əvvəlki kimi olmur...
İstəsək də, istəməsək də yaşayırıq bunları. Bizi heç nə sığortalamır. "Mən bunu əsla etmərəm” dediyimiz şeyləri edirik bir gün. Bax o gün fərqinə varırıq sığortalanmadığımızın. Dəyişirik, qorxuruq. Bilirsiniz, həyatdakı ən böyük qorxu nədir? İstəmədiyin insana çevrilmək. Sevmədiyin bir qonşuna, üzünü belə görmək istəmədiyin universitet yoldaşına, yaxud da ki, üzünə gülməyə məcbur olduğun "insanlara”. Elədirsə, axşam evə gələndə aynanın qarşısına keçib, gözlərinə baxma! Qaçsın baxışların sevdiyinin gözlərindən, özündən. Dəyişildiyini heç özünə də etiraf etmə. Belə də davam et. Dönülməz yollara doğru irəlilə. Ruhun bir dəfə çirkləndisə, geri dönmə, get. "Dəyişmişəm" deyib, barı sənə inananları aldatma. Özün kimilərlə davam et həyatını!
Bəzən etdiklərimizin qurbanına çevrilirik, istəsək də, istəməsək də...
Hərdən qaçmaq gərək. Geriyə baxmadan, nəfəs almadan, harasa tələsirmiş kimi. Sanki axırıncı qatardır və sən ona çata bilməsən öləcəksən... "Totem”lərə inanırsınız? Məsələn, "bu gün işə gecikməsəm, günüm əla keçəcək". Yaxud, "bir saat içində o mənə zəng etsə, deməli, məni sevir". Bunu deyirsən və inanırsan. Bunları yaşamaq gərək. Bəzən də elə gedib günəbaxan dənələrini alıb, kağız qutuya töküb çırtlamaq gərək. Yarısı qabıqlı, yarısı qabıqsız...
Nə qəribədir, bir zamanlar sənə doğma olan nəyəsə gün gəlir kənardan, yad biri kimi baxırsan. Ən qorxulusu da bilirsiniz nədir? Heç nə hiss etmirsən...
Xəyalə Məmmədova


banner

Oxşar Xəbərlər