• çərşənbə axşamı, 19 mart, 11:34
  • Baku Bakı 8°C

Gündə bir alma, həkimə möhtac qalma

11.10.17 09:25 4688
Gündə bir alma, həkimə möhtac qalma
Avropalılar uzunömürlülüyün sirrini düzgün qidalanmada görürlər. Ona görə də "gündə bir alma, həkimə möhtac qalma” deyiblər. Sağlam həyat tərzi uzunömürlülüyün ilk və əsas şərtidir. Uzun və sağlam yaşamaq üçün xüsusilə də qidalarımıza fikir verməliyik.
Bu gün insanlar nəinki 70, 80 yaşı, 90-100 yaşı adlamaq istəyirlər. Bu da olduqca düzgün yanaşmadır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Azərbaycan fizioloqlarının V qurultayında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün qlobal dünyada biotibbi sahədə sensor fiziologiyasının tətbiqi üçün geniş tədqiqatlar aparılır. A.Əlizadə deyib ki, Azərbaycan alimləri də bu sahədə tədqiqatlarını genişləndirməlidirlər.
Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova bildirib ki, hazırda multidissiplenar tədqiqatlara geniş yer ayrılır. Onun sözlərinə görə, fiziologiya elminin müasir mərhələsi biotəbabət istiqaməti ilə xarakterizə olunur. İnstitutun elmi tematikası bütövlükdə herontologiya, neyrofiziologiya sahəsində aparılan tədqiqatlara yönəlib. U.Həşimova bildirib ki, Azərbaycan dünyada uzunömürlülüyün populyasiya səviyyəsində olduğu ölkələrdən biridir: "Azərbaycanda 90-100 yaşa çatmaq normal qarşılanır. Azərbaycanda elə uzunömürlü var ki, ömründə həkimə getməyib".
Biz də həkimə getmədən necə çox yaşamağın mümkün olduğunu öyrənməyə çalışdıq.
Həkim Məlahət Abbasova uzunömürlü olmağın sirrinin təkcə fiziki sağlamlıqla deyil, ruh sağlamlığı ilə də bağlı olduğunu deyir: "Uzunömürlü insanlar əsasən şəhər yerində yox, kəndlərdə yaşayır. Bu isə onların yaşadığı mühitlə əlaqədardır. Təmiz hava, qida bu işdə böyük rol oynayır. Kənd yeməklərinin insan sağlamlığına əhəmiyyətli təsiri var. Digər bir tərəfdən, onlar stress keçirmirlər. Yeni yaranan texnologiyadan uzaq olurlar. Yəni onlar telefondan, kompüterdən istifadə etmirlər. Beyinlərini artıq, lazımsız informasiya ilə məşğul etmirlər. Orada yaşayan insanlarda ruh yüksəkliyi müşahidə edilir, onlarda ruh sağlamlığı da var. Bilirsiniz, insan bədənini incidən ən çox ruhdur. Ruh sağlamlığı isə insanın mənəvi aləmi təmiz, zəngin olanda ortaya çıxır. Dağ zonasında yaşayan insanlara fikir verin, görəcəksiniz ki, onlarda paxıllıq, stress yoxdur. Bu dediklərimizin hamısı uzunömürlülüyün sirridir. Biz şəhər insanları isə yalnız şənbə və bazar günləri təbiət qoynuna gedərək, qidalanmağımıza fikir verərək ömrümüzü bir az daha uzada bilərik. "Fast food” və bu kimi zərərli yeməklərdən uzaq olmaq lazımdır. Daha çox meyvə-tərəvəz yemək və bacardığımız qədər hərəkətdə olmalıyıq. Şəhər adamları təbiət qoynunda çox az olur, bəziləri demək olar ki, heç olmur. Həftə sonlarını belə evdə oturaraq keçirirlər. Təbiət qoynuna getmək, onun gözəlliyindən zövq almaq lazımdır. Bir insan nə qədər dörd divar arasında olar? Bu insana psixoloji tərəfdən də ziyandır. Bundan başqa, yaşadığımız mühitin ekoloji səviyyəsi də sağlamlığımıza təsir göstərir. İnsanın yaşayış tərzindən, işlədiyi kollektivdən, ailə-məişət vəziyyətindən də çox şey asılıdır. Biz adətən işdə və evdə olan problemləri həll etməklə günlərimizi keçiririk”.
Sosioloq Cavid İmamoğlu bir neçə aydan bir, həkim yoxlanışına getməyin vacib olduğunu bildirir: "Həkimə getmədən uzunömürlü olmaq bir az paradoksaldır. Əslində həkimlər və dərmanlar bizim uzunömürlü yaşamağımıza kömək edirlər. Məsələn, dünyada hal-hazırda uzunömürlülük müşahidə olunur. Çünki bir sıra ölümcül xəstəliklərin qarşısı tibbi yolla alınır. Bir ölkədə nə qədər güclü tibb və tibbi sığorta sistemi olarsa, həmin cəmiyyətdə insanlar daha uzunömürlü olar. Azərbaycan reallığında baxsaq, görərik ki, son illərin tendensiyasına əsasən bizdə uzunömürlülük problemi var. Belə ki, insanlar xəstəliyə düçar olurlar və adekvat tibbi müdaxilə görmədiklərinə görə, daha erkən yaşda ölürlər. Ona görə ilk növbədə insanlar sağlam həyat tərzinə üstünlük verməlidirlər. Yəni gündəlik gimnastika, maye qəbulu, qida rasionuna nəzarət və paralel olaraq da həkim qəbuluna getmək. İnsanlar 3, 6 aydan bir həkim yoxlanışına getməli, "cek up” müayinəsindən keçməklə sağlamlıqlarına nəzarət etməlidirlər. Uzunömürlü olmaq üçün insan həm də mənəvi cəhətdən sağlam olmalıdırlar. Meditasiya ilə məşğul olmalı, düşüncələrini, ruhunu məşq etdirməlidir. Stress və digər psixoloji sıxıntılardan uzaq dayanmalıdır.
Sağlam Həyatın Təbliği İctimai Birliyinin sədri Arzu Həsənova "Kaspi”yə açıqlamasında qeyd edir ki, uzunömürlülüyün ən əsas şərti sağlam həyat tərzidir: "Texnika və texnologiyanın inkişaf etdiyi bir vaxtda sağlam həyat tərzi yaşamaq bir az müşkül məsələdir. İndiki dövrün insanları demək olar ki, bütün gün kompüter arxasında əyləşirlər. İnsanları başa düşmək olar, bu onların işidir, amma sağlamlıqlarına da fikir verməlidirlər. Heç olmasa, arada on-on beş dəqiqəlik kompüterdən uzaqlaşmalı, təmiz hava qəbul etməli, idman hərəkətləri ilə məşğul olmalıdırlar. Bundan başqa, məsləhət görərdim ki, işdən sonra günün yorğunluğunu, stressini atmaq üçün mənəvi istirahət etsinlər. Buna misal olaraq, dostlarla görüşüb əylənmək, kinoya və ya teatra, konsertə getmək daha məqsədəuyğundur”.
Günel Azadə
banner

Oxşar Xəbərlər