• çərşənbə axşamı, 23 aprel, 14:22
  • Baku Bakı 24°C

Gülyaz Şabranı vəsf etdi

24.09.13 16:05 1952
Gülyaz Şabranı vəsf etdi
Əməkdar artist Gülyaz Məmmədova mətbuat nümayəndələrinə və sənət dostlarına “Şabran” klipini təqdim edib. Klip Şabranın mənzərəli yerlərində, görməli məkanlarında və Qalaltında lentə alınıb. Klipdə ifaçı Qalaltının ən təhlükəli sıldırım qayalarının üzərində ifası mətbuat nümayəndələrinin marağına səbəb oldu.
Gülyaz Məmmədova təqdimata gələn hər kəsi salamlayıb, klip çəkilişlərindən danışdı. Onun sözlərinə görə, klipin çəkilişləri zamanı böyük riskləri gözə almalı olub: “Əgər bu klip məhəbbət mövzusunda olsaydı, onu təqdim etməyə ehtiyac duymazdım. Klip Şabranı və bizim sevimli bölgəmizi təmsil etdiyi üçün onu təqdim etməyi özümə borc bildim. Bu mahnını mən təsadüf nəticəsində oxudum. Qismət də elə gətirdi ki, bu mahnıya klip çəkdirməli olduq. Əslində “Şabran” mahnısını oxumağı mənə elə adam təklif etdi ki, mən ondan imtina edə bilməzdim. Klip çəkilişləri bizə əziyyət hesabına başa gəldi. Təsəvvür edin ki, dəniz səviyyəsindən 1260 metr hündürlükdə olan Qalaltına çıxdım. Ora çox təhlükəli idi. Sıldırım qayaların əhatəsində mahnı oxuyurdum. Düşünürəm ki, klip üçün bu əziyyətə qatlaşmağa dəyərdi. Klip çəkilişləri bitdikdən sonra da o mənzərələr mənim yuxuma girirdi. Biri var kənardan mənzərəyə baxasan, biri də var ki, həmin sıldırımlı qayanın başında klip çəkdirəsən. Bunlar tamamilə başqa şeylərdir. Sıldırım qayada çəkiliş qrupu üçün də çox narahat idim. Onların da yerinə narahat olurdum. Kənardan isə çox gülməli görünürdük, alpinistlər kimi qayaya çıxırdıq”.
Əməkdar artist uzun illərdir yanbayan olduğu, heç ayrılmadığı bacısı Gülyanaq haqqında da danışdı: “Gülyanaq hazırda Türkiyədə olduğu üçün klip təqdimatında iştirak edə bilmədi. O özü də bu təqdimatda olmağı çox istəyirdi. Onun da bölgələrlə bağlı mahnıları var. Ümumiyyətlə, mən bütün bölgələrimizi sevirəm. Heç birisi arasında ayrı-seçkilik qoymuram. Belə layihələri də davam etdirmək niyyətindəyəm. Belə ki, Şəki, Lənkəran, Göy-göl və başqa bölgələr haqqında mahnılarım var. Düşünürəm ki, bunlar Azərbaycanı vəsf etmək üçün azdır”.
Bəstəkar Tahir Əkbərov çıxışı zamanı bölgələrin vəsfi ilə bağlı bir neçə layihə həyata keçirəcəyini və onunla bağlı “Səni tərənnüm edirəm, doğma Azərbaycanım” adlı silsilə musiqilər bəstələyəcəyini söylədi. Onun sözlərinə görə, həmin layihədə 5-6 mahnının olması layihəni həyata keçirməyə kifayət edər: “Mənim bildiyimə görə, indiyə kimi Şabrana aid mahnı yazılmayıb. Gülyaz xanımın oxuduğu bu mahnı Şabrana həsr olunmuş ilk mahnıdır. Belə layihələrdə iştirak etdiyim üçün fəxr edirəm. Bu, bölgələrimiz haqqında ifa edilən sonuncu mahnı da olmayacaq. Mən Gülyazı iş prosesi zamanı görməmişdim. O, çox çalışqan və mərd qızdır. Mahnıya gəlincə isə, birinci onu deyim ki, mahnı bir quşa bənzəyir. Onun bir qanadı şeir, bir qanadı isə sözdür. Bu gün isə təkcə o amillər, yəni mahnıda şeir və sözün həmahəng olması kifayət etmir. Müğənninin səhnə hərəkəti, mimikası da mühüm rol oynayır. Bütün bu proseslərin hamısı Gülyaz xanımda cəmlənir. Onunla işlədikcə necə potensial gücə malik bir ifaçı olduğunu gördüm. Mahnı isə çox çətin ərsəyə gəldi. Gülyaz orada alpinistləri xatırladırdı”.
Sözügedən klipdə Şabranın Qalaaltı və digər görməli yerləri vəsf olunur. Klipin rejissoru Pənah Eldaroğlu Şabranın sıldırımlı qayalarını geniş planda ekranlaşdırmışdı. Mahnının sözləri Novruz Novruzova, musiqisi isə Tahir Əkbərova aiddir. Klipi izləyən mətbuat nümayəndələri razılıqlarını bildirərək, ifaçının ünvanına xoş sözlər söylədilər.
Təqdimatın sonunda klip bir daha mətbuat nümayəndələrinə təqdim olundu.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər