“Günayın miniatürləri” “Alov qüllələri”ndə - Fotolar
Ötən cümə "FairmontBaku-Flame Towers”-də Azərbaycan və Türkiyənintanınmış
rəssamı, Azərbaycan Rəssamlar İttifaqınınüzvü Günay Mehdizadənin fərqli
formatda sərgisi keçirildi. "Günayın miniatürləri” adlanan sərginin açılış
mərasimində biz də iştirak etdik. Otelin ikinci mərtəbəsinin divarlarını
rəssamın milli-mənəvi dəyərlərə xidmət edən əsərləri öz bəzəyirdi. Bu əsərlər
istiliyi, səmimiliyi və rəngli boyaları ilə göz oxşayırdı.Sərgi xüsusən əcnəbi turistlərin diqqətini cəlb
etmişdi. Onlar Günay xanımın əl işlərini izləyərək Azərbaycan xanımının milli
koloritini, mənəvi dəyərini məhz bu tablolar vasitəsilə öyrənmiş olurdular.
Soyuq, boz divarlara bu əsərlər bir növ istilik, canlılıq qatmışdı.
Sərgidə təqdim olunan əsərlərdə xanımlarımızın milli
bayramımız olan Novruza hazırlıq prosesi əks olunur. Novruz bayramında
xanımların xonça bəzəməsi və süfrədə yer alan milli təamlarımız nümayiş olunur. Günay xanımın əsərlərində
Azərbaycan xanımları milli geyimdə, üzəri xüsusi ornamentlərlə işlənmiş əlbisələrlə
əks olunub. Bu xanımlar milli bayramlarımızda kamança ifa edir, öz ağırlığını
və sanbalını həmin əsər vasitəsilə tamaşaçıya çatdırırlar. Digər bir əsərdə Azərbaycan xanımları bayramda milli rəqslərimizi
nümayiş etdirir. Başqa bir taploda nehrə çalxalayan nənələrimizi görmüş oluruq.
Bu, bir mədəniyyət, bir tarixdir və bunların məhz sərgi şəklində nümayiş etdirilməsi
təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Sərgidə rəssamın 15 miniatür üslublu tablosu yer
alır. Bundan başqa, üzərində müxtəlif tarixi işləmələrin əks olunduğu boşqablar
da müəllifin əl işləri sırasındadır.
"Günayın miniatürləri” sərgisinin müəllifi G.Mehdizadə
bizimlə söhbətində sərgisinin keçirilməsi təklifinin onun üçün bir sürpriz
olduğunu qeyd etdi: "Belə bir təklif alanda çox məmnuniyyətlə qəbul etdim. "Alov
qüllələri” Azərbaycanın bir simvoludur, bura xarici qonaqlarımızın sevərək təşrif buyurduğu
maraqlı bir məkandır. Mənim üçün böyük bir şərəfdir ki, məhz belə bir yerdə miniatür
əsərlərim sərgilənir. Azərbaycanımızın milli-mənəvi dəyərlərinin gələn
qonaqlarımıza təqdim olunması üçün məhz bu vasitədən istifadə olunması
həqiqətən sevindirici haldır. Əsərlərimi izləyən yerli və xarici qonaqlar onlar
haqqında gözəl fikirlər səsləndirirlər. Əlbəttə ki, bu məni çox sevindirir.
Nümayiş olunan miniatürlərdə Azərbaycan xanımlarının timsalında milli-mənəvi dəyərlərimizin
qorunması və gələcək nəsillərə çatdırılmasını əyani şəkildə göstərməyə
çalışmışam. Milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri
böyük olduğu kimi, onun milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi
rolu var. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət
və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz,
milli musiqimiz, muğamlarımız, fərd yaddaşı, etnos yaddaşı, millətin, xalqın
yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Çalışdım
ki, bütün bunları özündə ehtiva edən əsərlərimi sərgidə nümayiş etdirim. Çünki
Azərbaycan xanımı bir zəriflik, gözəllik simvoludur. Mən bu miniatürlərdə həm
xanımlarımızın zərifliyini, həm də milli adət-ənənələrimizi nümayiş etdirməyə
çalışmışam. Aldığım rəylərə və fikirlərə görə, öz istəyimə haradasa nail
olmuşam. Mənə bu sərgini nümayiş etdirməkdə yardımçı olan hər kəsə
minnətdarlığımı bildirirəm. "Alov qüllələri”ndə əsərlərimin davamlı olaraq
sərgilənməsi məni sevindirməklə bərabər, həm də qürurlandırır”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə
müdiri Fikrət Babayev sərginin qonaqları arasında idi. O da Günay xanımın sərgidəki
əsərlərini yüksək qiymətləndirdi. Sərgidə, həmçinin xarici qonaqlar, diplomatik
nümayəndələr də vardı. Onlardan Xorvatiya və Avstriya səfirləri, Türkiyə
səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Əməkdar artist
Suğra Bağırzadə və digər tanınmış insanlar bu sərgidə
iştirak edirdi.
İrfan Çiftçi bizimlə söhbətində bildirdi ki, bu
sərgi təzadların və ziddiyyətlərin görüşməsidir: "İlk olaraq qeyd edim ki,
Günay xanımın bu sərgidə yer alan miniatür əsərləri, millilikdən və ənənələrdən
postmodern dünyaya bir meydan oxuyub. İkincisi isə, Bakının ən modern binasının
modern kafesində bu əsərlərin yer alması günümüzdə dünyanın yaşadığı bir
ziddiyyətdir. Günay Mehdizadənin bu janrdakı əsərləri Novruz mədəniyyətinin
rəngarəngliyini, təndir, nənə, nehrələr, ev və ailə, milli çalğı alətləri və
sair - əslində bütün türk dünyasının əsas dəyərlərini Azərbaycan motivləri ilə
izah edir. Onun əsərləri fərqli ölkələrdəki sərgilərdə özəlliyi ilə dünyaya
açıldı və bu da böyük diqqət çəkdi. Çünki ortada universal əsərlər var.
Mövzular gerçək tərzi ilə orijinaldır. Bu əsəslərdə miniatürdən gələn rəng,
xətlər, xalq rəsmi texnikası, həqiqi tərz müşahidə olunur. Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev Günay xanımın əsərlərini "Miniatürün gənçliyi” deyə izah
etmişdi. Mən isə bu əsərləri dövrümüzün
"Miniatür sayağı rəsmləri” kimi görürəm. Yəni rəssamın özünməxusus bir tərzi
var. Tamaşaçılar üçün belə bir məkanda tarixə və milli dəyərlərə səyahət
etməyin özü bir yaradıcılıq olacaq... Düşünərək və zövq alaraq istirahət etmək
istəyənlər bu sərgini qaçırmasınlar”.
Ümumilikdə sərgiyə qatılan hər kəs bu tip
sərgilərin müntəzəm şəkildə keçirilməsini yüksək qiymətləndirdi. Bildirildi ki,
oteldə daha çox əcnəbi vətəndaşlar olur və məhz burada Azərbaycanın milli-mənəvi
dəyərlərini, o cümlədən tariximizi, mətbəximizi təbliğ etmək olduqca
faydalıdır. Bu xoş amal uğrunda atdığı addıma görə, qonaqlar rəsm əsərlərinin
dili ilə danışan və istəklərini bu vasitələrlə izah edən, həyata keçirən Günay Mehdizadəyə
uğurlar dilədilər.
Sərgidə iştirak edən Səabil rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə
Nuru dedi ki, Günay Mehdizadənin sərgidə nümayiş olunan əsərləri ona xüsusi
zövq verir: "Azərbaycan qadınının belə gözəl və keyfiyyətli şəkildə təsviri
mənə xüsusi zövq yaşatdı. Bu gün izlədiyimiz bu əsərlərdə Azərbaycan koloritləri,
mentalitetini açıq-aydın hiss edə bilirik. Burada Azərbaycan xanımının necə zərif
olması, gözəllikləri, incəlikləri ustalıqla Günay xanım tərəfindən əks olunub. Günay
xanımın işlərini görəndə, artıq müəllifini tanıyıram. Azərbaycanı layiqincə
təmsil edən rəssamımızın fırçasına bələdəm. Ona bu sərgisində də uğurlar arzu
edirəm”.
YARAT Müasir
İncəsənət Məkanınınİctimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri Hökümə Kərimova Günay xanıma uğurlar arzuladı və onun
işlərinin hər zaman seçildiyini qeyd etdi. Bildirdi ki, istedadlı rəssam YARAT
İncəsənət Məkanının ən yaxın dostlarındandır.
Sərginin sonunda otelin idarə heyətinin üzvləri rəssama
xoş sözlərini çatdırdılar. Bildirdilər ki,
Günay xanımın əsərləri otelin divarlarını rənglərə boyadı və oteli daha
da gözoxşayan etdi. Onlar rəssamın istifadə etdiyi boyaların gözəlliyindən bəhs
edərək, bu əsərlərin möhtəşəm əl işləri olduğunu qeyd etdilər. Bu əsərləri
otelin müştərilərinin də bəyənəcəyinə əminlik vurğulandı.
Qeyd edək ki, otelin divarlarında əks olunan
əsərlər iki aydan bir mütəmadi olaraq dəyişdiriləcək. Əsərlərin satışı da
həyata keçirilir. Rəssam yaradıcılıq dövrü ərzində öz üslubunu dörd dəfə
dəyişdiyi üçün hər dəfə fərqli üslublarda olan əsərləri nümayiş olunacaq.
Xəyalə Rəis