• cümə axşamı, 25 aprel, 17:54
  • Baku Bakı 23°C

“Günahı olduğunu bildiyi üçün Leyla Yunus şou düzəldir”

07.05.14 10:30 1711
“Günahı olduğunu bildiyi üçün Leyla Yunus şou düzəldir”
Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus mətbuata müsahibəsində Rauf Mirqədirovun həbsinə, həyat yoldaşı ilə birgə şahid qismində istintaqa dəvət edilmələrinə özünəməxsus şəkildə rəy bildirib. O, 2005-ci ildən Ermənistanla əlaqələr qurmasına toxunaraq, bunu münaqişənin tənzimlənməsinə dəstək, dialoq üçün açıq meydan kimi qələmə verməyə çalışıb. İstintaqdan yayınaraq ölkədən qaçmasına, səfirlik əməkdaşlarının onu müşayiət etməsinə, polis tərəfindən saxlanarkən verdiyi açıqlamalara münasibət bildirərkən isə, hüquq müdafiəçisi özü-özünü ifşa edib. Etiraf edib ki, əvvəlcədən planlaşdırdığı bu “şou” ona lazım idi.
Son günlər mətbuatın gündəmində olan “Xalq diplomatiyası”, Rauf Mirqədirovun saxlanması, hüquq müdafiəçisi Leyla Yunusun istintaqdan yayınması, vətəndaş cəmiyyəti təmsilçilərinin Ermənistana səfərləri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı cavablandırır.
- Akif müəllim, rəhbərlik etdiyiniz təşkilatın və şəxsən Sizin “Xalq diplomatiyası”na münasibətiniz necədir?

- Qarabağ Azadlıq Təşkilatının da, mənim də mövqeyim, münasibətim ənənəvidir. Əvvəl gündən biz hesab etmişik ki, müharibə vəziyyəti davam edənə, torpaqlar işğal altında qalana kimi Ermənistanla hər hansı təmaslar yolverilməzdir. Bu mənada, “Xalq diplomatiyası” da Azərbaycanın milli maraqlarına qəti cavab vermir. Birmənalı mövqeyimiz bundan ibarətdir. Bəzən buna yaxşı don geyindirməyə çalışır və qeyd edirlər ki, cəmiyyətlər arasında gediş-gəliş olmalıdır. Hətta bu məqsədlə Qərb dövlətləri, Avropa ölkələri yetərincə vəsait də ayırırlar. Onlar istəyirlər ki, cəmiyyətlər arasında barış əldə eləsinlər. Əgər Azərbaycan ərazisi işğal altındadırsa və belə vəziyyətdə barış əldə edilirsə, deməli torpaqlar, işğal faktoru yaddan çıxarılmalıdır. Ona görə də “Xalq diplomatiyası” Azərbaycan dövlətinin, xalqının maraqlarına cavab vermir. Təsəvvür edin, Ermənistan sevə-sevə bu layihəyə qoşulur. Ona görə ki, nəticədə Azərbaycan cəmiyyəti işğal faktorunu unudacaq. Bu layihə ilə ölkəmizdə təslimçilik əhval-ruhiyyəsi yayılır. Təbii ki, bu da Ermənistanın maraqlarına uyğundur. Digər tərəfdən, Qərb dövlətləri də bu layihəyə dəstək verir. Ona görə ki, regionda münaqişənin alovlanmasını istəmirlər. Çünki belə vəziyyət onların iqtisadi maraqlarına zərbə vura bilər. Göründüyü kimi, “Xalq diplomatiyası” yeganə olaraq Azərbaycanın mənafeyinə uyğun deyil. Hesab edirik ki, bu kimi məsələlər nəzərə alınmalı, indiki dövrdə “Xalq diplomatiyası”ndan birdəfəlik imtina edilməlidir.
- Vətəndaş cəmiyyəti təmsilçilərinin Ermənistana səfərləri, oradakı müvafiq qurumlarla təmasları Dağlıq Qarabağ münaqişənin həllinə təsir edə bilərmi?

- Müsbət mənada heç bir təsirdən söhbət gedə bilməz. Az-çox vicdanı olan QHT rəhbərləri, digər vətəndaş cəmiyyəti təmsilçiləri də bu gün etiraf edirlər ki, neçə illərdir çabalar göstərilməsinə, Ermənistana səfərlər edilməsinə, hətta xaricdə ermənilərlə görüşlər keçirilməsinə baxmayaraq, hər hansı nəticə yoxdur. Ermənilər öz dediklərini yeritməklə məşğuldurlar. Vaxtaşırı Ermənistan cəmiyyətində keçirilən sosioloji sorğular da sübut edir ki, erməni cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ciddi dəyişikliklər yoxdur. Ona görə də QHT rəhbərlərinin, yaxud da jurnalistlərin Ermənistana səfər etməsindən nə isə gözləməyə dəyməz. Faktiki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 20 ildir dövlət səviyyəsində diplomatik danışıqlar aparılır, yenə də heç bir irəliləyiş yoxdur. Münaqişənin tənzimlənməsi məqsədilə ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir, vaxtaşırı Ermənistana, Azərbaycana səfərlər edir, prezidentlərin və xarici işlər nazirlərinin görüşlərini təşkil edirlər, yenə də vəziyyət dəyişmir. Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, həmçinin Avropa Parlamentinin məlum qətnaməsini yerinə yetirmir, beynəlxalq hüququn tələblərini kobud şəkildə pozur. Üstəlik də bu dövləti heç kim cəzalandırmır, hər hansı təzyiq göstərmir. Belə şəraitdə heç bir səlahiyyəti, ciddi təsir imkanları olmayan hansısa QHT rəhbəri, yaxud jurnalist Ermənistana səfər etməklə nəyə nail ola biləcək? Deməli, vətəndaş cəmiyyəti təmsilçilərinin Ermənistana səfər etmələrində yeganə məqsəd maliyyə vəsaiti əldə etməkdir. Ermənilərlə müştərək layihələr həyata keçirməklə yeni-yeni qrantlar qazanmaqdır.
- Akif müəllim, Rauf Mirqədirovun saxlanmasını da onun Ermənistana səfər etməsi, oradakı xüsusi xidmət orqanları ilə əməkdaşlıq əlaqələri qurması ilə əlaqələndirirlər. Baş verənlərə sizin münasibətiniz necədir?

- Rauf Mirqədirov hələlik saxlanılıb və o, dövlətə xəyanətdə təqsirli bilinib. Bunun nə dərəcədə doğru olub-olmamasını müəyyən etmək üçün məhkəmənin sonunu gözləmək lazımdır. Hələlik onu nə günahkar, nə də tam günahsız hesab etmək olmaz. Lakin təəssüf ki, Rauf Mirqədirovun təmsil olunduğu düşərgənin adamları səbirsizlik nümayiş etdirir, heç bir faktın, sübutun açıqlanmasını gözləmədən onun günahsız olduğunu bildirirlər. Bu, yanlış yanaşmadır. Digər bir qrup isə Rauf Mirqədirova və onun kimilərinə divan tutulmasının tərəfdarıdır. Təbii ki, bu da yanlışdır. Əgər həqiqətən də günahı olacaqsa, o, qanuna uyğun şəkildə cəzalandırılmalıdır. Vaxtilə Leyla Yunusa, Rauf Mirqədirova, eləcə də bu yolda olan digər şəxslərə də xəbərdarlıq etmişdik. Dəfələrlə onlara demişdik ki, bu yoldan çəkinsinlər. Çünki yolun sonundakı təhlükələri görürdük. Amma onlar qətiyyən bizə əhəmiyyət vermədilər və sonda təhlükəli həddə gəlib çıxdılar.
- Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun istintaqdan yayınmaq məqsədilə ölkədən qaçmağa cəhd göstərməsini, bu, alınmadıqda isə polis əməkdaşları ilə kobud rəftar etməsini necə qiymətləndirirsiniz?

- Leyla Yunus və onun kimi bir çoxları adətən insan hüququndan, qanunlardan, beynəlxalq konvensiyalardan danışırlar. Amma bu, özlərinə şamil ediləndə, ya görməzlikdən gəlir, ya da qanunun üstündən “tullanmağa” çalışırlar. İstintaqa dəvət edildiyi halda, ölkədən qaçmağa cəhd etməsi, polislə rəftarı, şou düzənləməsi, təbii ki, heç bir ölçüyə sığmır. Səndən şahid qismində ifadə almaq istəyirlərsə, get ver də. Burda qorxulu nə var ki? Hüquqdan az-çox başı çıxan sadə vətəndaş da bilir ki, istintaqa şahid qismində çağırılan şəxsin ifadəsi alındıqdan sonra sərbəst buraxılır. Əgər onun hər hansı cinayətdə, əməldə əli varsa, yalnız o halda saxlanılır. Leyla Yunus da istintaqa ifadə vermək əvəzinə, xarici səfirliklərə üz tutur, onlardan yardım istəyir, 5 illik viza açdırıb ölkədən getməyə hazırlaşır. Bütövlükdə bu yanaşma yanlışdır. Bununla onlar neçə illərdir söylədikləri fikirlərin əleyhinə çıxmış olurlar.
- L.Yunus “Azadlıq” qəzetinə müsahibəsində sakit həbsin onu qane etmədiyini dilə gətirməklə, əslində məqsədli şəkildə “şou” yaratdığını etiraf edib...

- Hesab edirəm ki, normal adam belə düşünməməlidir. Hər hansı hərəkətin ətrafında “şou” yaratmamalıdır. Adətən günahkar insanlar belə rəftar edirlər. Başa düşürlər ki, gec-tez onların da arxasınca gələcəklər və başlayırlar qabaqcadan hay-küy salmağa. Bununla hadisələri fərqli istiqamətə yönəltməyə, baş verənlərə siyasi don geyindirməyə çalışırlar. Məqsəd cəzadan, məsuliyyətdən yayınmaqdır. Yəqin Leyla Yunus da başa düşür ki, günahları var, ona qarşı kifayət qədər faktlar var və sair. Ona görə də hüquqi müstəvidə bu faktlarla qarşılaşmaq istəmirlər. Məsələni qalmaqal yaratmaqla siyasiləşdirirlər.
- L.Yunus saxlanılan zaman onu aeroporta kimi ABŞ və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələrinin müşayiət etdiyi məlum olub. Sizcə, xarici ölkə səfirliklərinin Azərbaycanın daxili işlərinə qarışması, bu kimi məsələlərdə tərəf kimi çıxış etməsi nə dərəcədə düzgündür?

- Əlbəttə ki, düzgün deyil. Hesab edirəm ki, Azərbaycan hökuməti dərhal həmin səfirlik əməkdaşlarını ölkə üçün arzuolunmaz şəxs elan etməliydi. Amma hansısa etika xətrinə Azərbaycan bunu etmədi. Dəfələrlə müşahidə etmişəm ki, bəzi xarici səfirliklər etik normaları gözləmir, öz səlahiyyət hədlərini aşırlar. Fikrimcə, bu barədə ciddi tədbir görülməlidir ki, digərlərinə də ibrət olsun.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər