• cümə, 19 Aprel, 18:15
  • Baku Bakı 24°C

Günah tələbədədir, yoxsa test üsulunda? Araşdırma

05.11.13 11:07 1740
Günah tələbədədir, yoxsa test üsulunda? Araşdırma
Son günlərdə aktual olan məsələlərdən biri də tələbələrin etiraz aksiyaları keçirməsi oldu. Öncə Dövlət Pedaqoji Universitetinin, ardınca isə özəl Azərbaycan Universitetinin tələbələri ali təhsil müəssisələrində test imtahanlarının açıq imtahanla əvəzlənməsinə etiraz olaraq aksiya keçirdilər. Tələbələrin arqumenti budur ki, 11 il orta məktəbdə, 4 il də ali məktəbdə testlə imtahana öyrəşdikdən sonra birdən-birə semestr imtahanlarını açıq formada verə bilməzlər.
Qeyd edək ki, APU rəhbərliyi semestr imtahanlarının yalnız test üsulu ilə götürüləcəyini elan edib. Universitetlərdə açıq sual sisteminə keçid qərarını belə əsaslandırırdılar ki, test zamanı tələbələr əzbərçiliyə öyrənir və əvvəlcədən testin suallarını taparaq yalnız məhdud səviyyədə imtahana hazırlaşırlar.
Maddi maraq var?
Tələbələr isə məsələnin kökündə başqa məqsədlərin olduğunu iddia edirlər. Azərbaycan Universitetində təhsil alan tələbələrin dediyinə görə, bu, qəsdən edilir: “Birdən-birə açıq suala keçid xeyli sayda tələbənin kəsirinin olması deməkdir. Biz hər kəsirə görə 180 manat ödəyirik. Buradan isə belə çıxır ki, yeni sistemə keçid universitet rəhbərliyinə maddi baxımdan xeyir edir”. Təbii ki, bunlar tələbələrin hamısının fikri deyil. Universitetin 4-cü kursunda təhsil alan və adının çəkilməsini istəməyən xanım tələbə deyir ki, əslində açıq sual yaxşıdır: “Mən də o fikirlə razıyam ki, test əzbərçilik yaradır, üstəlik, müəllimlər özlərini sığortalamaq üçün sualları əvvəlcədən verirlər. Buna görə də açıq sual həm tələbələri, həm də müəllim heyətini sınamaq üçün yaxşı variantdır. Lakin bunu birdən-birə tətbiq etmək haqsızlıqdır. Məsələn, ilkin mərhələdə 50-50-yə prinsipi ilə keçid daha yaxşı olardı. Növbəti semestrdə açıq sualların faizini bir qədər qaldırmaq yolu ilə bir-iki ilə bunu tətbiq etmək mümkündür. Birdən-birə keçid qətiyyən doğru deyil, çünki biz 11 il orta məktəbdə, 4 il də burada testlə imtahan verib o üsula öyrəşmişik”.
Qeyd edək ki, Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov da məsələyə münasibət bildirib. O deyib ki, etiraz edən tələbələr əsasən IV kursun tələbələri və müəyyən fənlərdən kəsiri olanlardır. Rektor qeyd edib ki, həmin tələbələr universiteti qurtara bilməyəcəkləri ilə bağlı müəyyən narahatlıq keçirirlər: “Əslində bu bir təzyiq formasıdır. Bəzi universitetlərdə belə təzyiq forması olmuşdu. Onlar da bir-birinə xəbər veriblər. İndi təzyiq kimi belə hadisələrdən istifadə etmək istəyənlər də var. Gərək universitet də çalışsın ki, təhsilin keyfiyyəti təmin olunsun, müəyyən standartlar gözlənilsin. Amma bundan narazı olanlar da həmişə olur. Bizim mövqeyimiz belədir ki, hər kəs universiteti özü seçib, hüquqi müqavilə imzalayıb və daxili prosedur qaydalarına riayət etməlidir”. E.Qəhrəmanov onu da bildirib ki, tələbələr müraciətlərini ümumiləşdirib verəcəklər və universitet rəhbərliyi yaxın günlərdə yekun qərar verəcək.
“Test üsulu təhsilimizə xoş gəldi, səfa gətirdi”
Təhsil üzrə ekspert, Milli Məclisin Elm və təhsil Komitəsinin keçmiş sədri Şahlar Əsgərov testin üstünlüklərindən danışsa da, bu metodun semestr imtahanlarında o qədər də əlverişli olmadığı qənaətindədir. Ş.Əsgərov moderator.az saytına açıqlamasında bildirib ki, qəbul imtahanlarında test üsulunun tətbiqi daha doğrudur və bunun üstünlükləri daha çoxdur: “Çünki qəbul imtahanlarında qısa zamanda yüz minlərlə iddiaçının biliyinin qiymətləndirilməsindən söhbət gedir. Bu zaman subyektiv faktorlar da aradan çıxmış olur. Hamı bir metodologiya ilə imtahan verir və müəllimin münasibəti burda heç bir rol oynamır. Amma semestr imtahanlarında bir qrupda 20-30, lap uzağı 50 nəfər olur, şübhəsiz ki, bu zaman üzbəüz imtahan daha düzgündür. Çünki bu zaman testdə olduğu kimi tapmaca xarakterli cavablardansa tələbənin düşüncəsini, dünyagörüşünü, biliyini, fənni mənimsəmə bacarığını öyrənmək mümkün olur”.
Ş.Əsgərov bir daha testin üstünlüklərinə və qəbul imtahanlarında məhz bu üsuldan istifadənin zəruriliyinə toxunub: “Sovet hakimiyyəti illərinin sonlarına yaxın insanların ali məktəblərə qəbulla bağlı etibarı xeyli azaldı. Camaat gördü ki, pulu olan gedib istədiyi yerə qəbul olur, o birilər də qalır qıraqda. Məhz bu cür etimadsızlıq dalğasının hakim kəsildiyi bir məqamda Azərbaycanda testin tətbiqinə başlanıldı. Bu gün də mən bunu alqışlayıb deyirəm ki, test üsulu təhsilimizə xoş gəldi, səfa gətirdi. Çünki bu zaman subyektivlik də aradan qalxır, iqtisadi baxımdan da səmərəlidir, çünki əvvəllər qəbul imtahanlarında minlərlə müəllim yay uzunu /20 gün/ qəbullarda iştirak edirdi. Eyni zamanda testin ekspressliyi unikaldır. Bir günə 100 min gənci testdən keçirmək mümkündür. Amma bütün bunlara baxmayaraq razılaşmalıyıq ki, test üsulu semestr imtahanlarında bir o qədər səmərə vermir. Ən azı son on ilin təcrübəsi bunu təsdiq edir. Təzədən 10 il gözləməyə ehtiyac yoxdur“.
“Nöqtə qoymaqla iş bitmir”
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlı da qəzetimizə açıqlamasında bildirdi ki, semestr imtahanlarında açıq sualın tərəfdarıdır: “Əvvəla, onu qeyd edim ki, bu məsələlərə fərqli yanaşmaq lazımdır. Yəni bəzi hallarda tələbələr, bəzi hallarda isə universitet rəhbərliyi haqlı ola bilər. Amma burada əsas məsələ ilk vaxtlarda tələbəli eşitmək bacarığının olmasıdır. Əgər rektorlar, hətta nazir tələbələri dinləyə bilirlərsə, deməli, problem o qədər də həlledilməz deyil. Fikrimcə, bütün hallarda dialoqa ehtiyac var. İnstitut rəhbərləri hər zaman tələbələrlə ünsiyyətdə olmalı, onları dinləməlidirlər. Belə olarsa yaranmış problemlər də aradan qalxar”.
Həmsöhbətimiz qeyd etdi ki, tələbələrin semestr imtahanlarını açıq verməsi tamamilə mümkündür: “Fikrimcə, hətta bu, vacibdir. Çünki açıq imtahan tələbənin inkişafına kömək edir. Testlə, nöqtələmə ilə imtahan mexaniki vərdiş yaradır. Amma yenə də bu məsələni fərdi yanaşma ilə həll etmək lazımdır”. Bəs bunu tədricən etmək daha məqsədəuyğun deyilmi? M.Zülfüqarlı bildirdi ki, bəzi universitetlər bir sıra fənlərdən artıq neçə illərdir ki, açıq sualla imtahan götürürlər: “Heç bir problem yoxdur, əksər tələbələr də razıdır. Düzdür, burada müəyyən səbəblər ola bilər, hansısa tələbə fikrini ifadə etməyi bacarmırsa etiraz edə bilər. Amma məncə, universitetlər ziyalı yetişdirir və tələbələr öz fikrini ifadə etməyi öyrənməlidirlər. Gələcəkdə bunlar mütəxəssis olacaqlar, onda nöqtələr qoymaqla iş bitməyəcək”.
Nazirin münasibəti
Təhsil naziri Mikayıl Cabbarov da məsələyə münasibət bildirib. APA-nın xəbərinə görə, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, imtahanın formasından asılı olmayaraq onların hər biri şəffaf və obyektiv keçirilməlidir. Onun sözlərinə görə, istənilən tələbə və ya tələbə qrupunun imtahanların keçirilməsində hansısa qanun pozuntusuna yol verilməsi ilə bağlı məlumatı varsa, bunun araşdırılması üçün nazirliyə müvafiq müraciətlər etməlidir: “Təhsil Nazirliyi olaraq biz tənzimləyici qurum kimi müvafiq qərarlarımızı və cəzalarımızı verməyə hazırıq. İmtahanın obyektiv və ya qeyri-obyektiv keçirilməsi heç bir şəkildə imtahanın formasından asılı olmamalıdır. İmtahan forması şifahi şəkildədirsə, obyektiv, digər formalardadırsa, qeyri-obyektiv kimi təqdim edilməsi ən azı sadəlövhlük, ya da bilərəkdən məlumatın qeyri-düzgün şəkildə təqdim olunmasıdır”.
Ümumilikdə ali təhsil sistemində biliyin qiymətləndirilməsi ilə bağlı aparılan siyasətə gəlincə, nazir qeyd edib ki, təhsil sistemində qanunun aliliyi təmin olunmalıdır. Təhsil Nazirliyi tərəfindən bu məsələdə mövqeyin birmənalı olduğunu deyən M.Cabbarov bildirib ki, bu, həm təhsil verənlərə, həm də təhsil alanlara aiddir: “Qanun çərçivəsində nizam-intizama riayət edilməlidir. Qanun pozuntuları olarsa, bütün tədbirlərin, cəzaların tətbiq olunması təmin olunacaq”.
Təhsil naziri vurğulayıb ki, təhsil sistemində qiymətləndirmə çox mühüm amillərdən biridir. Onun sözlərinə görə, bu yay keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 19 min müəllim diplomunu əldə edən namizəddən yalnız 1474 nəfərini seçmək mümkün olub: “Bu da öz növbəsində onu göstərir ki, ali təhsildə verilən bilik səviyyəsi heç də obyektiv və şəffaf keçirilən imtahanda tam şəkildə təsdiqlənə bilmir. Bu da universitetləri həm təhsil sistemlərinə, o cümlədən qiymətləndirmə formalarına yenidən baxmağa və təkmilləşmə yolları axtarmağa məcbur edir. Bu, normal bir prosesdir. Ona görə də ali təhsil ocaqlarının bu məsələlər barədə düşünməsi və islahatların, təkmilləşmənin yeni formaların tətbiqi məntiqli və düzgün bir istiqamətdir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər