Gün ərzində pis işləmişik, yoxsa işimiz çoxdur?
Mütəxəssislər deyirlər ki, bir işçi davamlı olaraq iş vaxtından çox
ofisdə qalırsa, deməli, problem var
- Mənim əzizim, işi iş vaxtında görmək lazımdır. Ona görə də adı belə
qoyulub - iş vaxtı.
- Axı bəzən işi çatdıra bilmirsən. Məgər belə olmur?
- Olur. Demək ki, biz gün ərzində pis işləmişik.
"Ailə vəziyyətinə görə”
filmindən olan bu dialoq bir çox kadrı düşündürə bilər. O kadrları ki, iş saatı
bitsə də, onlar hələ də işdə qalırlar.
Düzdür, bəzən şirkətlər və qurumlar işçiləri
vaxtından artıq işdə qalmağa məcbur edirlər. Bununla bağlı məsələyə Prezident
İlham Əliyev də toxundu, bildirdi ki, bizim 8 saatlıq iş günümüz
var. Heç kim ondan artıq işləməməlidir: "Daha çox pula qənaət etmək üçün işçiləri
10, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər
Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər
müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”.
Ancaq bəzən işdən çıxma saatı işçinin özündən asılı
olur və bu zaman bəzi işçilər gec saatlara qədər işdə qalırlar. Maraqlıdır, bir
kadr iş saatından çox işdə qalırsa, işlərini çatdıra bilmirsə, bunun səbəbi nədir?
İş yükü
çoxdur, yoxsa ləng işləyib?
"Caspian Event Organisers” şirkətinin baş
direktoru Fərid Məmmədov bir
müddət öncə "Kaspi”yə müsahibəsində bu mövzuya toxunmuş, bildirmişdi ki, saat
7-dən sonra işdə qalan işçidən şirkətdə izahat tələb edirlər: "Düzdür, sərgilərimiz ərəfəsində biz gec saatlara qədər, həftə sonları
da işləyirik. Lakin çox nadir şirkətik ki, işçi saat 7-dən sonra işdə qalırsa,
izahat yazdırırıq. Niyə işdə qalıb? Səbəbini bilmək istəyirik. İş yükü çoxdur,
yoxsa ləng işləyib? Səbəbini araşdırıb işçinin təkliflərini alırıq. Çatdıra
bilmədiyini görürüksə, mümkündürsə, müddəti uzada bilərik, yaxud əlavə resurs
veririk”.
Rəhbərin üzərinə böyük məsuliyyət
düşür
"Superfon" şirkətinin İnsan Resursları şöbəsinin rəhbəri Tural İslamov deyir ki, biznesin və şirkətdaxili proseslərin
avtomatlaşdırılması, sistemləşdirilməsi şirkət üçün çox önəmli faktordur. Bu
cür şirkətlərdə işçinin iş saatlarından artıq çalışması halları çox az olur:
"Hansı şirkətlərdə ki yuxarıda qeyd etdiyim məsələlər öz həllini tapmayıb, həmin
şirkətlərdə iş saatlarından artıq işləmək halları yarana bilər. Böyüyən və
inkişaf etməkdə olan şirkətlərdə bu kimi hallara rast gəlmək mümkündür. Bu məsələdə
birbaşa rəhbərin də üzərinə böyük məsuliyyət düşür. Rəhbər əməkdaşını yaxşı
tanımalı, sahib olduğu bilik-bacarığı dəqiq bilməli, tapşırıq və iş yükünü müəyyən
edəndə həssas olmalı və qeyd etdiyim məqamları nəzərə almalıdır”.
Bu məsələdə əməkdaşlardan asılı olan məqamlar da var. Tural İslamovun
sözlərinə görə, iş gününə düzgün planlama ilə başlamasaq, effektivlik o qədər
yüksək olmayacaq: "Vaxtın düzgün planlaması (time management) əməkdaşlara vaxt
və enerjilərinə qənaət etməklə yanaşı, həm də iş məhsuldarlığının artması ilə nəticələnəcək.
Bu da həm işəgötürəni, həm də işçini məmnun edəcək. Tapşırılan işin vaxtında və
tələb olunan keyfiyyətdə yerinə yetirilməsində işçinin işə olan məsuliyyəti və
peşəkarlığı da böyük rol oynayır. Təbii ki, işçilərə iş vaxtı özlərini inkişaf
etdirməyə, qabaqcıl təcrübələri öyrənməyə, oxumağa, araşdırma etməyə də şərait
yaradılmalıdır. Bu, ümumi olaraq şirkətin böyüməsinə, inkişaf etməsinə və bazar
rəqabətliliyinin qorunub saxlanılmasına gətirib çıxaracaq. Bunları nəzərə
alaraq, düzgün iş planlaması və proseslərin sistemləşdirilməsinin (ERP sistemlərin
tətbiqi və s.) vacibliyini bir daha qeyd etmək olar”.
Tural İslamov deyir ki, bu məsələlər öz həllini taparsa, iş yükü
düzgün şəkildə bölüşdürülərsə, əməkdaşların işin yerinə yetirilməsi üçün müəyyən
edilmiş saatlardan artıq çalışmağına lüzum qalmaz: "İş saatından sonrakı
saatlar işçinin özünə sərf etməli olduğu vaxtdır və hesab edirəm ki, iş və şəxsi vaxt balansı qorunulmalıdır”.
Bir işçi davamlı olaraq
işdə çox qalırsa...
AZGRANATA
şirkətinin CEO-su və İdarə Heyətinin sədriAnar Bayramov deyir ki, hər bir şirkət rəhbəri işlərin müəyyən olunmuş iş
vaxtında görülməsinə çalışmalıdır: "Bu, həm ümumi iş üçün, həm də işçilərin rifahı
baxımından önəmlidir. İşçilər özlərini xoşbəxt, rahat hiss etməlidirlər. İşçilər
"biz gecə saatları da işləməli deyilik” kimi düşünüb, özlərini basqı, təzyiq
altında hiss etməməlidirlər”.
A.Bayramovun sözlərinə görə, şirkətdə elə mühit olmalıdır ki, lazım gəldiyində,
işçi şirkətin hədəfləri üçün iş saatından artıq qalmağı problem hesab etməsin:
"Şirkət dəyərləri, korporativ mədəniyyəti qanun-qaydanın, müqavilənin, məcəllənin
üzərində olmalıdır. Ancaq şirkət çalışmalıdır ki, işçilərlə qanun dilində
danışmağa ehtiyac olmasın. Elə mühit yaradılsın ki, şirkətin ağır günü, yaxud
vacib hədəfləri olanda, kadr daha çox işləməkdən boyun qaçırmasın. Demirəm ki,
işçi davamlı olaraq hər gün işdən sonra qalsın. Ancaq bəzi məqamlarda heç bir
qanuna istinad etmədən, şirkət dəyərlərinə istinad edərək, lazım gəlsə çox işləməkdə
heç bir problem yoxdur”.
A.Bayramov deyir ki, bir iş yerində hamı işini tez bitirib gedirsə,
ancaq bir nəfər ofisdə qalırsa, bu, həmin şəxsin pis işlədiyini deməyə əsas
vermir: "Ola bilər ki, həmin şəxs iş vaxtından səmərəli istifadə etməyib. Ancaq
bəzən elə aparıcı işçilər olur ki, məcburən belə bir disbalans yaranmış olur. Bəzi
hallarda kiminsə üzərində daha çox iş yığılmış olur. Bu, uzun müddət ola bilməz.
Əgər davamlı belə olursa, deməli, problem var. Bunu müəyyənləşdirmək, problemi
həll etmək lazımdır. Bir işçi davamı olaraq işdə çox qalırsa, burda problem
var”.
Sosial şəbəkə işə mane
olmur
Günümüzdə işçinin işdə çox vaxt keçirməsinin, işlərini vaxtında təhvil
verməməsinin səbəblərindən birinin də sosial şəbəkələr olduğu deyilir. İşdəki
kompüterlərdə sosial şəbəkəni qadağan edən şirkətlər də var. A.Bayramovun sözlərinə
görə, bu, işçinin işi görməsi üçün maneə ola bilməz: "Bizdə çox nadir hallarda
ola bilər ki, işçinin iş vaxtından sonra qalmasına ehtiyac yaransın. Ancaq bizdə
buna məhdudiyyət də yoxdur və hesab edirik ki, o, işimizə heç bir maneçilik törətmir.
Əsas odur ki, işçi ilə münasibətini sən iş vaxtına görə yox, hədəflərə görə
qurasan. Məsələn, bir çox işçilər var ki, sən ona basqı yaratsan, "Facebook”a
girmə, "Youtube”a girmə” və s. qadağalar qoysan, motivasiyası düşəcək. Sosial şəbəkələrin
işin vaxtına mənfi təsiri olduğunu düşünmürəm. Sadəcə elə bir sistem, elə bir rəhbər-işçi
münasibəti qurmalısan ki, işçi özü başa düşsün ki, mən iş günü, iş saatları ərzində
nə qədər sosial şəbəkədən istifadə edə bilərəm. İşçi iş vaxtında çay içir, amma
o bütün gününü çaya sərf etmir. İşi imkan verən qədər içir. Sosial şəbəkədən də
istifadə elə. İşlərin imkan verdiyi qədər”.
Çay içmək, kollektivlə
söhbət, "yox” deyə bilməmək və s.
Mövzu ilə bağlı fərqli təcrübələri olan iki gənclə də həmsöhbət
olduq. Nəzrin
mühasib işləyir, deyir ki, iş saatı
6-da bitsə də, o, çox nadir hallarda 8-dən tez işdən çıxır: "Bu rejimlə işləmək
mənə xoş deyil. O cəhətdən ki, yolum da uzaqdır, demək olar, bütün günüm işdə və
yolda keçir. Səbəbləri ilə bağlı düşünürəm, həll etməyə çalışıram. Özümlə bağlı
olan məsələlər də var, nəyisə "5-10 dəqiqə sonra edərəm” deyirəm, bir də
baxıram ki, 2-3 saat keçib. Eyni zamanda, işlədiyin adamdan da asılıdır”.
Sahib isə hüquqşünasdır. O, iş vaxtını düzgün planlaşdırmaq məsələsində həssasdır:
"Mənim də işdə çox qaldığım məqamlar olur, ancaq bu, həftədə bir, uzağı, iki dəfə
ola bilər. O da özümlə bağlı məsələlərdən dolayı elə alınır. Hansısa işim olur,
ofisə gec gəlirəm. Məcbur olub, o iş saatını kompensasiya edirəm. Ancaq əvvəllər
belə deyildi. Adi çay içməyə, kollektivdə kiminləsə söhbətə, dost-tanışla
telefon danışığına çox vaxtım getdiyini görürdüm, yaxud kiminsə "mənim üçün
bunu təcili et” xahişinə "yox” deyə bilmirdim və nəticədə iş saatım əlimdən
gedirdi. Amma işi təhvil verməliydim. Ona görə, zamanla bu məsələləri tənzimləyərək
rejimə sala bildim”.
Aygün Asimqızı